Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə bərabərlik haqqında qanun layihəsinin hazırlandığını açıqlayıb. O bildirib ki, sənəd yalnız cinsi azlıqların hüquqlarının qorunmasına deyil, həm də Avropaya sığınacaq almaq məqsədilə cinsi orientasiyasını saxta şəkildə təqdim edən şəxslərin qarşısının alınmasına xidmət etməlidir.
Yerevanda “Restart” fondunun təşkil etdiyi “MaskOFF” müzakirələrində çıxış edən Paşinyan Avropada Ermənistandan cinsi orientasiyasına görə köçmüş şəxslərlə rastlaşdığını bildirib.
Baş nazirin sözlərinə görə, bəzi cinayətkar aləmin nümayəndələri Avropada sığınacaq almaq üçün özlərini gey kimi təqdim edərək Ermənistanda təqib olunduqlarını iddia edirlər. O, bu halların ölkədən qeyri-qanuni miqrasiyaya səbəb olduğunu vurğulayıb.
Paşinyan qeyd edib ki, hazırlanmaqda olan qanun layihəsi bu cür halların qarşısının alınmasına da imkan verməlidir.