Qafar Çaxmaqlı: “Kərki Azərbaycana qaytarılmasa, yeni münaqişə riski yarana bilər”

  • “Azərbaycan bu ərazidən imtina etməyəcək. Ermənistan sülh istəyirsə, kəndi qaytarmalıdır!”

Kərki kəndinin Azərbaycana qaytarılması Ermənistanla sülh prosesinin mühüm məsələlərindən biridir. Sherg.az xəbər verir ki, Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı Ermənistan Kadastr Komitəsinin sədri Suren Tovmasyanın Kərkinin hüquqi statusu ilə bağlı son açıqlamasını şərh edərkən bu məsələnin Ermənistanda mütəmadi müzakirə olunduğunu bildirib.

Qeyd edək ki, Suren Tovmasyan Kərkinin Ermənistanın inzibati-ərazi bölgüsü haqqında 2009-cu ildə qəbul edilmiş qanuna hansı əsasla daxil edildiyini bilmədiyini deyərək, məsələnin hüquqşünaslar tərəfindən araşdırılmalı olduğunu bildirib.

Q.Çaxmaqlı Sherg.az-a açıqlamasında deyib ki, Kərki kəndinin Azərbaycana məxsus olmasını inkar etmək üçün heç bir əsas yoxdur:

“Gündəlik olaraq bununla bağlı çoxsaylı fikirlər və mülahizələr səsləndirilir. Kərki kəndinin Azərbaycana aid olmasını inkar edən heç bir əsas yoxdur. Bu, tarixi reallıqdır.

Kərki kəndi də Azərbaycanın digər əraziləri kimi işğala məruz qalıb. Xatırlayıram ki, həmin dövrdə Kərki kəndi Sədərək rayonunun tərkibində idi. Sədərək rayonunun özünə də hücumlar edilmişdi. Hətta Sədərək də işğal oluna bilərdi. Lakin bu, ermənilərə Sədərəyin və ya Kərki kəndinin Ermənistana aid olduğunu iddia etmək hüququ verməzdi.

Paşinyan da dəfələrlə bu fikri səsləndirib. O, Kərki kəndinin Azərbaycan kəndi olduğunu ifadə edib və ermənilərin kəndə verdiyi Tiqranaşin adından imtina edib. Ermənistanın heç bir kadastr sənədi və ya dövlət qurumu bu kəndin Ermənistana məxsus olduğunu təsdiq etmir.

Düzdür, sonradan oraya köçürülən və məskunlaşan əhalinin rəyi nəzərə alınaraq seçkilər keçirilib, kənd inzibati ərazi vahidi kimi qeydə alınıb. Lakin bu, onun Ermənistana məxsus olması demək deyil. Eyni prosesi ermənilər Qazaxın işğal olunmuş kəndlərində də həyata keçiriblər. Bu da işğal faktıdır.

Azərbaycan və Ermənistan arasında 1990-cı illərdə baş verən müharibə nəticəsində bu ərazilər işğal olunub. Eyni vəziyyəti Qazaxın Başkənd kəndi ilə də müqayisə edə bilərik. Başkənddə ermənilər hərbi baza yaratmışdılar və orada yaşayan əhali təhdidlərlə üzləşirdi”.

Ekspert bildirib ki, həmin təhdidləri aradan qaldırmaq məqsədilə əməliyyat keçirilib və ərazidə yaşayan ermənilər oradan çıxarılıb:

“İndi biz iddia etmirik ki, Başkənd Ermənistan ərazisidir.

Ermənistanda da bu məsələyə dair müxtəlif fikirlər səsləndirilir. Bəzi qüvvələr Kərkinin Ermənistana məxsus olduğunu sübut etməyə çalışırlar. Onların iddiasına görə, kəndin Azərbaycana qaytarılması Ermənistanın əsas hissəsini Zəngəzurla birləşdirən avtomobil yolunun fəaliyyətinə mane ola və ermənilərin həmin yoldan istifadəsini çətinləşdirə bilər.

Axı bu, işğal olunmuş ərazidir və yol da həmin ərazidən keçir. Azərbaycan bu kəndə nəzarət etməlidir. Kərki strateji baxımdan Azərbaycan üçün olduqca əhəmiyyətli bir nöqtədir və bu ərazidən imtina etmək mümkün deyil.

Kərki Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə inteqrasiyası baxımından da mühüm əhəmiyyət daşıyır. Bu kənd Sədərəyə bitişik ərazidir və anklav deyil. Ona görə də ərazinin Azərbaycana qaytarılması mübahisə mövzusu ola bilməz.

Ermənilər Kərki ilə Başkəndi dəyişdirməyə çalışırlar. Lakin buna getmək olmaz. Dəfələrlə bildirmişəm ki, bu ərazilərin strateji əhəmiyyəti eyni deyil. Azərbaycan belə bir təkliflə razılaşmamalıdır. Delimitasiya və demarkasiya prosesi ciddi şəkildə aparılarsa, Kərki kəndi Azərbaycanın tərkibinə qaytarılmalıdır. Azərbaycan dövləti bu məsələdə güzəştə getməməlidir”.

Mütəxəssis 2009-cu ildə qəbul edilmiş “İnzibati ərazi bölgüsü haqqında” qanunda Kərki kəndinin adının dəyişdirilərək Tiqranaşin qoyulması məsələsinə də toxunub:

“Mən də bir reportajımda bu məsələyə toxunmuşam. Tiqranaşin adı Böyük Tiqranın adı ilə bağlı deyil. Bu ad kəndin azərbaycanlılardan təmizlənməsi prosesinə rəhbərlik edən bölük komandirinin şərəfinə verilib. Yəni Tiqran konkret şəxsin adıdır. Ermənistanın bütün ərazisində Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsi prosesi həyata keçirilib. Kərki də bu kəndlərdən biridir. Çox yaxşı haldır ki, Ermənistanın dövlət başçısı səviyyəsində də bu kəndin əsl adının Kərki olduğu dəfələrlə dilə gətirilib.

Ermənilərin nəyi araşdıracaqlarına gəlincə, burada araşdırılmalı xüsusi bir məsələ yoxdur. İşğal nəticəsində kənd Ermənistanın nəzarətinə keçib, daha sonra bununla bağlı qanunvericilik aktları qəbul edilib. Həmin qərarlar işğalın nəticəsi olduğu üçün hüquqi baxımdan legitim sayıla bilməz. Məsələyə hüquqi müstəvidə yanaşsaq, Kərki kəndinin Azərbaycana məxsus olduğu aydın şəkildə ortaya çıxar.

Əvvəlki dövrlərdə, o cümlədən sovet hakimiyyəti illərində də Kərki Azərbaycanın, daha dəqiq desək, Sədərək rayonunun tərkib hissəsi olub. Bu tarixi və hüquqi reallıq yenidən mübahisə mövzusuna çevrilməməlidir”.

Müsahibimiz digər anklav kəndlərdən - Sofulu, Bərxudarlı və Yuxarı Əskiparadan da danışıb:

“Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı birgə komissiya fəaliyyət göstərir. Həmin komissiya bu məsələləri müzakirə edəcək. Mübahisəli məsələlərin həlli prosesi davam etdirilə bilər. Bu kəndlər anklav ərazilər olsa da, onların Azərbaycana qaytarılması və quru sərhədlə əlaqələrinin təmin edilməsi məsələsi həll olunmalıdır.

Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsindən sonra bu kimi məsələlər gündəmdə qalmamalıdır. Gələcəkdə yeni münaqişələrə səbəb ola biləcək heç bir problem həll olunmamış saxlanılmamalıdır. Ermənistanın baş naziri də dəfələrlə gələcəkdə münaqişəyə yol aça biləcək problemlərin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Şübhəsiz ki, bu məsələ həllini tapmalıdır. Mən əvvəllər də bildirmişəm ki, əgər ermənilər Kərkini Azərbaycana qaytarmaqdan imtina etsələr, bu, Azərbaycanla Ermənistan arasında yeni münaqişə riskini yarada bilər”.

Q.Çaxmaqlı belə bir vəziyyətin Kərkinin Azərbaycanın tərkibinə qaytarılması ilə nəticələnə biləcəyini söyləyib:

“Ermənistanda da bunu yaxşı bilirlər. Kərkinin Azərbaycana qaytarılması Ermənistanın sülh prosesinə sadiqliyini nümayiş etdirən mühüm addımlardan biri ola bilər. Bu istiqamətdə atılacaq addımlar yeni münaqişə ocağının yaranmasının qarşısını almağa xidmət edəcək. Nə Ermənistan, nə də Azərbaycan yeni münaqişənin baş verməsində maraqlıdır. Düşünürəm ki, bu məsələ yaxın vaxtlarda həllini tapa bilər”.