ABŞ-ın təhdidləri əhəmiyyətsizdir

Ankara terrorçulara qarşı əməliyyatlarını davam etdirəcək



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı baş tutub. Liderlər ikitərəfli əlaqələri, Suriya böhranını müzakirə ediblər. Xüsusən, Suriyadakı təhlükəsiz bölgə ilə bağlı fikir mübadiləsi aparılıb. Danışıqların detalları ilə bağlı mətbuata açıqlama verən Ərdoğan həmkarı ilə söhbətinin konstruktiv olduğunu söyləyib: "Tramp ABŞ hərbçilərini Suriyadan çıxaracaqlarını təsdiqlədi. Təhlükəsizlik bölgəsi olaraq, 20 mil məsafədən danışdı. Bu da 30 km-dən artıq dərinlikdə olan bir təhlükəsizlik bölgəsi deməkdir. Heç bir dini və etnik qrupa fərq qoymadan Suriyadan olan qaçqınlara qucaq açdığmızı, YPG və PYD terrorçularının isə bütün etnik və dini qruplara zülm etdiyini ona çatdırdım. Bu barədə hesabatları onun müşavirlərinə təqdim etdiyimizi də söylədim. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bir neçə gün öncə Türkiyəni iqtisadi sanksiyalarla hədələyib.

Tərəflər arasındakı dialoqu "Şərq”ə dəyərləndirən politoloq Əhəd Məmmədli deyib ki, Türkiyə Menbiç və Fəratın şərqində əməliyyat aparmağa israrlıdır: 

"Afrin əməliyyatı öncəsində də qardaş ölkəyə ABŞ və digərləri tərəfindən buna oxşar təhdidlər, xəbərdarlıqlar edilirdi. Türkiyə fəaliyyətə keçəndən sonra hər kəs sakitləşdi. Çünki gücün qarşısında hər kəs sakitləşir. Menbiç əməliyyatı öncəsi yaşanan oxşar situasiyadır. Birdəfəlik anlamaq lazımdır ki, PKK və YPG-PYD terrorçuları Türkiyə üçün qırmızı xətdir. Bunu amerikalılar da yaxşı bilir. Ona görə də Türkiyənin çızdığı qırmızı xətti keçməyə cəsarət etmirlər. Qardaş ölkə tezliklə hərbi əməliyyatlara başlayacaq və Vaşinqton sadəcə quru bəyanatlar verəcək”.

İsmayıl