ABŞ-ın “Yaxın Şərq” layihəsi var

Bu layihəyə “Kürdüstan dövləti”nin yaradılması da daxildir“


ABŞ Türkiyə-Suriya sərhəddində kürd dövləti yaratmaq istəyir”. Bunu Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib. Onun sözlərinə görə, ABŞ və Avropa İttifaqı PKK, Gülən hərəkatı və İŞİD kimi müxtəlif terror cərəyanlarını açıq şəkildə dəstəkləyir.

Topçu hesab edir ki, bu fəaliyyət Türkiyə üçün açıq-aşkar təhdid deməkdir. Baş müşavir əlavə edib ki, Almaniyanın kürd terrorçulara dəstək verməsi ilə bağlı kifayət qədər faktlar mövcuddur. 

Türkiyə rəsmisinin narahatlığını "Şərq”ə dəyərləndirən politoloq Natiq Mirinin sözlərinə görə, Yalçın Topçunun söylədikləri acı bir həqiqətdir. Ekspert deyib ki, ABŞ-ın "Yaxın Şərq” layihəsi çərçivəsində "Kürdüstan dövləti”nin yaradılması planlaşdırılır: 

"Payız aylarında İraq Kürdüstanında ABŞ-ın dəstəyi ilə "referendum”un keçirilməsi ilə bağlı qərar qəbul edilib. Buna bənzər muxtariyyətin Suriyanın şimalında yaradılması da düşünülür. Artıq planın nişanələri özünü göstərməkdədir. Hər hansı kürd muxtariyyətin yaradılması qonşu ölkələrdə yaşayan kürd toplumlar içində müəyyən narazılıqlara səbəb olacaq. "Kürd dövləti” məsələsi sadəcə Türkiyə yox, digər dövlətlər üçün də ciddi baş ağrısı deməkdir”. 

Analitik bildirib ki, ABŞ Türkiyə sərhədləri yaxınlığında ikinci bir "İsrail dövləti” də yaratmaq istəyir: 

"Amerika yaxşı dərk edir ki, bu cür cırtdan dövlətlərlə Yaxın Şərqdəki proseslərə istədiyi kimi müdaxilə edə biləcək. Həmçinin, Türkiyənin parçalanmasını sürətləndirəcək. Türkiyənin bu yöndə həssas olması və sərt mübarizə aparması zəruridir. Türkiyə-Rusiya yaxınlaşması da bu prosesin tərkib hissəsidir. Düzdür, Türkiyənin ənənəvi "müttəfiqləri” bu yaxınlaşmadan narahatdır. Ancaq qardaş ölkə mümkün təhlükələrdən sığortalanmaq naminə nüvə gücünə sahib Rusiya ilə əməkdaşlıq etməkdə haqlıdır”.

İsmayıl