ABŞ Qarabağın həllinə çalışmayacaq

Amerikalı həmsədrin dediyi sözləri 20 ildir hamı söyləyir


"Dağlıq Qarabağ münaqişəsinə dair yüksək səviyyədə danışıqların başlanmasının vaxtıdır”. Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib. Həmsədrin sözlərinə görə, münaqişəyə dair yüksək səviyyədə ciddi danışıqların başlanmasının və problemin birdəfəlik həll edilməsinin vaxtıdır:

"Moskvada aprelin 28-də keçirilən görüş müsbət haldır. Hazırda həmsədr ölkələrin nazirləri növbəti addım barədə danışıqlar aparır. Çalışacağıq ki, bu danışıqları yüksək səviyyəyə qaldıraq”. Hoqland ABŞ-ın münaqişənin həllinə daha çox cəlb edilməsi məsələsinə belə münasibət bildirib: "ABŞ və Rusiyanın maraqları fərqlidir. Amma bu, o demək deyil ki, biz birlikdə problemləri həll edə bilmərik”. 

Amerika rəsmisinin mövqeyi ilə bağlı "Şərq”ə açıqlama verən Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev bildirib ki, Hoqland müsahibə xatirinə sadəcə deməli olduğu sözləri dilə gətirib. Ekspertin fikrincə, Amerika Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərmir: 

"Hoqlandın dediyi sözləri 20 ildir ki, hamı təkrar edir. Əslində heç kim bunun əksini düşünmür, etiraz bildirmir. Həmsədr söyləyir ki, tərəflərin kompramisə getməyinin vaxtı çatıb. Buna bənzər fikir Ağ Ev rəsmiləri tərəfindən dəfələrlə səsləndirilib. Düşünmürəm ki, Tramp hökuməti Qarabağ münaqişəsinin həllinə ciddi formada baş sındıracaq. Çünki Amerikanın xarici münaqişələrə münasibəti göz önündədir. İndiki ABŞ rəhbərliyi tərəfindən bəyan edilib ki, Ağ Evin Cənubi Qafqaz regionuna müdaxilə etmək niyyəti yoxdur”. Ekspertin fikrincə, hazırda Suriya məsələsi dünyanın əsas müzakirə mövzusuna çevrilib. Bütün Qərb dövlətləri sadəcə Yaxın Şərqdəki proseslərin çözülməsinə çalışırlar: "Təəssüflər olsun ki, Azərbaycan məsələsi, torpaqların işğalı faktı ABŞ tərəfindən gözardı edilir. Əgər bizim regionda da Suriyadakı kimi geniş hərbi əməliyyatlar olarsa, döyüşlər gedərsə, o zaman ABŞ-ın da, Avropanın da bölgəyə müdaxiləsi reallaşar. Amma indiki halda Dağlıq Qarabağ münaqişəsi Ağ Ev üçün uzaqda qalmış mübahisə zonasıdır. Əgər Qərb dövlətləri "problemi dinc yolla həll edin” deyirlərsə, deməli, onların münaqişənin məğzindən və mahiyyətindən xəbəri yoxdur”.

İsmayıl