Cənubi Qafqaz uğrunda mübarizənin həlledici mərhələsi başlanmış kimi görünür“Ağ Ev bəzən situasiyaya uyğun olaraq, müvəqqəti geri çəkilir. Ancaq sonradan uyğun situasiyada bunun əvəzini artıqlamasıyla çıxır”
ABŞ-ın M1A2 Abram tankları "Layiqli tərəfdaş” təlimlərində iştirak etmək üçün Gürcüstana gəliblər. Bu ölkə mediası tankların hazırda Vaziani poliqonunda yerləşdirildiyi barədə məlumat yayıb. Hərbi texnika Bolqarıstanın Varna limanından yüklənərək Batumiyə gətirilib. Məlumat üçün bildirək ki, təlimlər mayın 11-dən 26-na qədər davam edəcək. Təlimlərdə 1300 hərbçi iştirak edəcək. Onların 650 nəfəri amerikalı, 150 nəfəri britaniyalı hərbçi olacaq.
Amerika tanklarının Gürcüstana gətirilməsini şərh edən politoloq Elçin Xalidbəyli "Şərq”ə söyləyib ki, bütün bunlar ABŞ-ın Cənubi Qafqaz siyasətindəki yeni mərhələnin təzahürləridir.Ekspertin sözlərinə görə, Cənubi Qafqaz uğrunda mübarizənin həlledici mərhələsi başlanmış kimi görünür: "Əslində bu, vaxtilə yarımçıq qalmış mərhələdir. Çünki vaxtilə ABŞ Gürcüstanın və Ukraynanın NATO-ya tam hüquqlu üzv qəbul olunması ilə bağlı prosesə start vermişdi. Hətta Gürcüstanın NATO-ya tam hüquqlu üzv qəbul ediləcəyi tarix də rəsmən elan edilmişdi. Bu, baş tutsaydı, Cənubi Qafqaz Rusiya üçün itirilmiş məkana çevriləcəkdi və bu region NATO-nun təsir dairəsinə keçmiş olacaqdı. Ancaq həmin proses yarımçıq qaldı. Çünki o dövrdə Rusiyanın həm dünyada, həm də Cənubi Qafqaz regionunda təsir gücü yüksək səviyyədə idi. Ona görə də, Ağ Ev həmin dövrdə Gürcüstanın NATO-ya tam hüquqlu üzvlüyünü reallaşdıra bilmədi. Üstəlik, hərbi qarşıdurma da baş verdi. Rusiya Gürcüstanın NATO-ya üzvlüyünü qeyri-mümkün etmək üçün bu qonşu ölkəyə qoşun yeritdi. Hətta rus qoşunları paytaxt Tiflisin 60 kilometrliyinə qədər irəlilədi. Nəticədə ABŞ-ın Cənubi Qafqaz planlarının reallaşdırılması yarımçıq qaldı. İndisə Ağ Ev vaxtilə yarımçıq qalmış planlarının reallaşdırılmasına başlayıb. ABŞ Gürcüstanda möhkəmlənməklə Cənubi Qafqazın Rusiyanın təsir dairəsindən tamamilə çıxarılmasında israrlı olduğunu sezdirir. Rusiyanın hazırda nisbətən zəiflədilmiş vəziyyətdə olması ABŞ-ın öz hədəfinə çata biləcəyi ilə bağlı ehtimalları gücləndirir”.
E.Xalidbəyli diqqətə çatdırıb ki, ABŞ Gürcüstanı Rusiyaya güzəştə getmək niyyətində deyil: "Əksinə, Ağ Ev Gürcüstanı Cənubi Qafqazın Rusiya təsirindən çıxarılması prosesində önəmli strateji məkan hesab edir. Ona görə də, ABŞ üçün Rusiyanın atacağı cavab addımlarından daha çox öz maraqları önəm daşıyır. Ağ Ev bəzən situasiyaya uyğun olaraq, müvəqqəti geri çəkilir. Ancaq sonradan uyğun situasiyada bunun əvəzini artıqlamasıyla çıxır. Oxşar davranışlar vaxtilə həm Ukraynada, həm də bir müddət öncə Suriya ətrafında müşahidə edilib. Hazırda belə anlaşılır ki, Cənubi Qafqaz Rusiyanın təsir dairəsindən tam çıxa biləcəyi dövrə doğru irəliləyir. Və Cənubi Qafqaz dövlətlərinin hər biri belə bir yeni situasiyaya indidən hazırlaşsalar, daha yaxşı olar”.
Politoloq onu da əlavə edib ki, əksər hallarda kiçik dövlətlərin hansı superdövlətə daha çox yaxınlaşması o qədər də böyük əhəmiyyət daşımır: "Çünki mübarizə sperdövlətlər arasında cərəyan edir. Hansı tərəfin təsir gücü daha ağır bassa, kiçik dövlət də elə həmin superdövlətə yaxınlaşmaq məcburiyyətində qalır. Bu baxımdan, rəsmi Tiflis Saakaşvilidən sonrakı dövrdə ikibaşlı oynamaq vəzifəsinin öhdəsindən bacarıqla gəldi. Həm Rusiyanın qəzəbini kənarlaşdırdı, həm də ABŞ və Qərblə münasibətləri isti saxladı. Ola bilsin ki, dediyiniz kimi, Gürcüstanın tutacağı istiqamət növbəti parlament seçkilərinin nəticələrinə uyğun olaraq, dəqiqləşməyə başlayacaq. Digər tərəfdən, hazırda Cənubi Qafqaz regionunda cərəyan edən geopolitik proseslər də parlament seçkilərinin nəticələrinə təsir göstərə bilər. Yəni ABŞ-ın təsir gücü Rusiyanın regional mövqelərini üstələyərsə, Gürcüstandakı parlament seçkilərində Qərbyönümlü qüvvələrin qələbə şansları ön plana çıxa bilər. Bütün bunları nəzərə aldıqda, Cənubi Qafqaz regionunda yaxın illərdə kifayət qədər ciddi dəyişikliklərin baş verəcəyi və yeni geopolitik situasiyanın yarana biləcəyi qətiyyən istisna deyil”.
Ayyət Əhməd