Ekspertin fikrincə, rəsmi Ankara Vaşinqtonun hiylələrinə inanmamalıdır
"ABŞ Türkiyə ilə itirilmiş inamı bərpa etmək istəyir”. Bu barədə ABŞ dövlət katibi Reks Tillerson Amerikanın İstanbuldakı Konsulluğunda çıxışı zamanı bildirib. Tillerson bildirib ki, iki ölkə qarşılıqlı şəkildə inamı bərpa etməyə başlamalıdır:
"Düşünürəm ki, Ankara və Vaşinqton arasında yeni inam bərpa edilməkdədir. Ümid edirəm, bu qarşılıqlı inam yeni əlaqələrin bazası rolunda çıxış edəcək. Məlumdur ki, ABŞ və Türkiyə arasındakı gərginlik Türkiyədə ötən ilin 15 iyulunda baş tutan hərbi çevriləşə cəhddən sonra baş verib. Məhz bu məsələyə görə, Ankara Vaşinqtondan Fətullah Gülənin Türkiyəyə ekstradisiyasını tələb edir, lakin Türkiyənin bu yöndə ümidləri hələ ki doğrulmur”.
ABŞ rəsmisi vurğulayıb ki, Vaşinqtonun Suriyada İŞİD dəstələrinə qarşı döyüşən YPG kürd polislərini silahlandırması da Türkiyənin narazılığına səbəb olub:
"Türkiyə hökuməti belə anlayır ki, Vaşinqton YPG-ni silahlandırıb Türkiyəyə qarşı yönəltmək istəyir. Amma Vaşinqtonun niyyəti bu deyil”. Onu da xatırladaq ki, Hamburqda G-20 sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında 20 dəqiqəlik görüş olub.
Prezidentlər Suriya məsələsini müzakirə ediblər. Amerika-Türkiyə yaxınlaşmasını şərh edən politoloq Natiq Miri "Şərq”ə bildirib ki, ABŞ sadəcə boş vədlər verməklə məşğuldur, Vaşinqton indiyə kimi verdiyi vədlərin heç birini reallaşdırmayıb. Analitik düşünür ki, son açıqlamalar da Ankara hökumətinin başını qatmaqdan başqa bir şey deyil:
"Suriyanın Rakka şəhərində ABŞ-ın rəhbərlik etdiyi koalisiya YPG silahlıları ilə birlikdə İŞİD-ə qarşı mübarizə aparır. Rakka şəhərinin demək olar ki, dörddə bir hissəsi azad olunub. Ancaq buna rəğmən azad edilən ərazilər ciddi mənada qoruna bilmir. Bu da ABŞ koalisiyasının Türkiyəsiz çox aciz olduğunu göstərir. Belə məqamda Türkiyə tərəfi sərhədi təhdid edən kürd terrorçularını Afrin şəhərində zərərsizləşdirmək istəyir.
Əgər Ankara hərbi əməliyyatlara başlayarsa, Rakkada olan kürd terrorçular regiondan çəkilərək Afrin kantonuna doğru irəliləmək məcburiyyətində qalacaqlar. Türk ordusunun Afrinə hərbi müdaxiləsinin qarşısını almaq üçün ABŞ min oyundan çıxır”.
Ekspertin fikrincə, rəsmi Ankara Vaşinqtonun hiylələrinə inanmamalıdır:
"ABŞ rəsmisi sözlərində səmimidirsə və etiraf etdiyi kimi 15 iyul hadisəsini törədənləri terrorçu kimi tanıyırsa, onda FETÖ liderini hansı əsasla Türkiyəyə verməkdən imtina edirlər?! Amerika səmimi deyil, Türkiyə sözdən daha çox əmələ fikir verməlidir. Afrin ətrafında hərbi əməliyyatları qəfildən başlamaq və terrorçuları bu ərazidən qovmaq lazımdır. Əks təqdirdə Türkiyə Membiçdə qarşılaşdığı siyasi oyunlarla yenidən qarşılaşacaq. Bir daha deyirəm, ABŞ Rusiya kimi etibarlı ortaq deyil”.
İsmayıl