"ABŞ və İran arasındakı proseslər daha da sərtləşəcək” - Kim uduzacaq ?

"Son zamanlar Suriya və İraqda baş verən hadisələr ABŞ-İran münasibətlərinin daha da gərginləşməsinə, sanksiyaların yenidən gündəmə gəlməsinə səbəb olub”.
Bunu "Sherg.az”a Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib.
O qeyd edib ki, hər iki ölkə tərəfindən qarşılıqlı ittihamlar səsləndirilir:
"ABŞ prezidenti İrana qarşı tətbiq etdiyi sanksiyaların sentyabr ayının 4-dən sonra daha da sərtləşdirilməsinə bir daha baxacaq. Bu mərhələdə ABŞ-ın müttəfiqləri olan ölkələr də prosesə qoşulmağa başlayıb. Məsələn, Fransanın "Total” neft şirkəti, Yaponiya kimi alıcılar İrandan neft alışını dayandıracağını bəyan etdi. Yaponiyanın hətta maliyyə qurumları belə İranla maliyyə əməliyyatlarını dayandıracaqlarını bildiriblər. Bütün bunlar göstərir ki, ABŞ və İran arasındakı proseslər gərginləşməkdə davam edəcək. Sanksiyalar isə qeyd etdiyim kimi, əvvəlki dövrlərlə müqayisədə daha da sərtləşəcək”.
S.Soltanın fikrincə, İranda problemlərin artması hakimiyyət daxilində, xalq və hakimiyyət arasında narazılıqların artmasına, ciddi qarşıdurmaların yaranmasına gətirib çıxara bilər:
"Prosesin etiraz aksiyalarına çevrilməsi mümkündür. Əvvəlki hadisələr də bunu təsdiqləyir. Məsələn, ötən il dekabr ayının sonunda, bu il iyun ayında İranda baş verən etirazlar qiymətlərin birdən-birə artması, İranın pul vahidinin dollar qarşısında ucuzlaşması səbəbindən baş verdi. Ona görə, ABŞ-ın İrana qarşı sanksiyaları sərtləşdirməsi ölkədə daha ciddi, kəskin proseslərin baş verməsinə səbəb ola bilər”.
Qeyd edək ki, Tramp administrasiyası İranda etirazları gücləndirmək, Tehranın nüvə proqramına və militant qruplara dəstəyinə son qoymaq məqsədilə tənqidi məzmunlu məruzələr və internetdə kommunikasiyalarının da daxil olduğu geniş kampaniyaya başlayıb. Bunu məsələ ilə bağlı məlumatı olan ABŞ rəsmiləri bildiriblər.
Aysel Aslan