"Avropa mətbuatında Azərbaycana qarşı tirajlanan absurd, saxta və xöşagəlməz məlumatların arxasında ermənilərin də "əli" var”.
Bunu "Sherg.az”a politoloq, siyasi elmlər doktoru Cümşüd Nuriyev bildirib.
Onun sözlərinə görə, beynəlxalq təşkilatların 90 faizi ABŞ Kəşfiyyat İdarəsinin birbaşa yardımı əsasında fəaliyyət göstərir:
"ABŞ və qərb dövlətləri dünyada öz iqtisadi maraqlarını təmin etmək üçün bu yolla həmin dövlətlərin resurslarına boğaz ortağı olmağa çalışırlar. Hətta bəzən məqsədlərinə nail olurlar. Həmin dövlətlərdə insan azadlığı kimi məsələlərə diqqət çəkməklə özlərini demokratiya carçısı kimi göstərməyə çalışırlar. Amma əslində demokratiyadan çox uzaq olaylarla məşğul olurlar. Hazırda beynəlxalq təşkilatlar özlərinin maliyyə gəlirlərini artırmaq məqsədi güdür.
Ona görə də, çalışdıqları qədər gənc dövlətlərə, əhalisi, ərazisi az olan ölkələrə təzyiq göstərirlər. Fransa, İtaliya, Almaniya, Böyük Britaniya və ABŞ-da kifayət qədər siyasi məhbus var. Lakin heç bir beynəlxalq təşkilat bu barədə danışmır. Çünki ABŞ başda olmaqla onlar özlərini dünyanın ağası hesab edirlər".
Politoloqun qənaətincə, həmin ölkələrin məqsədi məhz Azərbaycanda da sabitliyi pozmaqdır:
"Onların niyyəti Ukrayna, Gürcüstan və digər ölkələrdə olduğu kimi, Azərbaycanı da xaosa sürükləməkdir. Eyni zamanda həmin beynəlxalq təşkilatların maliyyə mənbələrini bir balaca nəzər saldıqda onlar içərisində erməni şirkətlərinin, ayrı-ayrı ermənilərin "əli"nin olduğunu görərik. Yəni Ermənistan çalışır ki, öz daxilindəki ağır vəziyyəti Azərbaycan başda olmaqla digər ölkələrə daşısın. Bunun üçün də hər bir xırda məsələni böyüdüb, gündəmə gətirirlər.
Hər dəfə eyni adamlar fikirləri ilə özlərini cəmiyyətə "süddən çıxmış ağ qaşıq" kimi göstərməyə çalışırlar. Ona görə də, mətbuat bunların üzərinə çox getməməlidir. Çünki belələri mətbuatın onlar haqqında çox danışmağını istəyirlər. Fikrimcə bu kimi məsələlərdən kifayət qədər uzaq olmaq lazımdır. Olara çox fikir verməyə ehtiyac görmürəm”.
Qeyd edək ki, son günlər Azərbaycanı sevməyən məlum dairələr, qərəzli Qərb təşkilatları və onların ölkəmizdəki əlaltıları növbəti dəfə dövlətimizi hədəf alıblar. Dünyanın bir çox bölgəsində hər gün baş verən zülmləri, işgəncələri, polis-xalq qarşıdurmasını görməzdən gələn, onlar barəsində bir cümlə belə xəbər dərc etməyən, hər hansı tələb irəli sürməyən məkirli qurumlar Azərbaycandakı ən xırda olayı şişirdərək, qanunsuz hərəkətlərinə görə, həbs olunmuş bloger Mehman Hüseynovu "jurnalist” kimi təqdim edərək rəsmi Bakıya təsir göstərməyə cəhd edirlər.
Kənan Eynuroğlu