ABŞ və Türkiyə məqsədinə çatıb





İlk illərdə İran və Rusiya Suriya rəhbəri Bəşər Əsədin hakimiyyətdə qalmasını dəstəkləyirdi. Lakin Türkiyə buna qəti surətdə qarşı çıxırdı. Sonrakı proseslər isə Ankaranın mövqeyini bir qədər yumşaltdı. Artıq Türkiyə Rusiyanın Suriya siyasətinə yaxınlaşır və hətta Əsədin hakimiyyətdə qalmasına çox etiraz etmir.

Xatırladaq ki, Soçidə keçirilən Rusiya, Türkiyə və İran görüşündən sonra Suriya rəhbərliyi ilk açıqlamasını verib. Əsəd 6 ildir davam edən savaşı bitirmək üçün dialoqa açıq olduğunu bildirib. Amma açıqlamada YPG-nin danışıqlar masasına oturub-oturmayacağına dair məlumat verilməyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Bəşər Əsədlə əməkdaşlığın bərpasını istisna etməyib. Şərhçilərin fikrincə, Rusiyanın Əsədi yenidən siyasi səhnəyə qaytarması Kremlin maraqlarına xidmət edir. Amma əksəriyyət hesab edir ki, Əsədlə hər hansı razılaşmanın və ya sövdələşmənin bağlanması mümkün deyil.
Prosesləri "Şərq”ə dəyərləndirən politoloq Vasif Əfəndiyev deyib ki, Suriya və Rusiya prezidentlərinin Soçi görüşündən sonra Putinin mətbuat xidmətinin katibi Dmitri Peskov bəyanat verdi. O dedi ki, "Suriya məsələsinin siyasi həlli prosesinin başlanması zəmini yarandığı üçün hərbi əməliyyatların dayandırılması nöqtəsinə gəlmişik”. Bu sözlər artıq bölgədə yeni şəraitin yaranmasına bir işarədir. Hərbi əməliyyatların keçirildiyi müddətdə Rusiya ordusu Əsəd rejiminin müdafiəçisi qismində iştirak etsə də, ölkəni dağıntılardan xilas edə bilmədi. Münaqişə zamanında demək olar ki, Suriyanın iqtisadiyyatı tamamilə çökmüş duruma gəldi. ABŞ və Türkiyə öz məqsədlərinə daha çox çatdılar. Türkiyə proses zamanında PKK və İŞİD qüvvələrinin zəiflədilməsinə nail ola bildi. ABŞ isə Kərkükdə neft bazarını ələ keçirtdi. Lakin Rusiya müdaxilədən real dividend əldə edə bilmədi”. Ekspertin sözlərinə görə, Rusiya Suriyaya müdaxilə edərkən əsasən Ukrayna barədə düşünürdü: "Putin hesab edirdi ki, Suriyada ABŞ-ın maraqlarına ciddi şəkildə mane olarsa, Qərb Ukrayna məsələsində güzəştə gedəcək. Lakin bunun əksinə olaraq, Ukrayna qərbə inteqrasiyanı dərinləşdirdi. Hərbi əməliyyatların davamlı olması və uzun çəkməsi iqtisadi zorluq içində olan Rusiyanı hərbi əməliyyatları zəiflətməyə məcbur etdi. Türkiyə isə bölgədə hərbi üstünlük qazandı. Bundan sonra Türkiyə bölgədə daha aktiv iştirakçı olacaq. Əsədin Putinlə görüşü isə çarəsinə dərman axtaran xəstənin vəziyyətini xatırladır. Bəşər Əsədin gələcək Suriyanın ssenarisiində yeri yoxdur”.
İsmayıl