Adam istəyir ki, insanlarla təmasda olsun

Deputatın metrodan istifadə etməsində qeyri-adi heç nə yoxdur
Xarici ölkələrdə nazirlər işə velosipedlə gəlirlər



Bir neçə gün öncə deputat Naqif Həmzəyevin metrodan istifadə etməsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Deputat metro vaqonunda ayaqüstə dayanaraq telefon ilə məşğul olarkən fotokameralara tuş gəlib.

Millət vəkili açıqlamasında deyib ki, uzun illərdir ki, ictimai nəqliyyatdan istifadə edir: "Qatarda şəklimin çəkilməsinə nə deyə bilərəm ki!.. Bu, adi haldır. Foto "Elmlər Akademiyası” stansiyasında qatarda gedərkən çəkilib. Neçə ildir ki, ictimai nəqliyyatdan istifadə edirəm. Gəncədə də işə çox vaxt piyada gedirəm. Burada qeyri-adi heç nə yoxdur”.

Qeyd edək ki, deputatın metrodan istifadə etməsi sosial şəbəkələrdə geniş müzakirə olunub. Əksəriyyət baş verən hadisənin tamamilə normal olduğunu bildirsə də, bir qism şəxslər deputatın ictimai nəqliyyatdan istifadəsinin sadəcə göstərici olduğunu deyir.

Sosioloq Əhməd Qəşəmoğlu "Şərq”ə açıqlamasında belə müzakirələrin aparılmasına olduqca təəccübləndiyini deyib. O bildirib ki, hansısa statusa malik olan birinin ictimai nəqliyyatdan istifadəsi qeyri-adi hal kimi qarşılanmalı deyil: 

"Cəmiyyətimizdə nə baş verir, cəmiyyət nə vəziyyətə düşüb? Deputat metrodan istifadə edirsə, burda qeyri-adi nə var axı? Belə bir mövzu müzakirə oluna bilərmi? Bu, adı bir haldır. Xarici ölkələrdə nazirlər işə velosipedlə gəlirlər. Skandinaviya və Avropa ölkələrində də vəzifəli şəxslər ictimai nəqliyyatdan istifadə edirlər. Mən 5 il Milli Məclisin elmi tədqiqat mərkəzinin rəhbəri kimi çalışmışam və yüksək statusum olub. 

O zamanlar da avtobusdan və metrodan istifadə edirdim. Xidməti maşın da var idi, amma həmin maşında gedərkən darıxırdım. Adam istəyir ki, insanlarla təmasda olsun, ətrafında nə baş verdiyini görsün. Ona görə çox təəssüf edirəm ki, cəmiyyətimizdə artıq belə mövzular ətrafında müzakirələr gedir. Belə bir hadisə müzakirə olunmalı deyil. Çünki qeyri-adi heç bir hadisə baş verməyib”.

Yeganə Bayramova