"Adətən belə addımlar müharibə öncəsi atılır" - PROQNOZ

Akif Nağı: " Ermənistan hərbi təlimlərini keçirir. Ali təhsil almaq üçün hərbi xidmətdən möhlət hüququ da ləğv edildi. Düşmən ölkədə tələbələrin də orduya cəlb edilməsi hazırlıq vəziyyətindən xəbər verir"
"Prezidentlər, nazirlər görüşür, müzakirələr aparır, amma nəticə yoxdur”.
Bu sözləri "Sherg.az”a Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun dekabrın 6-da baş tutacaq həmsədrlərlə və Ermənistan xarici işlər naziri ilə görüşü barədə danışarkən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib. 
Onun qənaətincə, ölkə başçısı və xarici işlər naziri dəfələrlə görüşlərin konkret nəticələrlə başa çatmalı olduğunu vurğulayıb:
"Ona görə, bu görüş də həmin danışıqlardan biri olacaq. Beynəlxalq təşkilatlar isə qeyd edirlər ki, guya prezidentlər, xarici işlər nazirləri görüşdü, nəticə verdi. XİN rəhbərlərinin görüşünün nəticəsi prezidentlərin görüşünün razılaşdırılmasıdır. Prezidentlərin görüşünün isə heç bir nəticəsi yoxdur. Belə danışıqların mənası yoxdur. Ermənistan öz işindədir, hərbi təlimlərini keçirir, ola bilər, müharibəyə hazırlaşır. Ali təhsil almaq üçün hərbi xidmətdən möhlət hüququ da ləğv edildi. Düşmən ölkədə tələbələrin də orduya cəlb edilməsi hazırlıq vəziyyətindən xəbər verir. Adətən belə addımlar müharibə öncəsi atılır.
Azərbaycanın hərbi hazırlığı yüksək səviyyədədir. Müharibəyə biz başlamalıyıq, düşmənə imkan vermək olmaz”.
Qeyd edək ki, görüşün ATƏT xarici işlər nazirləri şurasının Vyanada keçiriləcək toplantısı səviyyəsində keçirilməsi gözlənilir.
Aysel Aslan