Adını bazadan çıxardılar

İnterpol axtarışı dayandırdı, Sterliqovun meydanı genişləndi
Rusiyalı iş adamının Dağlıq Qarabağda fəaliyyəti ən ağır cinayət sayılır




İnterpol Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlə məşğul olan rusiyalı biznesmen German Sterliqovun axtarışını dayandırıb. Bu barədə Sterliqovun vəkili Artur Ayrapetov məlumat verib. Vəkil deyib ki, İnterpol siyasi motivlərə görə tutulması istənilən şəxslərin axtarışını həyata keçirmir.

Çünki bu, təşkilatın Nizamnaməsinə uyğun deyil. Ona görə də İnterpolun komissiyası Azərbaycanın Sterliqovu təqib etməsini siyasi motivli hesab edib və 15 günlük axtarışdan sonra biznesmenin adını bazadan çıxarıb. Vəkil onu da əlavə edib ki, hüquqlarını müdafiə etdiyi şəxs avqustun 29-dək Dağlıq Qarabağda qalacaq. Biznesmen həmin gün böyük tədbirlər həyata keçirəcək və həyat yoldaşı Alyona Sterliqovanın Moda Evini nümayiş etdirəcək. Xatırladaq ki, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edən Sterliqov "arzuolunmaz şəxs” elan edilib və barəsində cinayət işi qaldırılıb. İyulun 28-də isə o, beynəlxalq axtarışa verilib.

İnterpolun açıqlaması ilə bağlı "Şərq”ə danışan millət vəkili, hüquqşünas Çingiz Qənizadə bu qərarın tamamilə yanlış olduğunu deyib. Deputat bildirib ki, Sterliqov işğal altındakı əraziyə qanunsuz səfər etməklə və torpaqlarımızda iş qurmaqla ən böyük cinayətləri törədib: "Rusiyalı biznesmen bununla kifayətlənmir və Azərbaycan dövlətinin əleyhinə çağırışlar edir, bəyanatlar verir. Bütün bunların hamısı ağır cinayətlər silsiləsindəndir və cinayət məsuliyyətinə səbəb olan hallardır. Eyni zamanda Azərbaycanın İnterpolla əməkdaşlığı olduğu halda təşkilat tərəfindən axtarışın dayandırılması tamamilə qanunsuzluqdur. Əgər İnterpol Sterliqovu hardasa həbs edib saxlasaydı və ondan sonra Azərbaycan hökumətinə sorğu göndərərək ittihamları əsaslandıran sənədləri tələb etsəydi, biz ən azından düşünərdik ki, İnterpol hansısa səbəblərdən hadisəni siyasi görür. Amma ümumiyyətlə heç bir hərəkət etmədən axtarışı qeyri-qanuni olaraq dayandırmaq beynəlxalq hüquq normalarına ziddir. Bu cür yanaşma İnterpolun imicinə də böyük zərbədir”. Millət vəkili xatırladıb ki, İnterpol indiyə qədər Azərbaycan ərazisində cinayət və soyqırım törətmiş bütün erməni cinayətkarların axtarışına biganə yanaşıb: "İnterpol bu hərəkəti ilə bir daha işğalçı Ermənistanı dəstəklədiyini və Azərbaycanın haqlı mövqeyini müdafiə etmək istəmədiyini göstərmiş oldu. Halbuki Sterliqovun Dağlıq Qarabağdakı fəaliyyəti digər cinayət əməllərini də ortaya çıxarır. Artıq ehtimal olunur ki, rusiyalı biznesmen orada narkotika becərilməsi ilə yüksək səviyyədə məşğul olur. Bunu görən və bilən beynəlxalq təşkilatların qərəzli münasibəti qətiyyətlə pislənməlidir”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə diqqəti İnterpoldan daha çox Rusiyanın mövqeyinə yönəldib. Politoloqun fikrincə, bu prosesə daha əvvəl rəsmi Moskva mane olmalı idi: "Azərbaycan XİN-in bəyanatından dərhal sonra Rusiya XİN rəhbəri də açıqlama verərək Rusiya vətəndaşlarının Dağlıq Qarabağa gedişinə pis baxdığını, Sterliqovun hərəkətini bəyənmədiyini deməli idi. Amma təəssüflər olsun ki, biz belə çağırışların şahidi olmadıq. İndi mən qorxuram ki, Sterliqovun Qarabağa gəlməsi və cəzasız qalması digərlərinin də bura ayaq açmasına səbəb olar. Hesab edirəm ki, məsələ Rusiyanın müvafiq orqanları qarşısında çox ciddi qaldırılmalıdır”.

İsmayıl