ADU-dan ittihamlara CAVAB: "Kiməsə süni sürətdə maneə yaradılmır"

Araz Ağayev: "Dövlət Attestasiya Komissiyasından müsbət rəylə keçən bütün məzunlara heç bir maneə yaradılmadan arayış verilir"


"Vasif Əfəndiyev toxunduğu məsələ ilə bağlı Azərbaycan Dillər Universitetinin (ADU) rəsmi səhifəsinə müraciət edib. Dəfələrlə ona cavab verilib ki, Dövlət Attestasiya Komissiyasından müsbət rəylə keçən bütün məzunlara heç bir maneə yaradılmadan arayış verilir”. 

Bu sözləri "ADU-nun məzunlarına arayış verilmir” iddiası ilə bağlı Sherg.az-a danışan Azərbaycan Dillər Universitetinin informasiya departamentinin müdiri Araz Ağayev deyib. 

Universitet rəsmisi bəyan edib ki, tələbə ali təhsil ocağını 4 il ərzində başa vurmayıbsa və təhsilini davam etdirirsə, ona arayış vermək olmaz: 

"Amma tələbə təhsilini başa vurubsa və heç bir kəsiri qalmayıbsa, Universiteti bitirməsi haqqında ona arayış verilməsi qeyri-prosedur qaydadır. Burada kiməsə süni surətdə maneə yaradılmasından söhbət gedə bilməz. Məsələnin ikinci tərəfi odur ki, V.Əfəndiyev mindən çox tələbinin adından danışır. Heç kəs bu qədər tələbinin adından danışmaq səlahiyyətinə malik deyil. Hər bir tələbə fərdi qaydada müraciət edə bilər. Biz də ona Universiteti bitirdiyi ilə bağlı arayış verərik”.

Qeyd edək ki, Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev Azərbaycan Dillər Universitetini bitirən 1329 məzunun ali məktəbi bitirdiklərini təsdiq edən arayışlarını ala bilmədiklərini deyib. Ekspert bildirib ki, iki gündən sonra tələbələrin müsabiqədə iştirak müddəti bitir: "Bu səbəbdən müəllim peşəsinə yiyələnmək istəyən tələbələr vakansiya müsabiqəsindən kənarda qala bilərlər”.

İsmayıl