Ağ təhlükə: Köhnəlmiş “Metsamor” dünyanın diqqətindədir
Bircə təbii fəlakət regionu tamamilə məhv edə bilər
Ermənistanda yerləşən "Metsamor” Atom Elektrik Stansiyası Cənubi Qafqaz, Orta Asiya, Xəzər və Qara dəniz ölkələri üçün ciddi təhlükəyə çevrilib. İstifadə müddəti bitsə də, hələ də fəaliyyət göstərən AES-lə bağlı Azərbaycan, eləcə də bir çox ölkələr dəfələrlə narazılıqlarını bildiriblər. Lakin Ermənistan stansiyanın fəaliyyətini dayandırmağı düşünmür.
Əksinə, Azərbaycanı nüvə silahı ilə hədələyir. Ermənistanın keçmiş baş naziri, deputat Qrant Baqratyan bildirib ki, Ermənistanı Türkiyə və Azərbaycanın hücumlarından qorumağın yeganə yolu atom bombasıdır. Narahatlıq doğuran əsas faktlardan biri isə odur ki, "Metsamor” 11 ballıq zəlzələ riski olan zonada yerləşir.
Prezidentdən dünyaya çağırış
Dövlət başçısı İlham Əliyev dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə yönəldib. Növbəti dəfə mayın 23-də İstanbulda Dünya Humanitar Sammitində Prezident Ermənistandakı istismar müddəti başa çatmış "Metsamor” Atom Elektrik Stansiyası barədə məlumat verib. Dövlət rəhbəri deyib ki, istismar müddəti başa çatmış "Metsamor” bütün region üçün ciddi təhlükə mənbəyidir: "Ermənistanın radioaktiv tullantılardan qanunsuz istifadə etməsinə dair məlumatlar var. Sabiq baş nazir, parlament üzvü və digər Ermənistan rəsmiləri bu ilin aprelində Ermənistanın "çirkli bomba” adlandırılan nüvə silahına malik olduğunu bəyan ediblər. Bu bəyanat müvafiq beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə araşdırılmalıdır. Ermənistanın nüvə təhdidi və şantajına son qoyulmalıdır. Azərbaycan səbəbkarı Ermənistan olan humanitar fəlakətin fəsadlarının öhdəsindən gəlmək üçün əlindən gələni edir”.
"Metsamor” təhdidi dünya mediasında
Avropanın nüfuzlu analitik portallarından biri olan "Moderndiplomacy.eu”da Ermənistanda fəaliyyət göstərən "Metsamor” Atom Elektrik Stansiyasının təhlükələrindən bəhs edən məqalə yayılıb. Təhlükəsizlik məsələləri üzrə ekspert Petra Poseganın müəllifi olduğu məqalədə nüvə silahı istehsal etmək niyyətində olan ölkələrin qarşısını almağın vacibliyi vurğulanıb: "Bu cür addımların atılması Cənubi Qafqaz kimi münaqişəli ərazilərdə daha çox mühümdür. On illərdir ki, davam edən və həll edilə bilməyən münaqişəyə nüvə silahı amilinin əlavə edilməsi regiondakı sülh və sabitliyi tamamilə poza bilər. Buna görə də Ermənistanın nüvə gücünə malik olmasına qarşı daha ciddi addımlar atılmalıdır”. Ekspertin fikrincə, Ermənistanın bu silaha malik olmasının yeganə səbəbi Türkiyə və Azərbaycan kimi ölkələri təhdid etməkdir: "İstifadə müddəti bitmiş "Metsamor” kimi sistemlər tamamilə ləğv edilməlidir”. Məqalədə xüsusilə vurğulanır ki, "Metsamor” AES-in yerləşdiyi ərazi olduqca seysmik zonadır. Yəni, təkcə vaxtı keçmiş sistem və texnologiya deyil, həm də baş verə biləcək təbii fəlakət ciddi təhlükə yarada bilər: "Erməni rəsmiləri əhalini qorumalı və nüvə faciəsinin baş verməsinə şərait yaratmamalıdırlar. Amma əksinə, onlar özləri üçün təhlükə yarada biləcək stansiyanın işini davam etdirirlər. "Metsamor” AES Asiya, Yaxın Şərq və Avropadakı milyonlarla insanın təhlükəsizliyi üçün ciddi təhdid hesab edilməli və ləğv edilməlidir”.
Argentinanın "Equilibriumglobal” portalında da "Metsamor: yeni-köhnə nüvə təhlükəsi?” adlı geniş məqalə dərc edilib. Yazıda bildirilib ki, "Metsamor” AES sovet dövründə tikilib, mümkün qəza ehtimalı qarşısında kövrəkdir və mexanizmləri risklidir: "Risklərdən birincisi coğrafi xarakter daşıyır. Fukuşima hadisəsi göstərdi ki, seysmik aktivliklə bağlı risklər diqqətdən kənarda saxlanıla bilməz. Metsamor şəhəri Türkiyə və Gürcüstanın şərq sərhədlərinin yaxınlığında yerləşir. Təhlilçilərin və mütəxəssislərin fikrincə, "Metsamor”da bircə təbii fəlakət bu regionların qısa müddət ərzində yüksək radioaktivliyə məruz qalmasına gətirib çıxara bilər. Bu nüvə stansiyasının seysmik cəhətdən və ölkənin maliyyə problemləri səbəbindən təhlükəsizliyi narahatlıq doğuran yeganə məsələ deyil. "Metsamor” ətrafında digər problemlər reaktiv və nüvə materiallarının qaçaqmalçılığı, nüvə tullantılarının qeyri-qanuni daşınmasıdır”.
"Metsamor” torpağı və suyu zəhərləyir”
Mərakeşin "əl-İslah və ət-Tənmiyə” qəzeti də yazıb ki, son illər nüvə və radioaktiv materialların qaçaqmalçılığında ittiham olunan erməni vətəndaşları və ya erməni xüsusi xidmət orqanlarının əməkdaşları regionun müxtəlif ölkələrində həbs olunub: "Belə cinayət faktlarına dəfələrlə rast gəlinib. Yüksək zənginləşdirilmiş uran və sezium materiallarını Yaxın Şərqdəki qeyri-qanuni qruplaşmalara çatdıran və qara bazarda dəyəri milyon dollarlarla ölçülən bu materialların gizli satışını təmin edən erməni qaçaqmalçıları dünya sülhünə ciddi təhlükə yaradır. Mərakeşin "Agora” xəbər portalı da yazıb ki, "Metsamor” AES-in kimyəvi tullantıları torpağı və suyu zəhərləyir.
İsmayıl