Ağdaşda 6 nəfərin deputatlığa namizədliyi təsdiqlənib

Müraciət edənlərdən biri YAP, biri Ümid Partiyasının üzvü, 4 nəfər isə bitərəfdir



Dünən Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. İclasda MSK katibi Arifə Muxtarova 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması ilə bağlı məlumat verib.
Məsələ səsverməyə qoyularaq təsdiq edilib. Toplantıda Ağdaş Seçki Dairəsi üzrə təkrar seçkilərin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanma qaydası təsdiqlənib.
MSK-nın iclasında nəzarət-təftiş xidmətinin yaradılması da müzakirəyə çıxarılıb. Səsvermə ilə komissiya üzvü Ramiz İbrahimovun sədrliyi ilə Nəzarət-təftiş xidməti yaradılıb. Qurum nəzdində fəaliyyət göstərən Mətbuat Qrupunun da tərkibinə dəyişiklik edilib.
90 saylı Ağdaş Seçki Dairəsindən 6 nəfər deputatlığa namizədliyinin təsdiqlənməsi üçün müraciət edib. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib. Sədr deyib ki, namizədliyin tədiqlənməsi üçün müraciət edənlərdən biri YAP, biri Ümid Partiyasının üzvü, 4 nəfər isə bitərəfdir: "Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, bu şəxslərin namizədliyi təsdiq olunub”. MSK sədri bildirib ki, seçicilərə paylanılması üçün 41409 bildiriş çap edilib.

Mayın 4-dən etibarən təkrar seçkilərlə əlaqədar dairə seçki komissiyası tərəfindən Ağdaş seçicilərinə qeydiyyatdançıxma (səsvermə) vəsiqəsi paylanacaq. Seçki Məcəlləsinə əsasən DSK tərəfindən seçicilərə vəsiqənin verilməsi səsvermə gününə 20-25 gün qalmış başlanılır. 90 saylı Ağdaş Seçki Dairəsi üzrə bu dövr mayın 4-dən 24-dək olan müddəti əhatə edir. Seçki Məcəlləsinin tələbinə əsasən Mərkəzi Seçki Komissiyası seçki komissiyalarının səsvermə protokollarının hazırlanması qaydasına, mətninə, formasına və sayına aid tələbləri təsdiq etməlidir.

İsmayıl