Ağdərə səhvini düzəltmək lazımdır

Düşmən üzərində qələbədən sonra rayonun adını qaytara bilərik
Pənah Hüseyn: “Ağdərənin ləğvi ozamankı hərbi-siyasi təhlükəsizlik zərurətindən doğub”


Ağdərə rayonu 13 oktyabr 1992-ci il tarixində Milli Məclisin qərarı ilə ləğv edilərək, əraziləri Ağdam, Kəlbəcər, Tərtər rayonları arasında bölüşdürülüb. Lakin bu gün hərbi əməliyyatlar zamanı yayılan bəzi məlumatlarda hələ də ləğv edilmiş Ağdərə rayonunun adı çəkilir və ya işğaldan azad edilmiş Talış yüksəkliyi Ağdərənin ərazisi kimi göstərilir. Halbuki, Talış kəndi Tərtər rayonunun tabeliyinə verilib. Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Tahir Rzayevin sözlərinə görə, Ağdərə rayonunun adının bu gün də istifadə edilməsi onun hələ insanlar tərəfindən unudulmadığına dəlalət edir.

"O vaxtı Ağdərə rayonunun bölüşdürülməsi qanunuyğun hal olmayıb. Ancaq bu olub, keçib. Sonrakı dövrlərdə Ağdərə rayonu ilə bağlı çoxsaylı fikirlər ortaya çıxdı. Ağdərə rayonunun sakinləri, bəzi ekspertlər təkliflə çıxış etdilər ki, bu rayon bərpa olunmalıdır. Amma bunun çətin mərhələləri var. Artıq o icra strukturları, təşkilatlar yoxdur və s. Fikrimcə, düşmən üzərində qələbə çalandan sonra Ağdərə rayonunun adını qaytara bilərik. Kiminsə müəyyən səhvi üzərindən rayon bölündü. İndiki halda onun bərpası maliyyə çətinliyi və ya digər çətinliklər yarada bilər”. T.Rzayev bu gün də məlumatlarda Ağdərə rayonunun adının xatırlanmasını düzgün qiymətləndirib. "Bir çox tarixi yaşayış məskənlərinin adları dəyişdirilib, ləğv olunub, siyahıdan çıxıb. Ağdərədən olanlar onu xatırlayır. İstər son hadisələrin gedişində, istərsə də başqa məsələlərdə bu adın xatırlanması, unudulmaması çox yaxşıdır. Bu onu göstərir ki, insanlarımız öz doğma torpaqlarını unutmayıblar və yenidən ora qayıtmaq istəyirlər”.

Qeyd edək ki, Ağdərənin yenidən bərpası ilə yanaşı, onun hansı səbəblərdən ləğv olunması məsələsi də sual doğurur. Bu barədə "Şərq”in suallarını cavablandıran keçmiş baş nazir Pənah Hüseynin sözlərinə görə, Ağdərənin ləğvi ozamankı hərbi-siyasi təhlükəsizlik zərurətindən doğub: "Həmin illərdə ermənilər kompakt yaşadıqları əraziləri süni şəkildə keçmiş Dağlıq Qarabağ Muxtar vilayətinin ərazisinə aid etmək istiqamətində müxtəlif addımlar atırdılar. Bilirsiniz ki, Şaumyan kənd rayonu keçmiş DQMV-nin tərkibinə daxil deyildi. Amma ermənilər qondarma Artsax Respublikasının ərazisini genişləndirmək üçün bu ərazini də "Artsax”ın tərkibinə daxil etmək istəyirdilər. Hansı ki, onların bu iddiaları hələ də davam etdirilir. 1992-ci ildə həmin ərazilər Azərbaycan ordusunun hücumu nəticəsində erməni işğalçılarından azad ediləndən sonra Ağdərə rayonu elan olundu. Bundan sonra infrastruktur sahəsində bir sıra çətinliklərin olması ilə bağlı xəbərlər yayılmağa başladı. Paralel olaraq da ermənilər öz iddialarından əl çəkmir, təbliğat maşınları daima işləyirdi. Bütün bunların fonunda isə Ağdərə sakinlərinin həyat şəraitinin yaxşılaşdırılması, təhlükəsizliyin təmini və rayonun idarə olunması sahəsində bir sıra çətinliklər meydana çıxmışdı. Elə rayonun ləğv olunaraq, qonşu rayonlara birləşdirilməsi məsələsi də həmin vaxtlarda müzakirə predmetinə çevrilmiş və Milli Məclisin qərarı il problem öz həllini tapmışdı”.

Həmin illərdə hüquqi cəhətdən DQMV-nin mövcud olmadığını vurğulayan P.Hüseynin sözlərinə görə, torpaqlarımız ermənilərdən təmizləndikcə, onların digər rayonların idarəçiliyinə verilməsi və Dağlıq Qarabağla Aran Qarabağ rayonlarının arasındakı süni bölgünün aradan qaldırılması siyasəti yeridilirdi.

Şəymən