Ağıllı adamlar Azərbaycan elmini cavanlaşdırdı

Bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ veriləcək



Dünən parlamentin növbədənkənar toplantısında "Elm haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib ki, 7 fəsil, 40 maddədən ibarət olan layihə Azərbaycan elmi qarşısında qoyulan vəzifələri, müasir çağırışları yerinə yetirməyə imkan verir: "Elmdə azərbaycançılıq ideologiyasının təbliği sahəsində müddəanın çıxarılması barədə təklifi məqbul saydıq. Amma azərbaycançılığın elmin prioritet istiqaməti kimi saxlanılmasında israrlıyıq. Azərbaycançılıq alimin vətəndaş kimi fəaliyyətində prioritet istiqamətdir. Heç bir sahə prinsipsiz yaşaya bilməz. Azərbaycançılıq etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan bütün insanları, xalqları özündə birləşdirir”.

Layihəyə elmdə sahibkarlıq, elmi innovasiya haqqında maddələr salınıb və ilk dəfə AMEA-nın üzvlüyü elmi rütbə hesab edilib. Qanun layihəsində Azərbaycanda elmi innovasiya fəaliyyətini həyata keçirən bütün müəssisə və təşkilatların fəaliyyətinin stimullaşdırılması da təklif edilir. Layihəyə əsasən, elmi innovasiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri rəqabətqabiliyyətli, yüksək texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılmasında iştirak etməklə, dövlət sifarişi ilə yaradılmış milli innovasiya məhsullarının zəmanətli satış bazarlarının təmin edilməsi və xarici bazarlara çıxışının həvəsləndirilməsi və himayə edilməsidir.

"Qanun kiminsə əməkhaqqının artırılmasına xidmət etmir”

Komitə sədri bildirib ki, təhsil kreditlərinin verilməsi və təhsil alanın borcunu əmək fəaliyyətinə başlayarkən ödəməsi də qanun layihəsində əksini tapıb. Bu, doktorantura üçün nəzərdə tutulub,
gələcəkdə magistratura üçün də tətbiq edilə bilər: "Qanun layihəsinə əsasən Azərbaycanda doktorantura pilləsində təhsil alanlara təhsil haqqı və digər təhsil xərcləri ilə bağlı güzəştli və uzunmüddətli kredit verilməsi dövlət tərəfindən təmin ediləcək, habelə gələcəkdə işlə təmin olunacaq doktorantların borclarının ödənilməsi üçün yeni mexanizm də yaradılacaq. Qanunun 34-cü maddəsinin 11-ci bəndinə əsasən, "Dövlət doktorantların təhsil haqlarının və təhsillə bağlı digər xərclərinin ödənilməsinə uzunmüddətli və güzəştli kreditlər verilməsini təmin edir və təhsil alanın əmək fəaliyyətinə başladıqdan sonra kredit borclarını ödəmə mexanizmini müəyyənləşdirir, həyata keçirilməsinə şərait yaradır”. İ.Həbibbəyli bildirib ki, bu qanun kiminsə əməkhaqqının artırılmasına xidmət etmir: "Bu qanunda dövlət büdcəsindən maliyyələşmə ilə bərabər, proqram maliyyələşməsi, qrantlar, sahibkarlıq maliyyələşməsi və digər bir sıra maliyyələşdirmə mexanizmləri əksini tapıb. Elm müəssisəsinin özünü maliyyələşdirməsi olmayan bir məsələ haqqında danışmaqdır. Ancaq sadaladığım mexanizmlər elm müəssisələrinin özlərini maliyyələşdirmələrində mühüm rol oynayacaq”.

Spiker Fazil Mustafaya irad bildirdi: "İndi kimsə özünü "geroy” hesab edib sinəsinə döyməsin”

Müzakirələr zamanı deputat Fazil Mustafa həmkarlarını qınayıb. O deyib ki, qanunun ikinci oxunuşunun müzakirəsi zamanı millət vəkilləri fərqli danışıblar: "O zaman həmin qanun layihəsindən magistr və doktorantlara möhlət hüququnun verilməməsini az qala bütün millət vəkilləri dəstəklədilər. Amma nə yaxşı ki, bizim təhsilimizi, gələcəyimizi düşünən Prezidentimiz var. Millət vəkillərinin bütün çıxışları, protokolları durur. Yəqin ki, ölkə başçısı da millət vəkillərinin fikirlərindən sonra belə bir qərar qəbul edib. İctimaiyyətin fikrini nəzərə alıb. O hər şeyi bizdən daha yaxşı görür. Biz burada nə dediyimizə fikir verməliyik ki, sonradan pis vəziyyətə düşməyək”.

Spiker Oqtay Əsədov isə millət vəkilinin fikirlərinə əsəbi şəkildə cavab verib: "Əslində möhlət hüququ həmin qanunun predmeti deyildi. Ona görə də həmin qanundan çıxarılmalı idi. Möhlət hüququ məsələsi ilə bağlı qərar vermək səlahiyyəti də cənab prezidentə məxsus idi. O bunu nə zaman edəciyinə özü qərar verir. Yəni, indi kimsə özünü "geroy” hesab edib sinəsinə döyməsin ki, vaxtilə mən belə demişdim, elə demişdim. Bu məsələ ilə bağlı qərarı prezident verib və verir”.

Xatırladaq ki, Fazil Mustafanın qeyd etdiyi müzakirələr zamanı Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli başda olmaqla bir sıra deputatlar doktorant və magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməsinin əleyhinə çıxıb, fikirləri təsdiqləmək üçün müxtəlif arqumentlər gətirmişdilər. Lakin sonradan Prezident İlham Əliyevdən parlamentə magistr və doktorantlar üçün hərbi xidmətdən möhlət hüququ ilə bağlı qanunvericilk qaydasında təşəbbüs gəldikdən sonra elə həmin millət vəkilləri öz dedikləri arqumentlərin tam əksinə olan fikirlər söyləyərək, möhlət hüququnun olmasının vacibliyini bildiriblər.

Qanun layihəsi səsverməyə çıxarılıb və qəbul edilib.

Təklif edilən daha bir dəyişiklik...

Dünən həmçinin "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklər edilməsi layihəsinə də baxılıb. Layihə haqda məlumat verən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, hərbi xidmətə çağırışdan möhlət hüququ indiyədək ancaq bakalavriat pilləsində təhsil alanlara verilirdi.

Qanunun 21-ci maddəsinə edilən dəyişikliyə görə, bundan sonra həmin möhlət hüququ magistratura və doktorantura səviyyələrinə də şamil olunacaq.

Eyni zamanda xarici ölkələrdə əyani təhsil alanlara bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək çağırışdan möhlət hüququ veriləcək.

Təklif edilən daha bir dəyişiklik Azərbaycanda elmi təşkilatlarda təhsilini davam etdirmək istəyənlərə hərbi çağırışdan möhlət verilməsi ilə bağlıdır.

Belə ki, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda, eləcə də xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət veriləcək.

"İndi 30 yaşında alim tapmaq çətindir”

"Yaxın 10 ildə də çağırışçıların sayını proqnozlaşdıra bilərik. Mən alimlərimizin sayına da diqqət çəkmək istəyirəm. 10 min alimimiz var. 10 min nəfərə 1 alim düşür. Amma Azərbaycanda çağırışçı problemi yoxdur”.

Bu sözləri qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Zahid Oruc söyləyib. Millət vəkili bu gün Azərbaycanda orta yaşlı alimlər yox dərəcəsindədir: "İndi 30 yaşında alim tapmaq çətindir. Magistrlərə möhlət hüququnun ləğv edilməsi buna təsir etdi. Orta məktəblərdə müəllimlərin 93 faizi xanımdır. Gənclərimizin kişi kimi hazırlanmasında kişi müəllimlərin rolu əhəmiyyətlidir. Magistrlərin arasında da oğlanların sayı azdır. Məsələn, Bakı Dövlət Universitetində magistrlərin 83 faizi xanım, 17 faizi oğlandır. Dövlət başçısı tərəfindən atılan bu addım, elmdə fasiləsizliyin təmin edilməsinə, elmin inkişafına səbəb olacaq. Azərbaycan elmi cavanlaşmalıdır”.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Bayramoğlu