Ağır yol qəzasında bir nəfər həlak oldu

17 nəfər xəsarət aldı, onların arasında uşaqlar da var



Dünən səhər saatlarında Qaradağ rayonunda ağır yol qəzası baş verib. Bakı-Qazax avtomagistralının 21-ci kilometrliyində - Qaradağ rayonu ərazisində - "Isuzu” markalı 90-OJ-802 Dövlət Qeydiyyat Nişanı (DQN) yük maşını 149 nömrəli 10-TF-383 DQN sərnişin avtobusuna çırpılıb. Nəticədə, sərnişin avtobusu bir neçə dəfə aşıb. Bundan sonra avtobus aşıb. Dövlət Yol Polisi İdarəsinin və Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerində olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın məlumatına görə, xəsarət alanlardan 1 nəfər qadın xəstəxanaya çatdırılmadan hadisə yerində dünyasını dəyişib: "Hadisə zamanı xəsarət alanların sayı 17-yə çatıb”. S.Əhmədova bəzi vətəndaşların şəxsi avtomobilləri ilə xəstəxanaya müarciət etdiklərini deyib: "Onların arasında 2 uşaq da var. Uşaqlar kəllə-beyin travması alıb. 7 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Respublika Kliniki Xəstəxanasına, 2 nəfər Ələtdəki poliklinikada yardım alıb, xəsarətləri ağır olmayıb. 3 nəfərə hadisə yerində ilkin yardım göstərilib.

Bakının Qaradağ rayonunda yük maşınının sərnişin avtobusuyla toqquşması faktı ilə bağlı cinayət işi başlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev məlumat verib.

Qurum rəsmisi bildirib ki, faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Qəzalara səbəb olan yükdaşımalarla bağlı rəsmi xəbərdarlıq

Bakı-Qazax magistralının 21-ci kilometrliyində baş verən məlum qəza ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Yükdaşımaların Tənzimlənməsi Sektorunun müdiri Arif Məmmədov, "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin müvafiq struktur heyəti hadisə yerində olublar.

Qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, DANX ölkədaxili yükdaşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara ciddi xəbərdarlıq edir: "Bir daha bildirir ki, balanslarında olan avtonəqliyyat vasitəsini idarə edən sürücülərin müvafiq qaydada reysqabağı tibbi müayinədən keçirilməsində nöqsana yol verən, sürücülərin iş və istirahət vaxtlarına əməl etməyən hüquqi və fiziki şəxslərlə bağlı müvafiq qaydada ölçü götürülərək, avtonəqliyyat vasitələrindən istifadəyə dair müvafiq icazəyə yenidən baxılacaq və ən sərt şəkildə insan həyatı üçün təhlükə yaradan faktorlar əsas götürülərək daşıyıcı qismində fəaliyyətlərinə həmişəlik xitam verilməsinə dair tədbir görüləcək. Hazırda sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşə hazırlığı ilə əlaqədar də bir sıra problemlərin mövcud olduğuna baxmayaraq, daşımalarla məşğul olan sürücülərin hazırlanmasını həyata keçirən tədris müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə hökumətə ən yaxın zamanda təqdim edilməsi üçün kompleks tədbirlər paketi hazırlanıb.

Eyni zamanda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nəzdində fəaliyyət göstərən Təlim-Tədris Mərkəzinin maddi-texniki bazasının yaxşılaşdırılması, bu mərkəzdə ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları həyata keçirən sürücülərin, habelə taksi sürücülərinin xüsusi proqram əsasında peşə fəaliyyətinə və davranışına uyğun hazırlanması üçün Beynəlxalq Nəqliyyat Forumunun Keyfiyyət Xartiyasına uyğun tədrisin təşkil olunması vasitəsilə xarici mütəxəssislərin cəlb edilməsinə dair danışıqlar aparılır. Bu danışıqların nəticəsi olaraq növbəti ildən həm sürücülər, həm də mütəxəssislər üçün vacib olan beynəlxalq sertifikatlar vermək hüququnu əldə etmək, planda olan ən vacib məsələlərdəndir.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti təhlükəsiz daşımaların həyata keçirilməsi üçün yüksək texnologiyaların tətbiqi məqsədilə TPF Getinsa, TÜV Thüringen, SAP və CİSCO kimi nüfuzlu şirkətlərlə müxtəlif platformalar çərçivəsində əməkdaşlığa da start verib”.

Onun sözlərinə görə, həyata keçirilməsi nəzərdə tutulan bütün layihələr daşımaların təhlükəsizliyinin təmin edilməsi, daşıyıcılar arasında sağlam rəqabət mühitinin formalaşdırılması, daşıyıcıların maddi-texniki bazasının yaxşılaşdırılması niyyətini güdür:

"Və 2019-cu ilin yanvar ayından etibarən icra edilməsi planlaşdırılır. Bu baxımdan sahə üzrə sadalanan, problemlərin qarşısının alınması üçün bir daha daşıyıcı hüquqi və fiziki şəxslərə müraciət edərək bildiririk ki, insan həyatı üçün təhlükə yarada biləcək heç bir hal diqqətdən kənarda qalmayacaq və ən sərt şəkildə tədbirlər görüləcək”.

Şəymən