Mütləq həkimə müraciət edib, müayinə olunmaq lazımdır
“Biz həkimlər ağrıkəsiciləri çox qısa müddətə təyin edirik”
Ağrıkəsici dərmanların insan səhhətinə mənfi təsiri haqda verilən məlumatlar bu preparatlardan çox istifadə edənlərə siqnal olmalıdır. Qeyd edək ki, bu günlərdə Böyük Britaniyanın Nyukasl Universitetinin alimləri ağrıkəsicilərlə bağlı araşdırmanın nəticələrini elan ediblər.
Alimlərin araşdırmaları sayəsində məlum olub ki, bəzi ağrıkəsicilər insanlarda piylənmə, yuxusuzluq, tənəffüsün pozulması kimi ağır nəticələr yaradır. Zərərli ağrıkəsicilərə tərkibində opiat komponenti olan dərmanlar daxildir. Bu dərmanlardan istifadə piylənmə riskini 95 faiz, hipertoniya - qan təzyiqi riskini isə 63 faiz artırır. Alimlərin qənaəti budur ki, adətən xroniki ağrıları aradan qaldırmaq üçün tətbiq edilən bu dərmanlar pasiyentlərə çox qısa müddətə təyin edilməlidir. Əks halda bu dərmanlar insanların səhhətində ciddi problemlərə yol aça bilər. Mütəxəssislər bildirib ki, son illərdə opiat tərkibli dərmanlar pasiyentlərə çox təyin edilir, bu da orqanizmdə əlavə mənfi təsirlərə yol açır.
Məsələyə münasibət bildirən Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov "Şərq”ə açıqlamasında opiat tərkibli ağrıkəsicilərlə bağlı aparılmış araşdırmaların böyük əhəmiyyət kəsb etdiyini dedi:
- O alimlər tərkibində opiat komponentləri olan ağrıkəsicilərin mənfi təsirlərini doğru təyin ediblər. Opiat tərkibli dərmanlardan ya ağır onkoloji xəstələr, ya da taksomanlar - narkotik aludəçiliyi olanlar istifadə edir. Bu ağrıkəsicilər zaman-zaman insanda tənbəllik, passivlik, ruh düşkünlüyü, oturaq həyata meyillilik sindromu yaradır. Nəticə etibarilə də piylənmə, yüksək qan təzyiqi, şəkərli diabet xəstəlikləri yaranır.
Oturaq, passiv həyat tərzi keçirən insanda bu xəstəliklərin yaranması labüddur. Amma məsələn, analgin, baralgin, spazmalqon kimi ağrıkəsicilər metanidazol tərkibli dərman preparatlarıdır. Onlar opiat tərkibli dərmanlar kimi ağır fəsadlar yaratmır. Bununla belə ağrıkəsicilərdən vaxtaşırı, tez-tez istifadə etmək ziyanlıdır. İstənilən dərman preparatının intensiv istifadəsi orqanizmdə əlavə təsirlər yarada bilər. Ağrıkəsici qısa zaman müddətində, ağrını sakitləşdirmək, blokada etmək üçün istifadə edilməlidir. Orqanizmin hansısa nahiyəsində ağrı varsa, bu, insana bir siqnaldır. Deməli, orqanizmdə nəsə düz getmir.
Mütləq həkimə müraciət etmək, müayinə olunmaq, bir problem varsa da, uyğun müalicə almaq lazımdır. Biz həkimlər ağrıkəsiciləri çox qısa müddətə təyin edirik. Artrit, ortroz problemi olanlara 10 günlük müalicə təyin edilir, diklofenak qrupuna aid dərmanlar təyin edilir. Diklofenak qrupuna aid dərmanlar ağrıkəsici, iltihab əleyhinə, hərarətsalıcıdırlar. Ancaq yenə də deyirəm ki, bu dərmanlar yalnız qısa müddətə təyin edilir. Sağlıq problemini ağrıkəsici ilə aradan qaldırmaq mümkün deyil. Problem varsa, əsaslı, köklü şəkildə həll edilməlidir. Bunun üçün də mütləq həkimə müraciət etmək, müayinələrdən keçmək lazımdır.
Məlahət Rzayeva