"Avropa Birliyinin Ermənistanda bu ilki seçkilərlə bağlı yardımı azaltmaq planlarının bir neçə əsaslı səbəbləri var”.
Bunu "Sherg.az”a açıqlamasında tanınmış siyasi ekspert Nəzakət Məmmədova deyib.
Analitik bildirib ki, ötən parlament seçkiləri 2017-ci ilin aprelində baş verib. Həmin dövrdə Ermənistanla Avropa Birliyi arasında Tərəfdaşlıq sazişi imzalamaq barədə danışıqlar gedirdi. Rusiya buna qarşı Ukrayna kimi olmasa da, hər halda narazı mövqedən çıxış edirdi. Belə bir şəraitdə Avropa Birliyi Ermənistanın tərəddüdsüz olaraq onunla Tərəfdaşlıq sazişini imzalaması üçün 7 milyon avro maliyyə ayırdı:
"Üstəlik, ABŞ İranla həmsərhəd Ermənistanın Avropa Birliyi ilə yaxınlaşmasında maraqlı deyildi. Çünki Avropa Birliyi İranla nüvə saizişindən çıxmaq məsələsində ABŞ-ı dəstəkləmirdi. Əksinə, Ermənistanla Tərəfdaşlıq sazişi imzalamaqla Amerikanın təhdid etdiyi İranın sərhəddində möhkəmlənib ABŞ-ın sanksiya ilə hədələdiyi İranın qonşuluğunda möhkəmlənib ona hərtərəfli dəstək olmaq istəyirdi.
Üstəlik, Ermənistan İranın blokadasına imkan verməməli, İran-Ermənistan marşrutu üzrə Qara dənizə təbii qaz xətti çəkməklə Avropanın təbii qaz təchizatında iştirakını təmin etməli idi. Bu və digər geosiyasi amilləri nəzərə alan Avropa Birliyi Ermənistanı tərəfdaşlığa təşviq etmək üçün qeyd etdiyimiz kimi 2017-ci il aprel seçkilərinə 7 milyon avro ayırdı. Bunun nəticəsində 2017-ci ilin noyabr ayında Brüsseldə Avropa Birliyi Ermənistan arasında Tərəfdaşlıq sazişi imzalandı. Lakin məlumatlara görə, Birlik tərəfindən seçkilərə ayrılmış 7 milyon avrodan əlavə, 2017-2020-ci illərdə Ermənistanda islahatların aparılması, idarəetmənin səmərəliliyinin artırılması, büdcə kreditləri üçün 176 milyon avro ayrılması nəzərdə tutulur”.
N.Məmmədova bildirib ki, 2018-ci ildə 36 milyon avro verilməsi nəzərdə tutulurdu. Çünki, bu pulları almaq üçün Ermənistan parlamenti 2018-ci il iyunun 1-də Avropa Birliyi ilə imzalanmış sazişi tələsik ratifikiasiya etdi və saziş müvəqqəti qüvvəyə mindi:
"Müvəqqəti ona görədir ki, tamhüquqlu qüvvəyə minməsi üçün Ermənistandan başqa onu bütün AB üzv dövlətlərin parlamentləri də qəbul etməlidir. Lakin Ermənistan ratifikasiya edənədək yalnız Avropa Birliyinin Baltikyanı üzv respublikalarının parlamentləri ratifikiasiya etmişdi. Beləliklə, Ermənistan Avropa Birliyinin maliyyəsini almaq üçün sazişi ratifikasiya etdi və o, müvəqqəti qüvvəyə mindi. Halbuki, qeyd etdiyimiz kimi ratifikasiya etməli olan 27 üzv ölkədən və Britaniyadan yalnız Latviya, Litva, Estoniya ratifikasiya edib. Lakin ABŞ-ın gedişi bütün planları alt-üst etdi. Paşinyanın hakimiyyətə gətirilməsi Avropa, Rusiya, İranın Ermənistan planlarının üstündən xətt çəkdi. ABŞ İranla nüvə sazişindən çıxdı, Ermənistanda özünə yaxın qüvvələri hakimiyyətə gətirdi. Artıq Ermənistandakı seçkilərə ən çox təsir imkanı olan qüvvə AB və Rusiya deyil, ABŞ-dır. Odur ki, Avropa Birliyi Ermənistandakı seçkilərə yardımı 3 milyon avroyadək təxirə saldı”.
Siyasi şərhçinin sözlərinə görə, ABŞ-ın seçdiyi siyasətçinin Ermənistan baş naziri seçilməsi şanslarının çox olduğu bir şəraitdə Avropa Birliyi seçki prosesinə müdaxilə edərək Amerika ilə qarşıdurma yaratmaq istəmir:
"Paşinyanın ötən parlament seçkilərinin qeyri-legitimliyini vurğulaması da, əslində ABŞ-ın Avropa Birliyinin Ermənistan təşəbbüslərinə aşağı qiymət verməsi, onu qənaətbəxş hesab etməməsi anlamına gəlir. Bu fonda ABŞ Ermənistana yardımları artırmaq qərarına gəlib. "Minilliyin çağırışı" proqramı əsasında 2006-2008-ci illərdə Ermənistana 177 milyon yardım ayıran Dövlət Departamenti 2008-ci il martında Qərbyönümlü müxalifətə, nümayişçilərə təzyiqdən sonra bu yardımı dayandırıb. Lakin Paşinyanın iqtidara gəlməsindən sonra ABŞ yardımları yenidən bərpa etmək qərarına gəlib. Hər şey seçkilərdə Paşinyanın qalib gəlib sonradan nə dərəcədə ABŞ-a yaxın, Avropa Birliyi və Rusiya ilə məsafəli münasibət saxlamasından asılı olacaq”.
İsmayıl