Mehriban Zeynalova: Orta məktəblərin sonuncu siniflərdə ailə dəyərlərinin təbliğinə dair dərs saatı salınmalıdır"
"Açıqlanan rəqəmlərdən aydın olur ki, boşanmalar rekord həddə çatıb”.
Bunu Sherg.az-a 2017-ci ilin ilk 5 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 6 207 boşanma halının qeydə alınmasına münasibət bildirərkən "Təmiz dünya” ictimai birliyinin sədri Mehriban Zeynalova deyib.
O bildirib ki, evlilik yolunda addım atan şəxslərlə bağlı ölçü götürmək lazımdır:
"Boşanan artıq boşanacaq. Heç kim ailəni davam etdirməyə məcbur edilə bilməz. Amma ailəyə daxil olan şəxslərin məsələyə münasibəti, fərqli ailə qurmaq, ciddi məsuliyyətli olması ilə bağlı Vətəndaş Nikahı Qeydiyyatı şöbələri tərəfindən məlumatlandırılması aparılmır.
Bununla bərabər orta məktəblərin sonuncu siniflərdə ailə dəyərlərinin təbliğinə dair dərs saatı salınmalıdır. Bu proqram çərçivəsində ailənin məsuliyyəti, nikaha daxil olan şəxslərin məsuliyyət və öhdəliyi, ailə büdcəsi kimi məsələlər orta məktəblərdə, dərsliklərdə öyrədilməlidir. Yəni biz artıq formatı dəyişməliyik.
Bu gün nikaha daxil olan şəxslərin tibbi müayinədən keçirilməsi müsbət addımlardandır. Bundan əlavə nikaha daxil olan şəxslərin bir-birinə qarşı öhdəliyi, ailə münasibətləri üçün həm hüquqi, həm də psixoloji maarifləndirici dəstək alması vacibdir”.
Rəqəmlərin rəsmi boşanmalar olduğunu xatırladan M.Zeynalova deyib ki, qeyri-rəsmi boşanmaları da bura daxil etsək daha dəhşətli rəqəmlər ortaya çıxar:"Bizim sığınacaqdakı qadınların demək olar, yarısı qeyri-rəsmi nikahlardan boşananlardır. Bütün bu rəqəmləri toplasaq, demək bizim ailə modelimiz çat verib, dağılır.
Fikrimcə alimlər bu ciddi məsələlərlə bağlı müzakirələr aparmalı, konkret tədbirlər görməlidirlər. Müzakirələr dırnaqarası, görüş xatirinə olmamalı, ciddi konseptual layihələr təqdim etməlidirlər. Təəssüf ki, alimlər bir neçə kitab yazır və bununla kifayətlənirlər. Lakin belə olmamalıdır. Hökumət bununla bağlı həyəcan təbili çalmalı, aidiyyyatı şəxsləri toplamalı, ciddi müzakirələr aparmalıdırlar.
Biz özbaşına buraxırıq, ailə deyilən məfhum sıradan çıxır, insanlar görüşür, danışır, ailə qururlar. Ailənin əhəmiyyətini doğrudan da cəmiyyətdə vacib hesab ediriksə, yığışıb, müzakirə açmalı, bu problemi həll etməliyik”.
Qeyd edək ki, bu müddət ərzində əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub
.
Aysel Aslan