“Kiməsə reaksiya verməyə vaxtımız yoxdur”
Xəbər verdiyimiz kimi, Qarabağ Döyüşçülərinin Koordinasiya Şurasının işçi qrupu qarşıdan gələn Birinci Avropa Oyunları və Qarabağ müharibəsi ilə bağlı səngər yoldaşlarına müraciət ünvanlayıblar. Müraciətdə deyilir: "Biz də erməni idmançılarının Bakıya gəlməsinə etiraz edirik. Bundan narazıyıq! Amma unutmayaq ki, bu bir beynəlxalq idman yarışmasıdır, sülhün, barışın rəmzidir, bunun da öz qaydaları, şərtləri var.
Bu yarışlar Azərbaycan üçün, ələlxüsus da, Qarabağ probleminin həlli yolunda diplomatik üstünlüklər əldə etmək üçün çox böyük siyasi imkanlar yaradır. Azərbaycanın beynəlxalq aləmdəki imicini də nəzərə almalıyıq. Bu baxımdan ermənilərin Bakıya gəlişinə mane olacaq heç bir addım atmırıq və atılacaq addımlara da qoşulmuruq. Əksinə, bütün Qarabağ döyüşçülərini dövlətimiz və xalqımız naminə bu beynəlxalq idman yarışlarında səbirli, təmkinli və ayıq-sayıq olmağa çağırırıq. Lakin Oyunlar bitəndən sonra Qarabağ döyüşçülərinin ümumrespublika toplantısını çağırmaq üçün silahdaşlarımızın ümumi rəylərini öyrənməyə başlayacağıq. Həmin toplantıda işğal altındakı torpaqlarımızın işğaldan azad olunması naminə hərbi əməliyyatlara başlaması üçün Ali Baş Komandana ünvanlanacaq müraciət ətrafında müzakirə açacağıq”.
Şübhəsiz ki, qazilərin addımı ictimaiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, sözügedən müraciətə sərt reaksiya verən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı döyüşçülərin təşəbbüsünü kəskin şəkildə pisləyib. A.Nağının reaksiyasını cavabsız qoymayan qazilər isə təşkilat sədrini ünvanına ağır ittihamlar səsləndiriblər. Onlar A.Nağını qrantgir və saxta vətənpərvər adlandırıblar. Vurğulayıblar ki, Qarabağın azadlığı üçün mübarizəsi ilə yox, cəmiyyətdə daha çox təlxəkliyi ilə yadda qalan A.Nağı öz həddini və yerini bilsə, daha yaxşı olar!
Qazilərin mühakimələrinə münasibət bildirən A.Nağı "Şərq”ə açıqlamasında bunları deyib: "Ola bilər ki, emosional olublar. Amma anlamaq lazımdır ki, QAT-ın öz missiyası var. Mövqeyimizi bəyənənlərlə yanaşı, bəyənməyənlər də mövcuddur. Normal haldır. Bu yolda işimiz o qədər gərgindir ki, kiməsə reaksiya verməyə vaxtımız yoxdur. Zamanımı o cür işlərə sərf etmək istəmirəm. Addımlarının cəmiyyət üçün təhlükəsini görüb, etik normalar çərçivəsində iradımızı bildirdik. İstərdik ki, bizi anlasınlar. Anlamadılarsa, onlara sözüm yoxdur”.
Ayyət Əhməd