Alimlər sübut etdilər

Məlum olub ki, artıq çəkili uşaqlar məktəbdə çox əziyyət çəkirlər
Piylənmə sadəcə görünüş problemləri yaratmır, bir sıra xroniki xəstəliklərə də yol açır


Artıq çəkili uşaqların məktəbdə təhsilində yaşadığı problemlər araşdırılıb. Bəlli olub ki, artıq çəki təkcə onların sağlamlığına deyil, psixo-sosial davranışlarına da təsir edir.
ABŞ-ın Rod-Aylend ştatının Braunov Universitetinin alimlərinin apardığı araşdırmada 10-17 yaşlı uşaqların böyüdüyü 22 914 ailə iştirak edib.
Valideynlərdən uşaqların bədən kütlə indeksi və məktəb müvəffəqiyyəti beş əsas meyar üzrə qiymətləndirməsi istənilib.

Bura yeni mövzuların öyrənilməsinə maraq, başlanan işin sona qədər görülməsi bacarığı, çətin vəziyyətdə özünü idarəetmə və sakitliyin qorunması bacarığı, səylər, ev tapşırıqlarının yerinə yetirilməsi daxil edilib.

Nəticədə, piylənmədən əziyyət çəkən 27,5 faiz, artıq çəkili uşaqların 36,5 faizi, normal çəkili uşaqların isə 39 faizi "beşdən beşini" keçə bilib.

Mütəxəssislərin fikrincə, məktəb problemləri böyük yaşlarda da ağır nəticələrə gətirib çıxara bilər.
Eyni zamanda, elm adamları xəbərdarlıq edirlər ki, artıq çəkili uşaqlar riskli davranışlara və qeyri-sağlam həyat tərzinə meyilli ola bilərlər.

Uşaq piylənməsi, bir çox ölkələrin əsas sağlamlıq problemlərindən birinə çevrilir. Araşdırmanın müəllifləri bu xəstəliklə dərhal mübarizə aparmağa çağırır.

Daha əvvəl isə araşdırmaçılar müəyyən etmişdi ki, piylənmə yeniyetmələrdə gələcək yaşlarda mədəaltı vəzdə xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilər.

Artıq çəki və piylənmə probleminin sadəcə uşaqlar yox, bütün insanlar arasında ciddi problemə çevrildiyini vurğulayan tibb elmləri doktoru Şəmsiyyə Namazova qərb ölkələri ilə müqayisədə bu problemin ölkəmizdə azlıq təşkil etdiyini deyib: "Piylənmənin əsas səbəbi, düzgün qida rejiminin pozulması, ayaqüstü yeməklərdən daha çox istifadə edilməsi ilə bağlıdır. Əksər valideynlər uşaqlarının bağça, məktəb çantalarına hazır yeməklər, şirniyyatlar qoyurlar. Analar körpə vaxtlarından övladlarının həyat tərzini elə formalaşdırmalıdır ki, onlar böyüdükcə "fast-food"lara və piylənmə yaradan digər hazır məhsullara meyl etməsinlər. Əks halda, uşaqlarda hormonal tarazlıq pozulur və onlarda piylənmə gedir. Xüsusən də yeniyetməlik çağında olan uşaqların valideynləri çox diqqətli olmalı, övladlarının qidasına nəzarət etməlidir. Hərəkətsizlik nəticəsində qəbul edilən qidalar enerji halında qalır, piyə çevrilir. Biz gün ərzində çoxlu karbohidrat, zülal, yağ və s. mikroinqridentlər qəbul edirik. Bu qidaların biri-birinə proporsional qaydada nisbəti olmalıdır”.

Tibb ekspertinin sözlərinə görə, piylənmə sadəcə görünüş problemləri yaratmır. Uşaqlıq dövründən artıq çəkidən əziyyət çəkən insanların bir sıra xroniki xəstəliklərə yol açması hallarına daha tez-tez rast gəlinir:

 "Çəkinin artması xolesterin və lipid mübadiləsinin pozulması ilə nəticələnir. Bu isə daha sonra afiliristrotik xəstəliklərə, damarların ilkin qatlarının piylə yığılmasına, stenozlara, urealkal damarların sıxılmasına, arterial təzyiqin qalxmasına, qara ciyərin piylənməsinə, 1-ci, 2-ci, 3-cü dərəcəli piyli hipatozların yaranmasına, mədəaltı vəzdə ikinci tip şəkərli xəstəliyin yaranması ilə nəticələnə bilər. Bütün bunlar zamanla müalicəsi çətin olan xroniki xəstəliklərə çevrilə bilər. Beyin qan dövranı pozulduqca yaddaşda da zəifləmə gedir. Eyni yaşda, müxtəlif çəkidə olan uşaqlar arasında bir test keçirsək görərik ki, çəkisi artıq olan uşaqların düşünmə və analitik təhlil qabiliyyəti normal uşaqlara nisbətən zəif olacaq. Bunun başlıca səbəbi isə piylənmə nəticəsində beyin damarlarında qan dövranının pozulmasıdır”.

Həkim deyib ki, uşaqlarda piylənmənin fəsadları üzə çıxdıqdan sonra valideynləri təlaş keçirməyə, onların çəkilərindən narahat olmağa başlayırlar: 

"Halbuki, uşağın körpəliyindən onun çəkisi və qida rejimini nəzarətdə saxlamaq lazımdır. Karbohidrat, kofe, şokolad tərkibli qidalardan mümkün qədər az istifadə etmək, yemək yeyəndən sonra aktiv hərəkətdə olmaq mütləqdir”.

Pediatr Günay Rəsulova isə hesab edir ki, uşaqlarda piylənmənin əsas səbəblərindən biri passiv həyat tərzidir: 

"Uşaqlar əvvəlki illərlə müqayisədə televizor, kompüter, planşet qabağında saatlarla oturur və az hərəkət edirlər. Bu da piylənməyə səbəb olur. Bundan başqa, uşaq qida rasionunda fast-foodların çoxluq təşkil etməsi, yuxu rejiminin düzgün olmaması, uşaqların gec saatda qidalanması piylənmənin səbəblərindəndir. Eyni zamanda, valideynlərin uşaqlara yerli-yersiz iştahaçıcı vitaminlər verməsi və ya onları məcburi qidalandırması, bəzi dərmanların yan təsiri nəticəsində də piylənmə baş verə bilər. Uşaq qida rasionunda bütün növ qidalardan, yəni zülallardan, karbohidratlardan, yağlardan mütləq olmalıdır, amma, hərəsinin öz qədəri vardır. Məsələn, daha asan həzm olunan karbohidratlardan, meyvə və tərəvəzlərin tərkibində olanlardan istifadə edilməlidir. Həmçinin, proteinlə zəngin qidalar, süd və süd məhsulları da uşaq qida rasionunda olmalıdır. Uşaqları tərkibində süni şəkərlər olan qidalardan uzaq tutmaq lazımdır”.

Artıq çəkili uşaqların pəhrizindən də danışan pediatr qeyd edib ki, belə uşaqlar mümkün qədər aşağı kalorili qidalandırılmalıdır:

"Uşaq qida rasionunda kalorili qidalara günün birinci yarısında üstünlük verilməlidir. Axşam isə tez həzm olunan qidalar salınmalıdır. Uşaqlarda qidalanma saatı da çox önəmlidir. Uşaqlar yatmamışdan 2 saat qabaq qidalanmalıdırlar. O cümlədən yağlar və karbohidratlar azaldılmalıdır”.

Şəymən