Fazil Mustafa: “Mən bu məsələdə bitərəfəm”
Alimlərin dərslik qalmaqalı...
Məhərrəm Zülfüqarlı: “Hesab edirəm ki, hər sinif üçün bir yox, bir neçə dərslik hazırlanmalıdır”
Fazil Mustafa: “Mən bu məsələdə bitərəfəm”
Fazil Mustafa: “Mən bu məsələdə bitərəfəm”
Son günlər 10-cu sinif Ümumi tarix və Azərbaycan tarixi dərslikləri ilə bağlı mətbuatda çox ciddi polemikalar gedir. Ölkəmizdə ilk dəfədir ki, ümumtəhsil məktəblərində istifadə edilən dərsliklər təhsil ekspertlərinin iştirakı ilə yazılır. Təhsil Nazirliyinin elan etdiyi tenderdə təhsil eksperti Kamran Əsədovun da daxil olduğu komandanın yazdığı dərslik qalib seçilib. Lakin Komissiyadan keçən tarix dərsliyinin plagiat olduğu və ciddi qüsurları əks etdirdiyi ilə bağlı iddialar səslənməkdədir.
Xeyli müddətdir dərslik ətrafında qalmaqal müşahidə olunur. Tarix İnstitutunun əməkdaşları bəyan ediblər ki, dərslikdə 8-ci sinif "Azərbaycan tarixi” məlumatlarının mənimsənilib, mənbə kimi Musa Kalankatlıya əsaslanılıb, hətta ermənilərin qədim dövlətə malik olmaları barədə çaşdırıcı məlumatlar verilib. Onlar iddia ediblər ki, 10-cu sinif "Azərbaycan tarixi” dərslik layihəsində ciddi elmi səhvə yol verilib:
"Kitab şagirdləri bir-birinə zidd iki elmi fakt qarşısında qoyacaq. Bütün tarix müəllimlərinə məlumdur ki, uzun illər köhnə dərsliklərdə Aratta dövlət qurumu kimi verildiyi halda, mövzu 2013-cü ildə çap olunmuş 6-cı sinif "Azərbaycan tarixi” dərsliyindən çıxarılıb. Çünki bu mövzu ətrafında müxtəlif fikirlər formalaşıb. Aratta qurumunun dərsliklərə salınmaması doğru hesab edilib. Lakin layihə müəllifləri bu mövzunu yenidən proqrama salıblar”. Dərslik layihəsinin həmmüəllifi Kamran Əsədov isə onu ittiham edənlərə növbəti cavabını verib. O deyib ki, dərsliyin pedaqoji ictimaiyyətin, xüsusilə fənn müəllimlərinin müzakirəsinə çıxarılması təqdirəlayiq haldır:
"Tarixçi həmkarlarımız layihə ilə bağlı geniş rəy hazırlayıb bizə göndəriblər. Göstərilən irad və qüsurlar müəlliflər tərəfindən diqqətlə nəzərdən keçirilib. Onların bir qismini çapa qədər aradan qaldırmağı qərara almışıq. Təbii ki, rəylərdə müəlliflərin razılaşmadıqları iradlar da var. Son günlər mətbuatda yayılan, iraddan daha çox ittihamı xatırladan rəylərdən nümunə göstərmək istəyirəm. AMEA Tarix institutunun əməkdaşı Güntəkin Nəcəfli tariximizin mürəkkəb dövrü haqqında demək olar ki, yeganə mənbə olan "Alban tarixi” əsərini şübhə altına alır. Qeyd edir ki, "o bizə orijinal şəkildə deyil, erməni kilsəsi tərəfindən saxtalaşdırılmış variantda gəlib çatıb”.
Əgər belədirsə, niyə ölkəmizdə bu əsərin dönə-dönə çap olunmasına, Azərbaycan tarixinə dair qaynaqlar toplusuna daxil edilməsinə, vaxtaşırı məqalə və monoqrafiyalarda ədəbiyyat siyahısına salınmasına yol verilir? Bəs tarixçi alimlərin vəzifəsi belə əsərlərin şərhini verib, oradakı həqiqəti və saxtakarlığı üzə çıxarmaq deyilmi? Bu əsərlə, onunla bağlı tədqiqatlarla tanış olmadan, mənaları haqqında fərziyyə belə söyləmədən necə demək olar ki, "işxan” və "qavar” terminləri ermənicədir, erməni dilindən götürülüb və Azərbaycan dilçiliyinə tamamilə ziddir?”. Ekspert bildirib ki, erməni dilində olan toponimlərin, adların, termin və anlayışların 80 faizə yaxını türk və fars mənşəlidir. Belə isə "Albaniya tarixi”ndəki işxan və qavarın erməni mənşəli olduğunu hansı əsasla söyləmək olar? Tarixçi deyib ki, dərslik layihəsinin xeyli hissəsində yox, cəmi bir neçə paraqrafda müəyyən uyğunluqlar var. Bu uyğunluqların da əsas səbəbi istifadə edilmiş tarixşünaslıq materiallarının eyni mənbədən götürülməsidir.
Dərslik ətrafında yaşanan qalmaqalla bağlı "Şərq”ə açıqlama verən tarixçi-alim Məhərrəm Zülfüqarlı geniş müzakirələrin aparılmasını normal sayır. Onun fikrincə, bu cür müzakirələr əsl həqiqətin ortaya çıxmasına yardım edir:
"İndiyə kimi mövcüd olan əksər dərsliklərdə ciddi qüsurlar olub. Hesab edirəm ki, hər sinif üçün bir yox, bir neçə dərslik hazırlanmalıdır. Alternativ dərsliklər olmalıdır. Bizdə sovet dövründən qalma qəribə metod var. Elə zənn edilir ki, sadəcə bir formada dərslik olmalıdır, ikincisi ola bilməz. Əlbəttə, məsələnin digər tərəfi də var. Əgər tarixçilər dərslikdə müəyyən faktların yanlış olduğunu iddia edirlərsə, onların iradları nəzərə alınmalıdır. Vurğulanan məqamlar araşdırılmalıdır. Konket hansısa alimin rəyinə əsasən dərslik çap etmək doğru yanaşma deyil. Çünki bir sıra alimlər əsəri oxumurlar, məzmununu bilmirlər və kiməsə, nəyəsə görə rəy verirlər. Hər bir dərslik ciddi ekspert komissiyalarından keçməlidir. Ali təhsil müəssisələrinin kafedralarında müzakirə olunmalıdır. Yalnız ondan sonra dərslik kimi nəşr edilə bilər”.
Qızğın müzakirələrə millət vəkili Fazil Mustafa da münasibət bildirib. Deputat deyib ki, ən ideal tarix dərsliyi belə, indiki şərtlərdə plagiat olacaq. Çünki tarixi faktların hansının önə çəkilməsini, necə ardıcıllıqla verilməsini özümüz də bilmirik:
"Dərslik müəyyən mənbələrə əsaslanan faktlar əsasında olmalıdır. Bu mənbələr hər dəfə qeyd ediləndə kitabı oxuyan şagird üçün yorucu olur. Dərslik elmi əsər deyil ki, istinadlar yazılsın. Əvvəlki dərs kitablarında daha çox tarixi səhvlər var idi. Bu gün dərslik kitabını bəyənməmək tarixi faktlara görə deyil. Təhsil dərsliklərinin yazılması illərdir monopoliyanı ələ keçirmiş insanlar tərəfindən həyata keçirilirdi. İlk dəfə olaraq müəyyən dərəcədə ictimai müzakirədən və ekspertlərin yoxlamasından keçərək tamamilə başqa düşüncəyə sahib şəxslərin hazırladığı dərsliklər yaranır. Artıq monopoliya dağılıb, yeni simalar üzə çıxıb. Bəziləri illərlə əlində saxladıqları biznesi itirdikləri üçün təhriflər axtararaq, yeni dərslikləri pisləməyə başlayıblar. Yəni, "biz sizdən yaxşı yazırdıq, siz daha pis yazırsınız” mesajını verirlər”. F.Mustafa deyib ki, bundan əvvəlki dərslikdə onlarla, yüzlərlə təhrif göstərmək olardı: "Bizdə ümumi metodika, tarixə baxış fəlsəfəsi yanlışdır. Azərbaycan tarixinə necə yanaşdığımızı doğru müəyyən edə bilmirik. Dərsliklərin düzgün yazılması üçün öncə bunu müəyyən etməliyik. Ona görə də mən bu məsələdə bitərəfəm. Sadəcə onu bilirəm ki, müzakirələr elmi səhvlər üzərindən getmir”.
İsmayıl