ABŞ Prezidenti ölkəsinin iqtisadiyyatını gücləndirmək məqsədilə İranın neft və təbii qaz resursları üzərində nəzarəti ələ keçirməyi hədəfləyib
ABŞ-İran-İsrail arasında 40 gün davam edən müharibə aprelin 8-də müvəqqəti atəşkəslə sona çatıb. Pakistanın vasitəçiliyi ilə ABŞ və İran nümayəndə heyətləri arasında aprelin 11-də İslamabadda keçirilən danışıqlar uğursuzluğa düçar oldu.
Tərəflərin görüşə Hörmüz boğazı və nüvə proqramı ilə bağlı fərqli arqumentlərlə gəlməsi sülh razılaşmasının qarşısına sədd çəkib. ABŞ-nin vitse-prezidenti C.D.Vens İran ilə razılığa gələ bilmədiklərini açıqlayıb. Vensin nüvə proqramı üzrə uğursuz açıqlamaları bu məsələnin həllini tapmadığını ortaya qoyur. Hörmüz boğazı ətrafında cərəyan edən gərgin proseslər də davam edir. ABŞ Prezidentinin boğazda blokadanı yarmağa çalışan İran gəmilərini məhv edəcəyini açıqlaması, siyasi gedişatı dəyişib. İran Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri isə ona cavabında, boğazın blokadaya alınmasının atəşkəsin pozulmasına səbəb olacağını açıqlayıb.
Sabiq deputat, Azərbaycanın İrandakı keçmiş səfiri Nəsib Nəsibli Sherg.az-a danışıqların birinci raundunun uğursuz keçməsinin səbəblərini açıqlayıb:
“Görüşün uğursuz olmasının səbəbi Trampın “qırmızı xətt” kimi qiymətləndirdiyi nüvə proqramı ilə bağlı problemdir. ABŞ bu məsələnin həllini tapmayacağı təqdirdə, razılaşmaya getməyəcəklərini bildirir. İran isə açıq şəkildə qarşı tərəfə nüvə proqramı üzrə fəaliyyətlərindən üz döndərməyəcəklərini bəyan edir. Əgər İran həqiqətən də nüvə proqramından dinc məqsədlər üçün istifadə etməyi planlaşdırırsa, bu zaman ona 3% zənginləşdirmə səviyyəsi kifayət etməlidir”.
Sabiq səfirin sözlərinə görə, İran tərəfi nüvə məsələsində məntiqsiz və ziddiyyətli mövqe sərgiləyir:
“Onların sözləri ilə əməlləri arasında uçurum var. Lakin ABŞ-nin İrana hücum etməsinin pərdəarxasında başqa səbəblər də dayanır. İran neft ehtiyatlarına malik olmaqla yanaşı, dünyanın ən böyük karbohidrogen ehtiyatlarına sahib ölkədir. Tramp da tüccar olaraq, İranın təbii sərvətlərinə əl qoymaq istəyir. Yəni, münaqişə nüvə proqramı adı altında əslində iqtisadi maraqlara xidmət edir. Tramp ABŞ iqtisadiyyatını gücləndirmək məqsədilə İranın neft və təbii qaz resursları üzərində nəzarəti ələ keçirməyi hədəfləyib”.
N.Nəsibli qeyd edib ki, münaqişənin başlanmasında hərbi və siyasi səbəblərlə yanaşı, geosiyasi məqsədlər də rol oynayır:
“İran neftinin təxminən 90 faizi Çinə ixrac olunur. Pekin enerji balansını məhz İran nefti sayəsində qarşılaya bilir. Ona görə də İran neftinə sahib olmaq Tramp üçün geosiyasi baxımdan ciddi üstünlük deməkdir. Digər tərəfdən isə İranla ABŞ arasında informasiya məkanında da savaş gedir. Xüsusilə, İrandakı informasiya agentlikləri gerçəkliyə uyğun olmayan xəbərləri yaymaqda məşhurdur. Onlar yalan məlumatları ictimaiyyətə çatdırmaqdan utanmırlar. Tramp da onlardan geri qalmır. O, bu gün sülhdən danışır, sabah isə İranı qara günə qoyacağını açıqlayır. Trampın açıqlamalarına əsasən hadisələri analiz etmək olmaz”.
Sabiq deputatın fikrincə, SEPAH ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olacağı təqdirdə atəşkəsi pozacağını bildirib:
“Onlar anlamalıdırlar ki, ABŞ donanması yalnız hərbi gəmilər vasitəsilə Hörmüzü blokadaya ala bilər. Lakin boğaz vasitəsilə İranı da blokadaya almaq cəhdi hərbi cəhətdən çətindir. Fikrimcə, Hörmüz boğazının blokadaya alınması effekt verəcək. Artıq gəmilər boğazda qismən hərəkət etməyə başlayıblar. Boğazda gəmilərin fəaliyyəti rəsmi Tehran üçün raket və nüvə proqramından da daha böyük əhəmiyyət kəsb edir. Buradan keçən gəmilərin hərəkətinin dayandırılması İranın reputasiyasına ziyan vurur. Beynəlxalq gəmiçilik qaydalarına əməl olunmaması digər ölkələri də təşvişə salıb. Məhz buna görə Trampın, boğazın açılması ilə bağlı İrana təzyiq siyasəti həmin dövlətlər tərəfindən yüksək qiymətləndirilir. Bir sözlə, Tramp bu məsələdə də qabağa düşdü”.