Alimlərin üzünə gün nə vaxt doğacaq?

Təsadüfi adamları elmdən uzaqlaşdırıb, maaşları artırmaq lazımdır


Millət vəkili, AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva 2019-cu ilin dövlət büdcəsinin sosial yönümlü, investisiya yönümlü olaraq ölkəmizin və xalqımızın yeni mərhələdə hərtərəfli inkişafını təmin edəcəyini düşünür.

Elmə ayrılan xərclərin ötən illə müqayisədə 4,2 faiz çox olduğunu vurğulayan akademik deyib ki, həmin xərclər fundamental elmi tədqiqatlarla məşğul olan təşkilatların idarə edilməsi, konkret praktiki məqsədlərə nail olmaq üçün yeni biliklərin əldə edilməsi, istifadəsi, qurğuların yaradılması, yeni proseslərin, sistemlərin və xidmətlərin tətbiqi və təkmilləşdirilməsi, qeyri-dövlət elmi-tədqiqat təşkilatları tərəfindən həyata keçirilən fundamental tədqiqatlara yardım üzrə xərclərin maliyyələşdirilməsinə yönəldiləcək.

Deputatın sözlərinə görə, beynəlxalq təcrübəyə əsasən elm və texnologiyanın inkişaf vəziyyəti ölkənin inkişaf səviyyəsindən birbaşa asılıdır. Dünya təcrübəsinə əsasən hər bir ölkədə elmi tədqiqatlara ayrılan xərclər ÜDM-nin ən azı 2 faizini təşkil etməlidir. G.Baxşəliyeva vurğulayıb ki, bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır: "Doğrudur, möhtərəm prezidentimizin fərmanları ilə son illər ərzində EA əməkdaşlarının maaşları bir neçə dəfə artırılıb. Son vaxtlar müxbir və həqiqi üzvlərin rütbə maaşları əhəmiyyətli artıb. Lakin açığını demək lazımdır ki, EA-nın digər əməkdaşlarının məvacibləri günün tələblərinə uyğun deyil. Mövcud məvaciblər hələ də elmin inkişafını təmin edəcək səviyyədə deyil. Belə vəziyyətdə elmdə inkişafa nail olmaq çətin bir məsələdir. Maddi problemlər elmdə yeniləşməyə, varislik ənənələrinin qorunmasına da ciddi əngəl törədir. Mövcud maliyyə təminatı gənclərin elmə gəlişinə stimul yaratmır. Bir vaxtlar EA institutlarına can atan ali məktəb məzunları indi başqa, daha gəlirli sahələrə üz tuturlar. Nəsillər arasında əlaqənin qırılması isə elm üçün böyük təhlükədir".

Filosof-alim Faiq Qəzənfəroğlu da "Şərq”ə açıqlamasında millət vəkilinin fikirləri ilə həmrəy olduğunu deyib. Bu amil elmin inkişafına əsas əngəllərdən biri, bəlkə də birincisidir: 

"Şəxsən mən fəlsəfə doktoru, dosent kimi aldığım maaşla kifayət qədər elmi yaradıcılıqla məşğul ola bilmirəm. Ən yaxşı halda bir universitetdə dərs demək əvəzinə, bir neçəsinə müraciət etməli oluram. Halbuki, Akademiyadan aldığımız maaş normal olsa, mən öz vaxtımı yalnız kitabxanalara həsr edər və elmi məqalələr, kitablar yazaram. Eyni zamanda, yerli və beynəlxalq konfranslarda daha çox iştirak edərəm. Doğrudur, mən özüm bacardığım qədər elmi yaradıcılıqla daha çox məşğul oluram. Ancaq etiraf etməliyəm ki, maaşın yetərincə olmaması səbəbindən, bir neçə universitetdə dərs deməyim elmin, işin keyfiyyətinə istər-istəməz təsir göstərir”.

Filosof hesab edir ki, elmin keyfiyyəti ilə bağlı problemi yalnız maaşla əlaqələndirmək olmaz. Burada təsadüfi işçilərin rolu da az deyil: 

"Elmin keyfiyyətinin artması üçün təsadüfi adamları elmi müəssisə və təşkilatlardan uzaqlaşdırıb müəyyən qədər maaşları da artırmaq mümkündür. Digər tərəfdən, elmə hələ də keçmiş sovet nomenklaturası baxımından yanaşmaq da əsas problemlərdən biridir. Yəni ancaq qeyri-müəyyən formada yuxarının necə baxması prinsipi ilə elmdə yeniliklər etmək mümkün deyil. Bu anlamda əsas məsələlərdən biri də elmi yenilikləri yuxarının göstərişi şüurundan uzaq şəkildə ortaya qoymaq vacibdir”.

Təhsil eksperti Kamran Əsədov deyib ki, bu gün Azərbaycan elminin, Azərbaycan aliminin hazırkı vəziyyəti dünya standartlarına cavab vermir. Onun sözlərinə görə, 2016-cı ildə elmlər namizədlərinin 86,2 faizinin yaşı 40-dan, elmlər doktorlarının 60 faizinin yaş həddi 60-dan çox olub. 

Ölkə üzrə elmlər doktorlarının cəmi 0,5 faizi 31-40 yaş həddindədir. Elmlər namizədlərinin isə 2,1 faizinin yaşı 30-dan aşağıdır: 

"Elmi nailiyyətlərin istehsala tətbiqini xarakterizə edən bir statistik göstəricini də əlavə etmək yerinə düşərdi. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə sənayedə innovasiya məhsulunun xüsusi çəkisi ümumi sənaye məhsullarının cəmi 0,03 faizini təşkil edib. Həmin ildə sənayedə texnoloji innovasiyalara çəkilən xərclər 2015-ci ildəki 53,3 milyon manatdan 8 milyon manata qədər azalıb. Yaranmış vəziyyətin səbəbləri Milli Strategiyada ətraflı işıqlandırılıb və qarşıya qoyulan məqsədlər, vəzifələr, onların yerinə yetirilməsini təmin edən tədbirlər kompleksi müəyyənləşdirilib.

Əlverişli şəraitin yaradılması üçün əlbəttə ki, əməkhaqları təsir göstərir, amma düşünürəm ki, ilk növbədə gənclərin, bilik və bacarıqları dünya səviyyəsində olan şəxslərin yetişdirilməsi üçün vəsait ayrılmalıdır. Təəssüf ki, bizim alimlərin çoxu xarici dili bilmir. Əməkhaqqını qaldırmaqla bu problemin həlli mümkün deyil, daha geniş işlər aparılmalıdır”.

Şəymən