“Alimlərin yataqxanası” sökülür

Artıq binadakı sakinlərin 80 faizi köçürülüb
Bəziləri isə onlara veriləcək yeni mənzillərin kvadratı ilə razılaşmırlar


Yasamal rayonu, Şərifzadə küçəsi 33 ünvanında yerləşən "alimlərin yataqxanası” kimi tanınan bina sökülməyə başlanıb. Söküntü işləri ilə bağlı onlara öncədən heç bir məlumat verilmədiyini vurğulayan sakinlərin sözlərinə görə, birdən-birə uçurulmağa başlayan evlərinin söküntüsünü aparan şəxslər, onlara mənzillərini təcili tərk etmələrini söyləyirlər.

Söküntü işlərini isə "İnşaat və Konstruksiyalar” şirkəti aparır. Sakinlərin iddiasına görə, onlara yeni binanın 1 il 6 aya tikilib təhvil veriləcəyini söyləyiblər.

Qeyd edək ki, sözügedən bina 1965-ci ildə istifadəyə verilib. 2002-ci ilə qədər akademiyanın balansında olub. 2002-ci ildən sonra isə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib və buradakı evlər sahibləri tərəfindən özəlləşdirilib. Yəni burada bütün evlərin hər bir sənədi yerindədir.

Vətəndaşların Əmək Hüquqları Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov isə bu cür qanunsuzluqların çox olduğunu deyib: "Əvvəllər mənzillər sakinlərin adlarına özəlləşdirildiyi halda şirkətlər məhkəmələrdə udurdular. Amma sonra ali məhkəmə həmin praktikaya son qoydu. Əslində həmin bina dövlətin tabeliyində olsa belə gecənin bir yarısı buldozeri işə salıb, insanları təşvişə salmaq qanunsuzluqdur. Əgər şirkət həmin ərazidə bina tikmək istəyirsə, ilk öncə sakinlərin maraqlarına uyğun kompensasiyalar verməli, yaxud da ailələri öz mənzillərinin kvadratmetrinə uyğun şəkildə mənzillə təmin etməlidir. İnsanlar yaşaya-yaşaya binada söküntü işləri aparmaq qanunları heçə saymaqdır. Amma çox təəssüflər olsun ki, biz praktikada bu cür qanunsuzluqlarla çox rastlaşmışıq. Əvvəl mənzillərə verilən işığı, qazı, suyu məhdudlaşdırmaqla hədə-qorxu gəlirlər. Sakinlərin bu cür təzyiqlər qarşısında duruş gətirdiklərini gördükdə isə xəbərdarlıq etmədən texnikanı işə salıb, söküntü tədbirlərinə başlayırlar”.

Bu cür hüquq pozuntusunun yolverilməz olduğunu vurğulayan S.Məmmədov deyib ki, bir çox hallarda hökuməti təmsil etməyən özəl şirkətlər kimlərinsə himayəsi altında bu cür haqsızlıqlara yol verirlər. Sakinlərin etirazlarına isə heç bir qurum məhəl qoymur”.

Yasamal Rayon İcra Hakimiyyətinin müavini Şahin Məmmədov isə söküntü aparılan binanın qəzalı vəziyyətdə olduğunu deyib: "İşlər Nazirlər Kabinetinin 25 fevral 86 saylı qərarı əsasında aparılır. Artıq oradakı sakinlərin 80 faizi köçürülüb. Beş-altı nəfər qalıb ki, onlar da nədənsə narazıdırlar. Həmin sakinlərlə görüş də keçirildi. İzah olundu ki, köçməlidirlər. Həmin sakinlərə kirayə haqqı verilir və yeni tikilən binadan indiki mənzillərinin ərazisindən 20 faiz artıq sahəsi olan ev veriləcək. Sakinlər deyirlərsə ki, yeni mənzillərin kvadratı azdır, bu doğru deyil”.

Şəymən