Elman Nəsirov: "Hamburqdakı etiraz aksiyasında 10 - larla insan polis təzyiqinə məruz qalıb və saxlanılıb, Türkiyədə müxalifətin mitinqi isə tamamilə dinc şəraitdə keçib"
"Özünü insan hüquqlarının, demokratiyanın müdafiəsinin bayraqdarı hesab edən Avropa dövlətləri, ABŞ hərdən elə davranış nümayiş etdirir ki, bütün dünyanı təəccübləndirir”.
Bunu Sherg.az-a Almaniyada G20 sammiti zamanı baş verən ixtişaşların amansızlıqla yatırılmasına münasibət bildirərkən millət vəkili Elman Nəsirov deyib.
Müqayisə olaraq, ötən gün Türkiyədə keçirilən mitinqlərdə heç bir xoşagəlməz halın yaşanmadığını xatırladan deputatın sözlərinə görə, bütün bunlara rəğmən özünü demokratiyanın beşiyi sayan dövlətlər Türkiyə kimi ölkələrə qarşı hədə-qorxu və həqarətlə danışırlar:
"Böyük 20-liyin Hamburqda keçirilən sammitində anoloji vəziyyətin şahidi olduq. Göründü ki, anti-qlobalistərin həmin toplantı, burada səsləndirilən fikirlərlə bağlı əks mövqeyini ifadə etmək üçün keçirdikləri nümayişə qarşı polis necə davranış tərzi nümayiş etdirdi. Çoxsaylı təzyiqlər, polisin həddindən artıq sərt davranışı, həbslər və s. – bunları gördükdən sonra məlum olur ki, bu tip nümayişlər başqa ölkələrdə keçirildikdə, polis hüququn prinsiplərinə uyğun hərəkət etdikdə qərb ölkələri təzyiq addımlarına keçirlər. Türkiyədə müxalifətin mitinqinin nə dərəcədə dinc aparıldığının şahidi olduq. Heç bir polis müdaxiləsi edilmədi və müxalifət öz mövqeyini müdafiə etdi.
Bütün bu hadisələri müqayisə etdikdə Türkiyə və Azərbaycan cəmiyyətində suallar yaranır. Əgər Avropa İttifaqı (Aİ) Türkiyəni öz sıralarına daxil etmək üçün bəhanə qismində guya qardaş ölkədə insan hüquq və azadlıqlarının tapdanmasını irəli sürürsə, Aİ-nin katalizatoru olan Almaniyada polisin sərt davranışı və özbaşınalıq nə ilə bağlıdır? İndiki halda necə Türkiyəni ittiham etmək olar ki, bu ölkədə insan hüquq və azadlıqları pozulur? Halbuki Türkiyə bir çox məsələdə Avropaya nümunə olacaq davranış nümayiş etdirir. Göstərir ki, vətəndaş və polis arasında uyğun münasibət olmalıdır”.
E.Nəsirov əlavə edib ki, Almaniya və Türkiyədə polisin vətəndaşa münasibətini nümayiş etdirən hadisələrdən sonra qardaş ölkənin Aİ-ə qəbul olunmamasının əsas səbəbi ortaya çıxır:
"Bu qənaətə gələ bilərik ki, əslində heç də insan hüquq və azadlıqları səbəb deyil. Bu, Türkiyəyə qarşı qərəzli yanaşmanın sübutudur. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözləri ilə desək, Aİ-ni bir xristian klubuna çeviriblər və Türkiyə müsəlman ölkəsi olduğundan ona yer tapılmır. İnsan hüquq və azadlıqları isə sadəcə bəhanədir”.
Aysel Aslan