Sadəcə, Səudiyyə Ərəbistanından əlavə pul qopartmaq istəyirlər
ABŞ Prezidenti Donald Tramp Amerika hərbçilərinin Suriyadan çıxma vaxtının çatdığını bəyan edib. Ağ Ev rəhbəri Amerikanın Suriyadakı qoşunlarının geri çəkilməsi ilə bağlı tədbirlər hazırlandığını bildirib. Trampın sözlərinə görə, bölgədə İŞİD terror təşkilatı sıradan çıxarıldığı üçün hərbçilərin Suriyada qalmasına ehtiyac yoxdur: "Əgər əsgərlərimizin Suriyada qalması zəruridirsə, Səudiyyə Ərəbistan kimi ölkələr bunu istəyirsə, o zaman ordunun xərclərini özləri ödəməlidir.
Vaşinqton əlavə vəsait sərf etmək niyyətində deyil”. Xatırladaq ki, ABŞ rəhbəri artıq ikinci dəfədir ki, terror məsələsinin qapandığını, bu səbəbdən hərbiçilərin Suriyanı tərk edəcəyini açıqlayıb. Bəzi siyasilər də Yaxın Şərqdə İŞİD təhlükəsinin sona çatdığını iddia edirlər. Ancaq əksəriyyət hesab edir ki, Amerika qoşunlarının bölgədən geri çəkilməsi hansısa başqa planlardan xəbər verir. Məsələ ilə bağlı "Şərq”ə danışan "Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli deyib ki, Tramp biznesmendir, prezident olmağına baxmayaraq, öncə ABŞ-ın iqtisadi maraqlarını düşünür: "Tramp üçün Amerikanın siyasi maraqları iqtisadi maraqlarından sonra gəlir. Biznesdən siyasətə gələn adamların belə düşünməsində təəcüblü heç nə yoxdur. Tramp prezidentliyinin ilk dönəmində Avropa Birliyinə də eyni mesajı vermişdi. Demişdi ki, "əgər istəyirsizsə ki, bizim əsgərlər sizi ruslardan qorusun, o zaman pul verin”. Avropa hələ də bu sözlərin şokundan ayılmayıb. İndi eyni məna kəsb edən sözlər Yaxın Şərq üçün söylənilir. Reallıq isə odur ki, Amerika Suriyadan heç yerə çıxan deyil. Sadəcə, Səudiyyə Ərəbistanından əlavə pul qopartmaq istəyirlər. Əminliklə deyirəm ki, Səudiyyə Ərəbistan ABŞ-a istədiyi məbləği ödəyəcək”. Analitik bildirib ki, Yaxın Şərqdə terrorçuların İŞİD və ya hansısa başqa adla çıxış etmələri əhəmiyyət kəsb etmir. Əsas odur ki, bölgədə terror bəlası hələ də qalmaqdadır: "Müsəlman torpaqları başqa dindən olan orduların işğalı altında qaldığı müddətcə, terror təşkilatları müxtəlif adlarla təcavüzkar dövlətlərin maraqlarına uyğun fəaliyyət göstərəcək. Dünən işğalçıların istəyi ilə "Əl-Qaidə” yaradıldı, bu gün İŞİD var, sabah da başqaları olacaq”.
İsmayıl