Amerikanın Zərrab oyunu...

Hədəf Türkiyə dövləti və onun başında duran Rəcəb Tayyib Ərdoğandır
Rza Zərrabın prosesi birbaşa FETÖ və onları idarə edən Mərkəzi Kəşfiyyat İdarəsinin nəzarətindədir





AKP İstanbul millət vəkili Mustafa Şentop iş adamı Rza Zərrabın Türkiyə üçün qurulan bir planın parçası olduğunu deyib. Deputatın fikrincə, onun xaricə getməsinə göz yuman şəxslər üzə çıxarılmalıdır. Şentop Zərrabın Türkiyədən gedişinin ölkəyə xəyanət olduğunu söyləyib: "Zərraba ABŞ-da müəyyən istiqamətdə ifadə verməsi üçün təzyiq göstərilib. Onun qaçışına yardımçı olanları mütləq araşdırmaq lazımdır.

Zərrab hadisəsi 17-25 dekabrda FETÖ-nün əli ilə həyata keçirilməyə çalışılan əməliyyatın davamıdır. Burada əsas aktyor olaraq Zərrabdan istifadə edilir. Xatırladaq ki, Türkiyənin tanınmış iş adamı Rza Zərrab ABŞ-da keçirilən məhkəmə prosesində türkiyəli nazirə 45-50 milyon avro rüşvət verdiyini iddia edib. Məhkəmədə şahid kimi çıxış edən Rza Zərrab ifadəsində "ABŞ hökuməti ilə əməkdaşlığa getməyin və məsuliyyəti qəbul etməyin həbsxanadan çıxmağın ən sürətli yolu” olduğunu anladığını bildirib. Prosesi izləyən jurnalistlər Rza Zərrabın həyəcanlı göründüyünü, suallara cavab verərkən ittihamçının gözlərinə baxdığını bildiriblər. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ-da həbsdə olan iş adamı Rza Zərrabın həbsi vasitəsi ilə Türkiyəyə qarşı təşkil olunmuş qaralama kampaniyası haqda danışıb. Prezident deyib ki, məhkəmənin nəticəsi nə olursa-olsun, Türkiyə doğru olanı edib və İrana qarşı sanksiyanı pozmayıb: "Biz ABŞ qarşısında İranla ticarət əlaqəsi qurmayacağımıza dair öhdəlik götürməmişik. İranla enerji və ticarət əlaqələrimiz var”. Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ da bu işi Türkiyəyə qurulan tələ adlandırıb.

Zərrab olayı ilə bağlı "Şərq”ə açıqlama verən politoloq Natiq Miri millət vəkili Mustafa Şentopun sözlərinin doğru olduğunu deyib. Ekspertin fikrincə, Rza Zərrabın prosesi birbaşa FETÖ və onları idarə edən Mərkəzi Kəşfiyyat İdarəsinin nəzarətindədir: 

"Zərrab məsələsi hüquqi proses olaraq başlasa da, sonradan müəyyən geosiyasi maraqlar konteksində siyasi məsələyə çevrildi. Artıq baş verənlər və Zərrabın ifadələri onu göstərir ki, hədəf Türkiyə dövləti və onun başında duran Rəcəb Tayyib Ərdoğandır. Əslində bunun səbəblərini ötən gün ABŞ-ın dövlət katibi Tillerson açıqladı. O, birmənalı bildirdi ki, Türkiyənin Rusiya və İranla yaxınlaşması Ağ Evi ciddi şəkildə narahat edir. Çünki bu üç dövlətin əməkdaşlığı Amerikanı Suriya prosesindən kənarda qoyub. Təkcə Suriya və İraqda deyil, bütövlükdə Yaxın Şərqdə Türkiyə-Rusiya-İran formatı ciddi güc mərkəzinə çevrilib. Vaşinqtondakı müəyyən dairələr Ankara hökumətini geri addım atmağa məcbur etmək üçün düyməyə basıblar. 

Xeyli müddətdir Qərb mediasında Türkiyəyə və Ərdoğana qarşı savaş başladılıb. İş adamı Rza Zərrabın ortaya atılması, xüsusən onunla bağlı qəfil mövqe dəyişikliyi də məhz bununla bağlıdır. Məqsəd 2019-cu ildə keçiriləcək prezident və parlament seçkilərində AKP hökumətini zəif düşürmək, Ərdoğanı hakimiyyətdən devirməkdir. Ərdoğanı Rza Zərrabın əli ilə yıxmağa çalışırlar”.

İsmayıl