"Bu təşkilatın aqibəti Etibar Məmmədovun siyasətdə uğurlu addım atıb-atmaması ilə səciyyələnib”
Azərbaycan Milli İstiqlal Partiyasının təsis olunmasından 25 il ötür. Bu müddət ərzində AMİP ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayıb və proseslərə nüfuz edən aparıcı partiyalardan olub. Məlumat üçün deyək ki, təşkilat 1992-ci il iyul ayının 4-də yaradılıb və iki həftədən sonra Ədliyyə Nazirliyində ilk rəsmi qeydiyyatdan keçib.
AMİP siyasi hakimiyyət uğrunda mübarizə apardığını elan edən ilk siyasi təşkilatdır. Ölkənin 73 rayonunda yerli təşkilatları olan partiyanın minlərlə üzvü var. Qurumun lideri Etibar Məmmədovdur. 2015-ci ildə partiya sədri Yusif Bağırzadənin istefa verməsindən sonra təşkilata müvəqqəti sədrliyi baş katib Arzuxan Əlizadə həyata keçirir. Növbəti qurultayda partiyaya yeni sədrin seçilməsi planlaşdırılır.
Partiyanın 25 illik fəaliyyəti ilə bağlı "Şərq”ə danışan siyasi ekspert Azər Rəşidoğlu deyib ki, AMİP milli azadlıq hərəkatının öncüllərindən olan Etibar Məmmədovun adı ətrafında formalaşmış partiyadır. Ekspertin sözlərinə görə, bu təşkilatın aqibəti Etibar Məmmədovun siyasətdə uğurlu addım atıb-atmaması ilə səciyyələnib: "Digər partiyalarda mübarizə sınağından birlikdə çıxan, uzun zaman çiyin-çiyinə savaşan insanlar toplaşırdılarsa, AMİP-də sadəcə Etibar Məmmədova simpatiyası olan şəxslər cəmləşirdi. AMİP dəfələrlə ciddi sınaqlar qarşısında qalıb. 1993-cü ildə partiya rəhbərliyinin böyük bir hissəsi qurumdan uzaqlaşaraq, Azərbaycan Demokratik İstiqlal Partiyası yaradıblar. Bundan sonra AMİP uzun müddət siyasətdə uğur qazana bilməyib. 1998-ci il prezident seçkisindən sonra Etibar Məmmədova münasibət dəyişib. Həmin müddətə qədər E.Məmmədov ölkə siyasətinin önəmli simalarından hesab olunurdu. Daha sonra Əli Əliyevin partiya sədri olması ilə quruma yeni nəfəs gəldi. Lakin Əli Əliyevin Etibar Məmmədovdan fərqli siyasət yeritməsi müəyyən narazılıqlara səbəb oldu. Nəticədə Ə.Əliyev AMİP-dən uzaqlaşdırıldı. Ancaq bütün bunlara baxmayaraq, artıq Etibar Məmmədov Azərbaycan siyasətindən kənarda qalıb. Onun yenidən siyasətə aktiv müdaxilə etməsi imkansızdır”.
Siyasi şərhçi bildirib ki, partiya lideri qurum ətrafında baş verən proseslərə demək olar ki, seyirçi mövqe nümayiş etdirməkdədir:
"AMİP rəhbərliyinin dəyişməsi önəm kəsb etmir. Lap Etibar Məmmədovun özü yenidən partiya sədrliyini ələ alsa belə hansısa uğurdan danışmaq mümkün olmayacaq. Çünki Azərbaycan siyasətində ənənəvi partiyalar tənəzzül dövrünü yaşayır. Ölkədə tamamilə yeni bir situasiya formalaşıb. Yeni partiyaların meydana çıxması, gənc siyasətçilərin ortaya atılması dövrün tələbidir. Bu baxımdan bir çox partiya liderləri, o cümlədən E.Məmmədov artıq siyasətin keçmişi sayılırlar. Şübhəsiz ki, Azərbaycanın milli azadlıq və demokratik hərəkatında Etibar Məmmədovun böyük rolu olub. O, fəaliyyəti dövründə müsbət addımlar atıb. Amma bununla yanaşı, mənfi hərəkətlərlə də yaddaşlarda qalıb”.
İsmayıl