“Dəmir çatışmazlığı hamilə qadınlar üçün riskli vəziyyətdir. Amma bütün hamilə qadınlara bu preparatlar təyin edilmir”
Ana və körpə ölümləri azalacaq
Gənc qızlara dəstək kimi ödənişsiz dəmir, folium turşusu preparatları veriləcək
“Dəmir çatışmazlığı hamilə qadınlar üçün riskli vəziyyətdir. Amma bütün hamilə qadınlara bu preparatlar təyin edilmir”
“Dəmir çatışmazlığı hamilə qadınlar üçün riskli vəziyyətdir. Amma bütün hamilə qadınlara bu preparatlar təyin edilmir”
Azərbaycanda qadınların hamiləlik və doğuşdan sonrakı dövrdə dəmir, folium turşusu preparatları ilə ödənişsiz təmini ilə bağlı dövlət proqramının qəbul olunması lazımdır.
Bunu Trend-ə BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin baş müşaviri Fərid Babayev deyib.
Onun sözlərinə görə, ana və uşaqların mühafizəsi xidmətinin bütün əməkdaşlarının qarşısında dayanan qlobal vəzifə ana və uşaq ölümlərinin azalması, yeni doğulanlar üçün tibbi xidmət keyfiyyətinin yüksəlməsi, yeniyetmə və gənclərin sağlamlığının qorunmasıdır.
BMT təmsilçisi qeyd edib ki, ölkədə vaxtından əvvəl doğuşların sayının təhlili bu göstəricinin artım tendensiyasını nümayiş etdirib: "2005-2014-cü illər arasında bu rəqəm 1,8 faizdən 2,7 faizədək, 2015-ci ildə 3,7 faiz artıb. Respublikada evdə doğuşların sayında azalma qeydə alınıb. Əgər 2008-ci ildə evdə doğuş 2,5 faiz idisə, 2015-ci ildə bu 0,9 faizədək düşüb. Evlərdə doğuş əsasən ucqar kənd yerlərində qeydə alınır, amma bu göstəricidə də azalma tendensiyası göstərir”.
F.Babayevin fikrincə, Azərbaycanda ana ölümlərinin qarşısı alına bilən səbəblərini daha ətraflı öyrənmək üçün məlumat toplanılmasını təkmilləşdirmək və mamaçalıqda kritik vəziyyətlərin təhlili məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının metodologiyasını tətbiq etmək lazımdır.
BMT-nin Əhali Fondunun təklifi müsbətdir. Dəfələrlə müşahidə etmişik ki, ana və körpə ölümlərində qan azlığı əsas gətirilib. Həkimlər hamilə qadınların vaxtlı-vaxtında müayinədən keçməsini tələb edir. Hamilə qadının özü də anlayır ki, müayinələrə getməli, qan analizləri verməlidir. Lakin bəzən buna maddi imkansızlıq mane olur. BMT-nin Əhali Fondunun təklif etdiyi dəmir, folium turşusu preparatının (el arasında buna "plazma” da deyilir) qiyməti, əldə etdiyimiz məlumata görə, 120 manat dəyərindədir. Doğuşa hazırlaşan hamilə qadınlara və bəzi hallarda doğuşdan sonra da qadının yaxınlarından məhz bu preparatın alınması istənilir. Amma 120 manata dərman preparatı almağa, etiraf edək ki, gücü çatmayan ailələr də olur. Bu mənada hamilə qadınlara belə preparatların dövlət tərəfindən təmənnasız - ödənişsiz verilməsi, təbii ki, ana və körpə ölümlərinin qarşısının alınmasında əhəmiyyətli addım olar.
Məsələyə münasibət bildirən tibb elmləri üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı "Şərq”ə açıqlamasında BMT-nin Əhali Fondunun təklifinin çox vacib olduğunu dedi:
- Qadınların hamiləlik və doğuşdan sonrakı dövrdə dəmir, folium turşusu preparatları ilə ödənişsiz təmini təklifi çox təqdirəlayiqdir. Bununla bağlı Dövlət Proqramı qəbul edilərsə, həqiqətən də gənc analara böyük dəstək verilmiş olar. Dəmir çatışmazlığı hamilə qadınlar üçün riskli vəziyyətdir. Amma bütün hamilə qadınlara bu preparatlar təyin edilmir. Preparat hamilə qadının qan analizlərinin nəticələrinə uyğun təyin edilir. Hamilə qadın 9 ay müddətində həkim nəzarətində olmalıdır. Hamilə qadın vaxtaşırı qan analizləri verməlidir və bilinməlidir ki, hansı çatışmazlıqlar var. Buna uyğun olaraq da qadına dəmir, folium turşusu preparatları ya təyin edilir, ya da edilmir. Yenə deyəcəyəm, təəssüf ki, bizim xalqda vaxtında müayinə olunmaq, profilaktik tədbirlər görmək xüsusiyyəti yoxdur. Sonradan yaşanan fəsadların ilk səbəbi məhz budur. İstər gənc xanım olsun, istərsə də onun valideynləri, həyat yoldaşı, qayınanası anlamalıdırlar və birdəfəlik bunu qəbul etməlidirlər ki, hamiləlik dövründə insan orqanizmində çox mühüm dəyişikliklər gedir. Zarafat deyil, insan yeni bir insan dünyaya gətirməyə namizəddir. Orqanizmdəki bütün mikroelementlər o yeni insanın formalaşmasına, böyüməsinə, inkişaf etməsinə səfərbər olur. Tibbi dildə desək, söhbət dölün inkişafından gedir. Təbii ki, belə vəziyyətdə orqanizmdəki mikroelementlərdə azalma baş verir. Bunu bilmək üçün də, gərək hamilə qadın mütəmadi, həkimin ona təyin etdiyi zamanlarda müaynələrdən keçsin, qan analizləri versin, ultrason müayinədən keçsin. Hamilə qadında damir çatışmzalığı da ola bilər, qan azlığı da, başqa çatışmazlıqlar da. Müayinələr zamanı bunlar müəyyənləşdikdə müalicə həkimi hamilə qadına lazımi preparatlar təyin edir və onların qəbul olunmasını tapşırır. Qan faizi normadan aşağı olduqda həmin dəmir, folium turşusu preparatı qadınlara təyin edilir. Bunlar həb şəklində də olur, inyeksiya formasında - sistem şəklində də. Qan faizindən asılı olaraq ya həblər təyin edilir, ya da sistem vurulması. Bu preparatlar əlbəttə ki, sağlam nəslin yetişməsi üçün çox vacibdir. Çünki əks halda müxtəlif patalogiyalarla üzləşmək riski mövcuddur.
Ş.Namazlı hamilə qadınların çox zaman yerli poliklinikalara müraciət etmədiyini, daha çox özəl klinikalara üz tutduğunu da bildirdi:
- Bəli, yerli poliklinikalara müraciət edənlər azdır. Halbuki poliklinikalarda ümumi müayinələr, ultrason müayinələri ödənişsiz həyata keçirilir. Lakin xanımlarımız özəl klinikalara üstünlük verir. Bu da səbəbsiz deyil. Hamiləliklə bağlı hər hansı patalogiya müəyyənləşdikdə, dəqiq analizlər üçün onsuz da xanımları stasionara göndərirlər. Hansısa xəstəxanaya, yaxud özəl klinikaya. Çünki xəstəxanlarda, özəl klinikalarda, tibbi mərkəzlərdəki şərait poliklinikalarda yoxdur. İstər tibbi personal baxımından, istərsə də, avadanlıqlar baxımından. Ona görə də xanımlar düşünür ki, poliklinika onsuz da harasa başqa yerə göndərəcəksə, elə bəri başdan klinikaya, tanıdığım, məsləhət bilinən həkimə müraciət edim. Poliklinikadakı qaydalarla, şəraitlə klinikalardakı vəziyyət eyni deyil. Bilirsiz, ən əsası isə pasiyentlə davranışdır. Burada üçlü - tibbi-mənəvi-psixoloji amil rol oynayır. Pasiyentin gülərüzlə, xoş rəftarla qəbulu böyük əhəmiyyət daşıyır. Amma bəzən poliklinikalarda, hətta klinikalarda da tibbi personal pasiyentlə elə kobud rəftar edir ki, insanlar oradan tez uzaqlaşmaq istəyir. Həkim üçün təkcə tibbi bilikləri, savad yetərli deyil, pasiyenti inandırmaq, ruhlandırmaq bacarığına da sahib olmalıdır.
Məlahət Rzayeva