Anti-milli qüvvələr ölkəmizdəki sabitliyi poza bilməyəcəklər

Söyüş dəstəsinin fəaliyyəti sosial şəbəkədən o tərəfə keçməyəcək




Azərbaycan dövlətini və xalqını hədəf seçən Avropadakı söyüş dəstəsinin budəfəki istinad nöqtəsi Ermənistanda baş verən etiraz aksiyalarıdır. Təxribatçı gənclər həyasızcasına təcavüzkar Sarkisyan rejimi ilə Azərbaycandakı demokratik hökuməti müqayisə etməyə cəhd göstərirlər.

İşğalçı ermənilərlə xalqımızı eyniləşdirən yad düşüncə sahibləri Azərbaycan vətəndaşlarını heç bir əsas olmadan etirazlara səsləyir, ölkəmizin qarışması üçün əllərindən gələni edirlər. Ekspertlərə görə, anti-Azərbaycan qruplaşmanın Xocalı soyqırımını törədən bir toplumdan nümunə götürməsi onların milli-mənəvi dəyərlərə nə qədər yad olduqlarının ən bariz göstəricisidir. Həm də görünən odur ki, hər şeydən əlləri üzülən, təhqir və böhtanlardan istədiklərini ala bilməyən "soydaşlarımız” artıq başqa çarələr axtarmağa çalışırlar. Onların Avropada Azərbaycanı təmsil edən həqiqi vətənpərvər şəxslərə yaxınlaşaraq onlardan imdad diləmələri də bunun əyani sübutudur.

Bu barədə "Şərq”ə danışan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, tanınmış hüquqşünas Əhməd Şahidov deyib ki, Ermənistanda baş verənlər ermənilərin daxili işidir və heç bir halda Azərbaycana aidiyyəti yoxdur. 

Ancaq Azərbaycanı sevməyən, xüsusən də Avropada erməni yönümlü beynəlxalq dairələrdən qrant alaraq ölkəmizə qarşı təbliğat aparan qüvvələr bunu özləri üçün bir fürsət bilirlər. Hüquqşünasın sözlərinə görə, onların məqsədi Azərbaycanda vətəndaş itaətsizliyinə, xaosa səbəb olmaqdır: "Bu da anti-milli qüvvələrin növbəti dəfə Azərbaycan dövlətinə qarşı yürütdüyü çirkin kampaniyadır. Həmin insanlar başa düşmürlər ki, Ermənistanla Azərbaycan arasında çox böyük fərq var. Birincisi, Ermənistandan fərqli olaraq Azərbaycan müstəqil dövlətdir. Biz öz daxili və xarici siyasətimizi müstəqil yürüdürük, heç bir ölkənin forpostu deyilik. Ermənistan isə Rusiyanın vassalı olaraq fəaliyyət göstərir. Hazırda Ermənistanda prezident seçilən Armen Sarkisyan belə müstəqil qərar verə bilmir və Kremldən təlimat gözləyir. Ermənistanda bu gün əhalinin sosial durumu çox ağır vəziyyətdədir. İllərdir, erməni xalqı onlara aidiyyəti olmayan bir müharibənin içinə sürükləniblər. 20 faiz torpaqlarımızın 26 ildir işğalda saxlanması İrəvana böyük maliyyə və insan itkilərinə başa gəlib. Bu da sıravi erməniləri bezdirib. Ermənilər özlərinə məxsus olmayan torpaqlar üçün ölmək istəmirlər. Ona görə də erməni xalqı Serj Sarkisyana qarşı çıxdılar və onu devirdilər. Sarkisyanın öz hakimiyyətini uzatmaq cəhdi isə səbr kasasının daşmasına səbəb oldu”. Ekspert deyib ki, əgər kimlərsə bu real fərqi görmürsə, deməli, onlar qərəzlidir, niyyət və məqsədləri başqadır: "Dünyanın neft-qaz və siyasi mərkəzlərindən birinə çevrilən, bölgədə söz sahibi olan Azərbaycanla işğalçı və kasıb Ermənistanı müqayisə etmək çox absurddur. Bunu edənlərin anti-milli fəaliyyət içində olması hamıya bəllidir. Onlar prezident seçkisi öncəsi müxtəlif təxribatlara əl atsalar da, heç nə edə bilmədilər. Xalqın böyük əksəriyyətinin cənab İlham Əliyevi dəstəkləməsi onlara dərs oldu. İndi də ölkəmizdəki siyasi-ictimai sabitliyi pozmağa çalışırlar. Amma buna nail ola bilməyəcəklər. Həmin qruplaşmanın fəaliyyəti sosial şəbəkədə kampaniya olmaqdan o tərəfə keçə bilməyəcək. Onların bütün təxribatları uğursuzluqla nəticələnəcək”.

İsmayıl