“Aprel döyüşləri beynəlxalq miqyasda dəyişikliklərin yaranmasını şərtləndirdi”

"2016-cı il aprel döyüşləri çağdaş tariximizdə ən əhəmiyyətli səhifələrdən biri olmaqla ölkəmiz, xalqımızın qətiyyətini, mübarizə ruhunu bütün dünyaya nümayiş etdirdi”.
Bunu "Sherg.az”a açıqlamasında siyasi ekspert Zaur İbrahimli deyib.
Ekspert bildirib ki, aprel döyüşlərinin siyasi-hərbi nəticələri Qarabağ nizamlanmasında, bu prosesə baxışda həm Azərbaycan cəmiyyətində, həm də beynəlxalq miqyasda ciddi dəyişikliklər yaranmasını şərtləndirdi:
"Qarabağ nizamlanması üzrə danışıqlar dalana dirənmişdi və Azərbaycanın status-kvonun dəyişməməsinə nail olmaq üçün qətiyyətli addımlar atmasına ehtiyac yaranmışdı. Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşü və bundan əvvəlki danışıqlar prosesi nümayiş etdirmişdi ki, vasitəçilər tərəfindən Ermənistanın de-fakto qalib tərəf kimi görülməsi və bu mövqedən çıxış edərək, daha çox öz maraqlarını təmin etməyə yönələn həll variantlarını qəbul etdirməyə çalışması yanaşması dəyişməlidir. 
Azərbaycan bunun belə olmadığı və müharibənin bitmədiyini real olaraq nümayiş etdirməliyidi. Azərbaycan illərdir davam edən hərbi ritorikanın günün birində reallğına çevirə bilmək iradəsinə və gücünüə malik olduğunu göstərməliydi. Rəsmi Bakı münaqişənin tamam geriyədönməz şəkildə "soyumadığını” diqqətə çatdırmalıydı. Ermənistana cəmiyyətinə və elitasına mifləşdirilmiş "Ohanyan səddi” və vasitəçilərin "sülhün alternativi yoxdur” bəyanatlarının arxasında daim təhlükəsiz şəkildə gizlənməyin mümkün olmayacağı mesajı verilməliydi”.
Ekspertin sözlərinə görə, modern silahlarla təchiz olunan, hazırlığını gücləndirən Azərbaycan ordusu formada olduğunu göstərməli, gücünü nümayiş etdirməli idi:
"Azərbaycan ordusu döyüş ruhunu, hərbçilərin fədakarlığını göstərməliydi. Ordu öz imtahanını verməliydi. Aprel döyüşləri Ermənistan cəmiyyətində Qarabağ nizamlanmasının perspektivi ilə bağlı ciddi düşünmək, keçilən yolu sərf-nəzər etmək və müharibə təhlükəsinin real olduğunu anlamağa kömək etdi. Bu döyüşlər Ermənistan cəmiyyətinə Qarabağ müharibəsinin davam etdiyini xatırlatdı və yeni müstəvidə müzakirələrə təkan verdi. Aprel döyüşləri Ermənistan cəmiyətində Qarabağ klanının siyasi istebleşmentdə hakim mövqeyini darmadağın etdi. Qarabağ klanının yaratdığı mifləri dağıtdı. Eyni zamanda Azərbaycanı 90-cı illərdə olduğu kimi informasiya blokadasında saxlamaq, təkləməyin mümkün olmayacağını göstərdi. 
Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğalı faktının dünyada qəbul edildiyini nümayiş etdirdi. Erməni cəmiyyəti Qarabağ klanının Ermənistanın hərbi planda məğlubedilməzliyi miflərini dağıtdı. Hərbi planda Azərbaycan ordusunun gücünü görməyə imkan verdi. Bununla əlaqədar bir neçə fakta diqqət çəkmək vacibdir”.
A.İbrahimlinin sözlərinə görə, Azərbaycan aprel əməliyyatları ilə bütün qonşularına da mesaj verdi:
"Azərbaycan cəmiyyəti torpaqların itirilməsi ilə heç bir halda və şərtlərə barışmayacağını anlatdı. Hərbçilərimizin cəsurluğu, rəşadəti də cəmiyyətdəki mübarizə ruhunu təcəssüm etdirdi. Azərbaycan xalqı birlik və bərabərlik, vəhdət nümayiş etdirdi. 
Aprel döyüşlərindəki səhvlər də bir ibrətdir və genişmiqyaslı hərbi əməliyyatlar planlaşdırılması, keçirilməsi üçün lazımı təcrübə əldə emtəyə, səhvləri görməyə imkan verdi. Hər şeyə rəğmən Azərbaycan əsgəri döyüşmək istədiyini, mübarizə ruhunu və vuruşmağı bacardığını göstərdi. Ən vacibi isə budur”.
İsmayıl