Aprel döyüşündən sonra Lavrovla Kerri 4 dəfə telefonla danışıb

Çünki artıq hamı bilir ki, əgər konkret addımlar atılmazsa, böyük miqyaslı müharibə başlaya bilər



Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub. Xarici siyasət idarələrinin rəhbərləri danışıq zamanı Suriya və Ukrayna məsələləri ilə yanaşı, Dağlıq Qarabağdakı vəziyyəti də müzakirə ediblər. Xatırladaq ki, aprelin 2-dən bu yana Lavrov və Kerri arasında 4 dəfə telefon danışığı olub.

Bütün danışıqlarda Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb. Ümumiyyətlə, "dörd günlük” müharibədən sonra Rusiya və ABŞ münaqişənin həlli ilə bağlı səylərini artırıb. Aktiv müzakirələrlə bağlı "Şərq”in suallarını cavablandıran millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirli deyib ki, aprel ayında baş vermiş proseslərdən sonra münaqişənin həlli yeni mərhələyə daxil olub. Ekspertə görə, yeni mərhələnin özəlliyi ondadır ki, artıq həmsədrlər sadəcə quru bəyanatlarla problemin həll edilə bilməyəcəyini, konkret əməli addımlar atmağın zəruri olduğunu anlayırlar: "Əgər konkret addımlar atılmazsa, böyük miqyaslı müharibə başlaya bilər. Bu reallıq fonunda ən çox aktivlik göstərən tərəf Rusiyadır. Heç şübhəsiz ki, Rusiya bu məsələdə öz fəallığını digər həmsədrlərlə də tənzimləyir. Lavrov ilə Kerri arasında qısa zaman içində 4 dəfə telefon danışığının olması və bu danışıqlarda ən çox Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunması mühüm olayların xəbərçisidir”.

Politoloq bildirib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq gündəliyin əsas məsələsinə çevrilib: "Rusiya mətbuatında "Kazan formulu” haqqında yazılar dərc olunur. 2011-ci ildə Kazanda müzakirə olunan məsələlər və Dağlıq Qarabağ ətrafı rayonların geri qaytarılması mövzusu gündəmin əsas məsələsidir. Hətta bir çox ekspertlərin fikrincə, yaxın günlərdə "Kazan formulu”nun 2-ci forması ortaya çıxacaq. May ayının sonuna qədər münaqişənin həlli prosesində həlledici addımlar atıla bilər. Baxmayaraq ki, Ermənistan Prezidenti danışıqlardan imtina etdiyini açıqladı, amma onun xarici işlər naziri prezidentin səhvini dərhal düzəltdi. Onlar çox gözəl bilirlər ki, danışıqlardan imtina etmək nəticə etibarı ilə dünyada təklənməyə gətirib çıxara bilər”. E.Nəsirlinin sözlərinə görə, manipulyasiya ilə məşğul olmaq Ermənistanın axına qarşı üzməyi anlamına gəlib çıxır ki, bu da ciddi fəsadlar verə bilər: "Fikrimcə, Ermənistanın danışıqlar prosesinə qayıtması ehtimalı kifayət qədər böyükdür. Özü də indiki danışıqlar məzmun baxımından əvvəlkilərdən seçiləcək. Nəticəsi olmayan bəyanatlar deyil, konkret hədəflərə söykənmiş addımların şahidi olacağıq”.

İsmayıl