Aqrar sektorda ictimai nəzarət zəifdir

Ona görə fermerlərin götürdükləri kreditlərin taleyi naməlum qalır



Bu ildən etibarən Kənd Təsərrüfatı Nazirliyinin (KTN) xətti ilə fermerlərə 10 mln. manat kredit veriləcək.
KTN yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib ki, artıq həmin məbləğdən 1.5 mln. manatını 40 fermer götürüb: "Ölkənin 20-dən çox rayonundan 40 fermer kredit əldə edib. Bunlar kənd təsərrüfatıyönümlü rayonlardır”.

Fermerlərə kreditlərin verilməsində əsas məqsəd təbii ki, ölkənin kənd təsərrüfatı sahəsinin daha da inkişafına nail olmaqdır. Buna görə də kredit verilərkən faiz dərəcəsinin artırılması deyil, əksinə, azaldılması nəzərdə tutulur.
Əvvəlki illərdə də fermerlərə aqrar kreditlər verilir. Lakin bəzi xoşagəlməz halların baş verməsi, xüsusilə fermerlərin kreditlərdən şəxsi maraqları üçün istifadə etməsi nəzarət mexanizminin daha da güclənməsini tələb etdi.

Maraqlıdır, yeni kreditlərin verilməsi zamanı nəzarət hansı formada olmalıdır ki, kənd təsərrüfatının inkişafına nail olunsun?

Kreditlərin verilməsində nəzarət mexanizminə hər zaman ehtiyac olduğunu deyən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov "Şərq”ə bildirib ki, əvvəlki illərdə aparılan monitorinqlər göstərirdi ki, yalnız kreditlərin istifadəsində deyil, həm də kreditlərin verilməsində şəffaflıq gözlənilmir: "Bir sıra hallarda kreditin verilməsində məsul olan qurum kredit alan şəxsdən əlavə ödənişin verilməsini tələb edir və nəticədə kredit götürən şəxs əlavə, həmçinin qeyri-rəsmi ödəniş etməklə kredit götürmək məcburiyyətində qalır. Bu da kreditlərin şəffaf şəkildə paylaşdırılmasına imkan vermir. Beləliklə fermerin xərci artır, çünki o, əlavə ödəniş edir. Ona görə də sistem təkmilləşməlidir, həmçinin elektron sistemin daha çox təbliğ edilməsinə ehtiyac var.

Bu gün aqrar sektorda ciddi problemlərdən biri ictimai nəzarətin zəif olmasıdır. İctimai nəzarət əsasında şəffaflığı təmin etmək mümkündür, çünki qurum özü fəaliyyətinə birbaşa nəzarət etməklə tam şəffaflığı formalaşdıra bilməz. 

Bunun üçün kənar, o cümlədən ictimai nəzarətin olması lazımdır. Təbii ki, fermerlər öz biznes planlarına uyğun olaraq kredit əldə etməlidir. Bu zaman həmin kreditlərin təyinatı üzrə biznes planda nəzərdə tutulan məbləğin xərclənməsinə nəzarət güclənməlidir ki, kənar istiqamətlərə pullar ayrılmasın. Əgər kreditlər şəffaf şəkildə bölüşdürülməyəcəksə, bu zaman aqrar sektorun təsirləri minimum olacaq. İctimai nəzarət güclü olmalıdır ki, sözügedən kredit aqrar sektorun inkişafına müsbət təsir göstərsin”.

Yeganə Bayramova