Aqrar Xidmətlər Agentliyindən gözləntilər böyükdür

"Agentliyin də yaranması kənd təsərrüfatı sahəsinin daha da stimullaşdırılmasına, inkişaf etdirilməsinə hesablanıb"



Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yaradılması ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən yeni qurum kənd təsərrüfatı sahəsində müvafiq işlərin yerinə yetirilməsi və aqrar sahəyə nəzarəti həyata keçirəcək.

Agentliyin yaradılması optimallaşmanı, çevik və səmərəli idarəetməni təmin edəcək. Həyata keçirilən islahatlar aqrar sektorda innovativ həllərin tətbiqinə imkan verəcək, elektron xidmətlərə keçidi sürətləndirəcək və şəffaflığı daha da artıracaq. İslahatlar nəticəsində aqrar xidmətlərdə vahid standartlar tətbiq olunacaq. Bu addımlar dövlət xidmətlərini fermerlər üçün daha əlçatan edəcək. Xidmətin keyfiyyətinə daim nəzarət olunacaq. Bu xidmətlər Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) vasitəsilə göstəriləcək, Agentlik bu sahədə DAİM-lərin fəaliyyətini əlaqələndirəcək.

Yaradılan yeni qurumla bağlı "Sherg.az”a danışan iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, ümumiyyətlə, 2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində dəyişikliklər baş verdi.

İqtisadçının sözlərinə görə, bu dəyişikliklərdən sonra əvvəlki illərə nisbətən kənd təsərrrüfatı sahəsində müsbət irəliləyişlər oldu:

"Bu baxımdan Agentliyin də yaranması kənd təsərrüfatı sahəsinin daha da stimullaşdırılmasına, inkişaf etdirilməsinə hesablanıb. 

Düşünürəm ki, qısa müddətdə Agentlik hansı niyyətlə yaradılıbsa, müsbət göstəricilər əldə olunacaq və bu sahədə effektivliyin şahidi olacağıq. Yeni qurumun yaradılması qabaqcadan hesablanmış bir tədbirdir. Buna görə də yaxın vaxtlarda kənd təsərrüfatı sahəsində inkişafın şahidi olacağıq”.

Yeganə Bayramova