Arif Hacılı ilə Rauf Arifoğlu davası: Müsavat Partiyasında növbəti istefalar baş verib - YENİLƏNİB

 Müsavat partiyasının sədri Arif Hacılı ilə "Yeni Müavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu arasında baş verən son qalmaqaldan sonra partiyadan növbəti istefalar baş verib.
APA-nın məlumatına görə, qəzetin əməkdaşları, yazar Elşad Paşasoy və baş direktor Ələsgər Süleymanov partiyadan istefa verdiklərini açıqlayıblar.
E. Paşasoy qeyd edib ki, onlar "illər ərzində "Yeni Müsavat”la Müsavat Partiyası arasında fərq qoymayıblar".
R. Arifoğlu özü də partiyanı tərk edəndə onlara seçim etməklə bağlı heç bir təklif irəli sürməyib: "Hətta Arif Hacılının başqanlığı dönəmində də baş redaktor olanlara rəğmən işçiləri qarşısında "Ya Müsavat, ya "Yeni Müsavat” seçimi qoymadı. Ancaq Arif Hacılı son açıqlamaları, Rauf Arifoğluna qarşı davranışları ilə bizi də pis vəziyyətdə qoydu. Bundan sonra susmağımız, olanlara boş verməyimiz ən azı ayıb olar. İnanıram ki, Rauf bəy də mənim qərarıma sayğılı yanaşacaq, hər halda mən 17 illik haqq-salamı, kəsdiyimiz duz-çörəyi unuda bilmərəm, bəzilərindən fərqli olaraq. Partiya rəhbərliyi ilə qəzet arasındakı mövcud münasibətlər səbəbindən 21 ildir üzvü olduğum Müsavat Partiyasının sıralarından istefa verdiyimi bəyan edirəm".
Ələsgər Süleymanov da 21 ildir Müsavat Partiyasının üzvü olduğunu xatırladıb: "Bu günəcən partiyaya minlərlə adamın üzv olduğunun və istefa verdiyinin şahidi olmuşam. Həmişə özüm-özümə sual vermişəm ki, "mən də istefa verə bilərəmmi?, bu qədər yol qət etdiyin, heç nə etməsən belə təəssübünü çəkdiyin, ən azı davranışlarında nəzərə aldığın mənsubluğundan imtina edə bilmək necə mümkündür?" Son dövrlər göstərir ki, bəzən adamı bunu etməyə məcbur buraxırlar. İstefa verib gedənləri indi anlayıram. Müsavat Partiyası buna görə dağılır. Dünəndən gedən məlum müzakirələr bu fikirlərimi yenidən təzələdi. Düşündüm. İstefa bəyanatı vermək istədim. Axı mən Arif Hacılıya görə bu partiyaya üzv yazılmamışam. Odur ki, burdan bəyan edirəm. Nə qədər ki, Arif Hacılı Musavat Partiyasının başqanıdır, məni istefa vermiş saya bilər!”
"Yeni Müsavat" qəzetinin daha bir əməkdaşı Etibar Seyidağa da Müsavat partiyasından istefa verdiyi bəyan edib.
"1995-ci il fevralın 27-dən Müsavat Partiyasının üzvü olmuşam və bununla həmişə qürur duymuşam. Yüzlərlə əqidəli müsavatçı dostları bu müddətdə qazanmışam. Müsavat Partiyasında son başqan seçkilərində bir müsavatçı və jurnalist kimi Arif Hacılının başqanlığını müdafiə etdiyimi hər kəs bilir".
E. Seyidağa Müsavat Partiyasından istefa verdiyini açıqlayıb: "Bu gündən bütün müsavatçı dostlarıma bəyan edirəm ki, İsa Qəmbər Müsavat Partiyasının başqanı postuna qayıdan günədək özümü Müsavat Partiyasının üzvü hesab etmirəm. Bəri başdan bildirirəm ki, kimlərsə düşünməsin ki, bu addımımda işlədiyim "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun təkidi, təklifi rol oynayıb. Hər kəsi əmin edirəm ki, Rauf bəy partiya üzvlüyü məsələsində heç kimə təsir və ya təzyiq göstərmir".