"Artıq Minsk qrupunun mövqeyi bizi maraqlandırmamalıdır"

Fikrət Sadıqov:"Minsk qrupu açıq şəkildə real vəziyyətə göz yumur, hətta bəzən Ermənistanın başından sığallayır, ermənilərin burnunun qanamasına imkan vermir"


"Biz mənfur qonşuların aqressiv siyasətindən uzun illər əziyyət çəkmişik”.

Bunu Sherg.az-a cari ilin payızında planlaşdırılan həmsədrlərin regiona təkrar səfərindən gözləntilərini şərh edərkən politoloq Fikrət Sadıqov deyib. O bildirib ki, Minsk qrupunun həmsədrlərinin regiona səfəri heç bir məna daşımır:

"Onlar indiyə qədər gəlib, gedib neynəyiblər ki, payızda gələndə də addım atsınlar. Onlar açıq şəkildə seyirçi mövqedə dayanıb, hər iki tərəfi eyniləşdirir. Belə təəssürat yaranır ki, Minsk qrupu açıq şəkildə real vəziyyətə göz yumur, hətta bəzən Ermənistanın başından sığallayır, ermənilərin burnunun qanamasına imkan vermir. Minsk qrupunun əsas məqsədi odur ki, tərəfləri sakitləşdirsin, sabitlik yaransın, status-kvo dəyişilməz qalsın.

Biz artıq sübut etmişik ki, mövcud vəziyyətlə heç zaman barışmayacağıq. Son əməliyyatlar, təmas xəttində hərbi təlimlər də bunu sübut etdi. Həmsədrlər isə regiona səfər edib, sadəcə sakitləşdirməyə çalışırlar. Onların regionda olub, olmamasından asılı olmayaraq biz siyasi addımlarımızı hər zaman atmalıyıq.

Füzuli rayonu Alxanlı kəndində baş verən hadisə ilə bağlı güclü informasiya müharibəmizi dünyaya sübut etdik. Hətta bir sıra aparıcı kütləvi informasiya vasitələri, xarici ictimai-siyasi xadimlər bizi dəstəklədi. Sözsüz ki, bu, Ermənistanı narahat etməyə bilməz. Ona görə, biz informasiya maşınımızı fəaliyyətdə saxlamalıyıq və güc vasitəsindən ciddi istifadə etməliyik. Erməni tərəfinə sübut etməliyik ki, torpaqlarımızı azad etməyə qadirik. Minsk qrupunun münaqişə ilə bağlı regiona səfəri, münaqişə işlə maraqlanması, ona hər hansı qiymət verməsi bizi maraqlandırmamalıdır”.

Qeyd edək ki, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, həmsədrlər tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barəsində təklif hər iki ölkənin xarici işlər nazirləri tərəfindən dövlət başçılarına məruzə ediləcək.

Aysel Aslan