Asif Kərimov iddialıdır: Elnarə Abdullayeva bundan sonra toylarsız pul qazanacaq

“Mən istəmirəm Elnarə toylara gedib pul qazansın. Xaricdə sənətçilər konsertlərdən, televiziya proqramlarından necə qonorar əldə edirlərsə, mən də bu iddiadayam ki, Elnarə məhz bu yolla pul qazansın”




Əməkdar artist Elnarə Abdullayevanın ölkənin əsas səhnəsi sayılan Heydər Əliyev adına sarayındakı 3 günlük muğam konsertindən hələ çox danışılacaq.

Xalq artisti Mələkxanım Əyyubovanın, Ağaxan Abdullayevin sözlərinə görə, hələ Heydər Əliyev adına sarayda 3 gün tam anşlaqla muğam konserti ilə çıxış edən xanəndə olmamışdı. "Adətən belə konsertlərə gələn tamaşaçıların sayı daha az olur. Amma Elnarə Abdullayeva hələ çoxlarının dilindən uzun müddət düşməyəcək muğam konserti bir daha sübut etdi ki, əsl sənətkara, güclü səsi olan sənətkarlara hər zaman tələbat və maraq var. Yetər ki, konsert proqramları vermək üçün xanəndələrimiz tərəddüd keçirməsin.

Elnarə Abdullayevanın 3 günlük konsert proqramında xanəndənin musiqi prodüseri və konsertin təşkilatçısı Asif Kərimovun da əməyini mütləq xatırlatmaq lazımdı. 3 gün Elnarə qədər səhnə arxasında Asif Kərimovun da həyəcanını görmək lazım idi.

Konsertdən sonra "Şərq”ə açıqlama verən Asif Kərimov "Mən Elnarənin sənətinin toylarda xərclənməsini istəmirəm. Ötən il verdiyimiz konsertin konsepti fərqli idi. Bu il konkret muğam gecəsi təqdim etmək istədik. Repertuara daxil etdiyimiz muğamlar da çox az müraciət olunan və qəliz qəzəllər idi. Sevinirəm ki, 3 günlük konsert anşlaqla keçdi. Bəlkə çoxları muğam konsertinin 3 gün anşlaqla keçəcəyinə inanmazdılar. Amma Elnarə bunu bacardı. Amma mənim Elnarə ilə bağlı daha böyük iddialarım var. Mən istəmirəm Elnarə toylara gedib pul qazansın. Xaricdə sənətçilər konsertlərdən, televiziya proqramlarından necə qonorar əldə edirlərsə, mən də bu iddiadayam ki, Elnarə məhz bu yolla pul qazansın. Televiziya proqramlarına dəvət olunanda xanəndəyə qonorar ödənsin, konsertlərdən maddiyyat qazansın. Mən Azərbaycan şou-biznesində Elnarə Abdullayeva ilə bu ilkə imza qoyacağıma iddialıyam. Çalışacam ki, bundan sonra konsert proqramlarına gələn mətbuat da maraqlı, eksklüziv məlumatlar əldə etmək üçün Elnarəyə qonorar ödəsinlər, onun konsertindən şəkillər əldə etmək istəyənlər də qonorar ödəsinlər. Elnarə Abdullayeva qərb şou-biznesində olan qaydaları burada tətbiq edəcək sənətkar olacaq!” söylədi.

Tahirə