Assosiasiya bütün müsəlman jurnalistləri birləşdirəcək

Zahir Əzəmət: “Məncə, bu cür strukturlar yalnız islam ölkələrinə qapanaraq qurulmamalıdır”
Anar Niftəliyev: “İnformasiya sahəsində, güclərin birləşdirilməsi və təbliğat yönündə istənilən addım dəyərlidir”

Elşad Məmmədli: "İslam ölkələrinin ziyalıları vahid bir informasiya məkanında birləşərək, ciddi bir müqavimət ortaya qoya bilərlər”

Dilqəm Əhməd: "Yaradılan assosiasiyada təmsil olunan jurnalistlər mühüm vəzifələri üstlənmiş olacaqlar”

(əvvəli ötən sayımızda)

Oktyabrın 3-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransı baş tutub. Konfransı İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov açaraq qurumun fəaliyyəti, qarşıya qoyduğu məqsədlər barədə məlumat verib. Sonra F.Abbasovun İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaranma zərurəti, məqsədi və vəzifələri ilə bağlı məruzəsi dinlənilib.

O qeyd edib ki, regional, dini baxımdan bir çox jurnalist təşkilatları, birlikləri yaradılıb. Bu təşkilatlar əsasən onların öz maraqlarını ifadə edir. Bununla da jurnalist peşəkarlığı, doğru, dəqiq xəbər yayılması ilə bağlı hüquqlar pozulur. Bundan ən çox zərər çəkənlərin isə islam ölkələrinin olduğunu desək, səhv etmərik. İslam ölkələrinə yönələn bu siyasətə qarşı fəaliyyət göstərən, haqq səsini ucaldan media qurumu isə yox dərəcəsindədir.

Sözügedən birliyin mahiyyətindən söz açan Qaynarinfo.az saytının baş redaktoru, yazar Zahir Əzəmət qeyd edib ki, islam ölkələrinin jurnalistlərini birləşdirəcək platforma ilə bağlı bir neçə ildir İƏT daxilində müzakirələr gedirdi. Artıq bu müzakirələr yekun mərhələyə keçid alıb: "Bu təşkilat islam ölkələrinin mediaları arasında qarşılıqlı əlaqələrin güclənməsinə, informasiya mübadiləsinə müsbət təsiri olacaqsa, əhəmiyyəti böyük olar. Amma siyasi məqsədlərə fokuslanacaqsa, çoxsaylı formal təşkilatlardan biri olacaq. Adından da göründüyü kimi, bu, dünya jurnalistlərinin deyil, islam ölkələri jurnalistlərinin, media qurumlarının təmsil olunacağı bir assosiasiyadır. Onda sual yaranır, bu qurum dünya mediasına, xüsusilə də Qərb mediasına necə təsir etməyi düşünür? Bir Qərb oxucusu niyə öz aparıcı medialarına deyil, islam ölkələrinin media qurumlarına müraciət etməlidir? Bu problemi hansı formada həll edəcəklər? Onsuz da istənilən islam ölkəsində bir neçə dildə fəaliyyət göstərən agentliklər, medialar, televiziyalar yetərincədir - yeni formasiyada hansı qeyri-adi yeniliklər ediləcək. Əgər hansısa ortaq yeni media strukturunun yaradılması nəzərdə tutulursa, onu necə dünyanın aparıcı media qurumuna çevirəcəklər? Yenə özümüz yazıb, özümüz oxumayacaqmı? Məncə, bu cür strukturlar yalnız islam ölkələrinə qapanaraq qurulmamalıdır. Qoy dünya mediasında çalışan bütün müsəlman jurnalistləri birləşdirən quruluş yaradılsın. Yeni medialar Qərb ölkələrinin öz içində, öz mərkəzlərində açılmalı və yetərincə azad və müstəqil fəaliyyət göstərməlidir. Bu isə böyük yatırımlar, ciddi və peşəkar yanaşma tələb edir. Bakıda, Tehranda və ya Dubayda hansısa 6 dildə bir sayt açmaqdansa, 6 Qərb ölkəsində ayrı-ayrı 6 böyük və peşəkar media açmaq daha uğurlu variant olar. O zaman islam ölkələrinin Qərbdə hansısa media lobbiçiliyindən danışmaq olar. Bir sözlə, belə məsələlərə siyasətçilər yox, media peşəkarları, hətta lazım gələrsə, Qərb mütəxəssisləri cəlb olunmalıdır”.

Axar.az saytının redaktoru Anar Niftəliyev söyləyib ki, dünyada bir informasiya müharibəsinin getdiyini hiss edirik: "Gündəlik xəbərlərin içərisində olan şəxslər yaxşı bilirlər ki, hətta ABŞ neft qiymətlərinin qalxmasına qarşı da informasiya manipulyasiyasından istifadə edir, birjalara təsir göstərir. Çoxsaylı sübutlar da göstərmək olar. Bu baxımdan informasiya sahəsində, güclərin birləşdirilməsi və təbliğat yönündə istənilən addım dəyərlidir. Əksinə, bu addımlar atılmasa, bu savaşda uduzarıq”.

Tanınmış jurnalist Elşad Məmmədli bildirib ki, uzun illərdir islam dünyasına qarşı basqıların şahidi olmaqdayıq. Bir neçə istiqamət üzrə bu proses baş verməkdədir: "Həm islam ölkələrinin iqtisadi baxımdan zəiflədilməsinin, həm islam dövlətlərində guya demokratiyanın bərqərar olması adı altında həyata keçirilən qanlı proseslərin, həm də informasiya məkanında olan basqıların şahidiyik. Təbii ki, müasir dünyada güclü media ən böyük silahdır. Bu baxımdan İƏT-ə üzv dövlətlərin Jurnalistlər Assosiasiyasının əhəmiyyəti böyükdür. Əgər praktik olaraq bu əməkdaşlıq yüksək səviyyədə baş tutarsa, bu, islam ölkələrinə qarşı qərəzli planların, ikili yanaşmaların qarşısının alınması üçün ciddi təsir vasitəsi ola bilər”.

Həmkarımızın sözlərinə görə, adətən, assosiasiyalar hər hansı bir missiyanı ortaq əməkdaşlıqla, daha güclü təsir imkanları qazanmaq üçün yaradılır: "Bu bir faktdır ki, Qərbdə islamafob meyilləri getdikcə güclənir. Bunun da əsas səbəbi islam ölkələrinin qaragüruha qarşı sağlam mövqelər sərgilənməsinə bir növ marağın və imkanların olmamasıdır. Əgər Qərbdə kortəbii şəkildə hansısa terror şəbəkəsini islamla bağlayırlarsa, islam ölkələrinin aydınları da islamın terrorla heç bir əlaqəsi olmadığına dair sanballı təbliğat materialları yaymalıdır. İslamafob meyilləri tamamilə yox etmək təəssüf ki, mümkün deyil. Çünki bu həm də Qərbin bir siyasətidir və islam dünyasının güclənməsinin qarşısını almağa hesablanıb. Amma islam ölkələrinin ziyalıları vahid bir informasiya məkanında birləşərək, ciddi bir müqavimət ortaya qoya bilərlər. Bu, şübhəsiz ki, həmin neqativ yanaşmaların minimum enməsinə səbəb ola bilər. Bu birliyin ortaq media quruluşunun yaradılması hələ bir müddət öncə təklif edilmişdi və bu təşəbbüsün müəllifi Azərbaycan idi. Təşəbbüs artıq baş tutmaq üzrədir və ortaq saytın idarə edilməsi üçün mükəmməl bir mexanizm hazırlanmalıdır. Burada təkcə sırf islamafob meyillərin aradan qaldırılmasına qarşı çalışmaqla kifayətlənmək də missiyanın hamısı demək deyil. İslam ölkələrinin digər problemlərinin həlli üçün də ortaq mövqelər sərgilənməli və dünyaya müştərək qaydada çatdırılmalıdır. Bu gün biz Azərbaycanın Qarabağ probleminə münasibətdə Qərbin ikili yanaşmasını açıq-aydın görürük. Bu məsələ də həmin birgə media quruluşunun xüsusi diqqət ayırmalı olduğu məsələdir. Əgər islam ölkələri bu məsələyə ciddi yanaşsalar və planlı iş həyata keçirilərsə, təbii ki, həm Azərbaycan, həm də bütün islam ölkələrinin problemlərinin həllinə böyük köməklik göstərə bilər. Qeyd etdiyim kimi, müasir dünyada ən güclü silah mediadır. Bu imkanlardan birgə yararlanmaq isə daha faydalı ola bilər”.

Şair-publisist Dilqəm Əhməd hesab edir ki, islam dünyası ilə bağlı ölkəmizdə informasiya qıtlığı hakimdir: "Azərbaycan İƏT üzvü olsa da, əhalisinin yüksək faizi islam dininə inansa da, islam ölkələrində baş verən hadisələrlə bağlı demək olar ki, ya məlumatımız yoxdur, ya da ki başqa ölkələrin informasiya agentliklərindən bilgi əldə edirik. Bu zaman isə bilginin nə qədər doğru olub-olmaması məsələsi ortaya çıxır. Üstəlik, islam ölkələrinin bəziləri arasında olan anlaşılmazlıq, xüsusilə İranla Səudiyyə Ərəbistanı arasındakı problemlər informasiya siyasətində də özünü göstərir. Bu baxımdan Azərbaycanın da daxil olduğu İƏT ölkələrində baş verən ictimai-siyasi, mədəni hadisələrlə bağlı əhalimizin ana qaynaqlardan məlumatlandırılması vacibdir. O baxımdan yaradılan assosiasiyada təmsil olunan jurnalistlər mühüm vəzifələri üstlənmiş olacaqlar”.

Qərbdə islamafobiyanın güclü olduğunu düşünməyən müsahibimizin fikrincə, sadəcə Suriya müharibəsindən və qaçqın axınından sonra Qərbdə aşırı sağ partiyaların müəyyən faiz yüksəlməsi nəticəsində Avropa xalqlarının kiçik bir qismində və kiçik bir mediada müəyyən islamafobiya meyilləri görünür: "Bunu da təbii qarşılamaq lazımdır. Çünki oradakı qaçqınların bəziləri avropalıların dəyərlərinə artıq qarşı çıxmağa başlayırlar, şəhərin ahəngini pozurlar. Nəzərə alaq ki, İŞİD faktoru da çox önəmlidir. Bu baxımdan assosiasiyanın bu məsələləri həll etməkdə də yardımı olacaq”.

Hazırda islam dünyasının bir parçası olan Türkiyədə fəaliyyət göstərdiyini deyən həmkarımız vurğulayıb ki, Türkiyənin bizimlə həm dil, həm də din eyniliyi olsa da, burada belə Qarabağ məsələsi ilə bağlı bilgilər həddindən artıq zəifdir: "Hətta mənə "Qarabağ məsələsində siz haqlısınız, yoxsa ermənilər” kimi suallar çox ünvanlanır. İndi təsəvvür edin ki, qardaş Türkiyədə belədirsə, İndoneziyada, Malayziyada vəziyyət nə yerdədir. Bu baxımdan Qarabağ məsələsi ilə bağlı böyük bir coğrafiyanı əhatə edən islam dünyasının media quruluşlarında və yaradılan ortaq saytda məlumatların paylaşılması vacibdir”.

Ayyət Əhməd

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb