Astara-Rəşt dəmir yolunun Azərbaycan üçün FAYDALARI - AÇIQLAMA

Vüqar Bayramov: "Azərbaycan və Naxçıvan arasında dəmir yolu xəttinin yenidən bərpası önəmli addım olacaq"


"Azərbaycan və İran arasında dəmir yolu xəttinin genişləndirilməsi və imkanların artırılması iki ölkə arasındakı iqtisadi əməkdaşlığın genişləndirilməsinə xidmət göstərir”.

Bunu "Sherg.az”a Astara-Rəşt dəmir yolunun inşası başa çatdıqdan sonra Naxçıvan-Bakı qatarı işə salınmasının əhəmiyyətini izah edərkən iqtisadçı ekspert - ekspert Vüqar Bayramov deyib. 

O bildirib ki, bundan sonra bölgədə əməkdaşlığın genişləndirilməsi baxımından vacib irəliləyiş gözlənilir:

" "Şimal - Cənub Nəqliyyat Dəhlizi" Azərbaycan, İran və Rusiya arasında dəmir yolu xəttinin birləşdirilməsi, eyni zamanda dəmir yolu xəttinin yaradılmasını özündə ehtiva edir. Bu baxımdan ölkələr arasında əməkdaşlığın güclənməsi nəticə etibarı ilə bölgədə iqtisadi artıma dəstəkdir.

Eyni zamanda gələcəkdə Azərbaycan və Naxçıvan arasında dəmir yolu xəttinin yenidən bərpası önəmli addım olacaq. Ona görə, Astara-Rəşt dəmir yolu xəttinin genişləndirilməsi xüsusi əhəmiyyətli hadisədir”.

Qeyd edək ki, Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat marşrutları çərçivəsində Azərbaycan və İran dəmir yollarının birləşdirilməsinə dair işlərə ölkə Prezidentinin 2015-ci il dekabrın 7-də imzaladığı "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” sərəncamından və 2016-cı il fevralın 23-də İrana səfəri zamanı müqavilələrin imzalanmasından sonra başlanılıb. Görülən tədbirlər nəticəsində, ümumilikdə, 16 km-dən çox dəmir yolunun və Azərbaycan-İran sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğu olan körpünün tikintisi tam yekunlaşdırılıb, bu il martın 3-də ilk sınaq qatarı inşa edilən körpüdən keçərək İran ərazisinə daxil olub.

Aysel Aslan