"Aşura xeyirxah, paylaşmağı sevən insanların həmrəyliyi üçün fürsətdir"






"Aşura mərasimlərinin tarixi qədimdir. Hətta Sovet dövründə belə Aşura günü qeyd edilirdi”.

Bu barədə "Sherg.az”a "Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin sədri, ilahiyyatçı Hacı Şahin Həsənli bildirirb. 

O xatırladıb ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Aşura mərasimləri bütün ölkə boyu rahat qeyd edilməyə başladı:

"İnsanlar məscidlərə gedir, Aşura günü ilə bağlı ayinləri icra edirlər. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il də iclas keçirərək, fətva verdi, Məhərrəm ayının başlanması ilə bağlı məlumat yaydı. Burada da qeyd olunub ki, Aşura günü xeyirxah, paylaşmağı sevən insanların həmrəyliyi üçün fürsətdir. 

Bu gündə xeyriyyə əməlləri etmək lazımdır. Çünki Aşura günündə tarixin ən böyük fədakarlığı baş verib. İmam Hüseyn və silahdaşları insanlıq uğrunda öz canlarını fəda ediblər.

Aşura günündə qanvermə aksiyalarının həyata keçirilməsi məqsədəuyğundur. Təziyə mərasimləri ilə yanaşı məscidlərdə qanvermə aksiyaları da aparılır. Aşurada Qan çıxarmaq istəyən insanların qanvermə aksiyasına qoşulması elə ən münasib yoldur. 

Bu zaman talassemiyadan, digər müxtəlif xəstəliklərdən əziyyət çəkənlərə qan hədiyyə etmək savab əməldir. Bədənə qəsd etmək, özünü yaralayaraq, qan çıxarmaq isə dini nöqteyi-nəzərdən günahdır”.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva verib. Qazılar Şurası bəyan edir ki, hicri 1440-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edəcək.

Aysel Aslan