Lalə Osmanqızı: “O, televiziya verilişlərinin birində demişdi ki, bəlkə də zaman gələcək biz Mətbuat Gününü “Əkinçi”nin ilk sayı işıq üzü gördüyü tarixdə qeyd edəcəyik”
Azərbaycan xalqının qəlbində əbədi qərar tutmuş şəhid jurnalist Osman Mirzəyevin qızı, filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi Lalə Hacıyeva dünən "Şərq”in qonağı oldu. Təbii ki, gəliş "Şərq” redaksiyasında yaradılmış milli mətbuat tarixi qalereyası ilə tanışlıq istəyindən qaynaqlanırdı.

Əliboş da deyildi Lalə xanım. Osman Mirzəyevin şəxsi arxivindən fotolar və görkəmli jurnalistin kabinetində istifadə etdiyi masaüstü qələmlərini hədiyyə gətirmişdi.
Lalə xanıma təşəkkürünü bildirən "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bu hədiyyələrin mətbuat tarixi qalereyasına dəyərli töhfə olduğunu və əvəzsiz eksponat kimi daim qorunacağını bildirdi.
Akif Aşırlı Lalə xanımı mətbuat tarixi qalereyası ilə tanış etdi, toplanmış eksponatlar haqqında ətraflı məlumat verdi. Milli mətbuat tariximizin orijinal nüsxələri, sovet dövrü mətbuatı ilə bağlı eksponatlar Lalə xanımda xoş təəssürat yaratdı.
"Lazımlı, vacib bir iş görürsünüz. Təsəvvür etməzdim ki, bu qədər eksponat toplana bilər. Atamın şəikllərini, qələmlərini redaksiyanıza hədiyyə etməkdə düzgün qərar vermişəm” söyləyən Lalə Hacıyeva müəllifi olduğu "Azərbaycanın rusdilli dövri mətbuatının tarixindən (1871-1918)” kitablarını da (Azərbaycan və rus dillərində) "Şərq”ə hədiyyə etdi.
A.Aşırlı Lalə xanıma dəyərli tədqiqat əsərləri üçün təşəkkür etdi:
- Atanızın yolunu siz övladları davam etdirdiniz.
Lalə Hacıyeva:- Mən elmi iş üzərində işləyərkən Tiflisdə, Peterburqda olmuşdum. Orada Azərbaycan mətbuat tarixi ilə bağlı bir çox arxiv sənədləri ilə tanış olurdum. İndi siz mənə göstərdiyiniz bu və başqa qəzet nüsxələrini mən orada görmüşəm, fotolarını da çəkmişəm. Kaş alıb gətirəydim bura. Siz nə yaxşı iş görüb bu qəzet nüsxələrini əldə etmisiniz. Bunlar bizim mətbuat tariximizin qızıl səhifələridir. Mətbuat tariximizə sahib çıxılması çox vacib, əhəmiyyətlidir. Bilirsiz, hələ 80-ci illərdə Osman Mirzəyev televiziya verilişlərinin birində demişdi ki, bəlkə də zaman gələcək biz Mətbuat Gününü "Əkinçi”nin ilk sayı işıq üzü gördüyü tarixdə - 22 iyulda qeyd edəcəyik. Bu intuisiya idimi, yoxsa vətənpərvər bir insanın qəlbinin arzusu idi, dilə gətirmişdi, bilmirəm, amma atamın arzusu gerçək oldu...
A.Aşırlı:
- Maraqlıdır ki, mərhum Osman müəllim orta məktəbdə ana dilində təhsil alıb, ali məktəbi də ana dilində bitirib, amma rusdilli mətbuatda çalışıb. Əvvəlcə "Molodyej Azerbaydjana” qəzetində, sonra "Vışka”da.
- Həqiqətən də. Atam ana dilində təhsil almışdı, amma sonra rusdilli mətbuatda çalışdı. İnanmaq çətin idi ki, bu insan rus dilini özü öyrənib. O qədər dəqiq, səlis danışırdı ki, rus dilində, ruslar həsəd aparırdılar. Atam çox vətənpərvər idi. Buna görə də "başı ağrıyırdı”. Təsəvvür edin, "Vışka” kimi, məsuliyyət tələb edən bir qəzetdə redaktor vəzifəsində çalışasan, bir tərəfində rus, bir tərəfində yəhudi. Belə şəraitdə işləmək çox çətin idi. Dağlıq Qarabağ münaqişəsi başlayanda atam "Mir tvoyemu domu, brat karabaxets” adlı məqalə ilə çıxış etdi. O məqaləyə görə nə qədər təzyiqlərlə qarşılaşdı... Jurnalistikada hər dövrün çətinlikləri olur, amma sovet dövrü xüsusilə çətin olub milli mətbuat nümayəndələrimiz üçün. Mən öz adımdan sizə təşəkkür edirəm ki, mətbuat tariximizlə bağlı belə vacib və nəsillərə yadigar qalacaq bir işə başlamısınız.

Xatırladaq ki, şəhid jurnalist Osman Mirzəhüseyn oğlu Mirzəyev 13 aprel 1937-ci ildə Bakıda anadan olub. Səbail rayonundakı 190 saylı orta məktəbi bitirib. Hazırda məktəb onun adını daşıyır.
1956-cı ildə ozamankı S.Kirov adına Azərbaycan Dövlət Universitetinin filoloji fakültəsinin jurnalistika şöbəsinə daxil olub. Hələ tələbə ikən o, həmin dövrdə çox populyar olan "Molodyoj Azerbaydjana” qəzeti ilə sıx əməkdaşlıq edib. Ali məktəbi bitirdikdən sonra bu qəzetdə əmək fəaliyyətinə başlayıb. Məsul katib vəzifəsinədək yüksəlib.
1968-1990-cı illərdə "Vışka” qəzetində çalışıb, qəzetin ən mühüm şöbələrindən olan partiya həyatı və təbliğat şöbəsinin müdiri olub. 1978-ci ildə isə redaktor müavini vəzifəsinə təyin edilib.
O.Mirzəyevin peşəkar jurnalist bacarığı təkcə mətbuatda deyil, həm də televiziyada özünü büruzə verirdi. O, Azərbaycan televiziya məkanında ilk bədii-publisistik, ictimai-siyasi "Dalğa” verilişinin yaradıcılarından idi. Bu, Azərbaycanın televiziya məkanında ölkənin siyasi, ictimai, sosial, həmçinin mədəni həyatını əks etdirən ilk ictimai-siyasi verilişlərdən idi. Həftənin cümə günləri axşam saatlarında efirə çıxan "Dalğa” verilişi qısa müddət ərzində ölkənin Azərbaycan, eləcə də rusdilli əhalisi arasında böyük rəğbət qazandı. Azərbaycan və rus dilini mükəmməl bilməsi verilişin hazırlanmasında da köməyinə gəlirdi.
1990-cı ilin sentyabrında Osman Mirzəyev Azərbaycan Respublikası Prezident Aparatının şöbə müdiri vəzifəsinə təyin olunur.20 noyabr, 1991-ci ildə görkəmli jurnalist, yazıçı və publisist bir sıra dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun Xocavənd rayonu yaxınlığında ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub. "Adlarımız”, "Bir dəfə yaşayırıq”, "Damla və göl”, "Qartal uçuşda” kitablarının müəllifidir.
Osman Mirzəyev Azərbaycan milli mətbuat tarixində cəsarətli jurnalist, publisist və yazıçı kimi əbədi qalacaq.
Məlahət Rzayeva