ATƏT-in vasitəçiliyindən birdəfəlik imtina edilməlidir

“Minsk Qrupu çərçivəsində Azərbaycanın maraqları yalnız Türkiyənin iştirakı ilə təmin oluna bilər”



Ermənistan silahlıları tərəfindən işğal olunmuş torpaqlarımızda yaradılmış qanunsuz rejimin təmsilçisi Aşot Qulyan adlı şəxs Fransaya səfər edib.
Aşot Qulyan Ermənistan Respublikasının pasportunu daşısa da, Fransada özünü qondarma rejimin "rəsmi təmsilçisi” kimi qələmə verib. Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransanın separatçıya qucaq açmasını və görüşlərə şərait yaratmasını kəskin tənqid edib. XİN-in mətbuat sözçüsü Hikmət Hacıyev deyib ki, Fransa tərəfindən Aşot Qulyanın səfərinin qarşısının alınması üçün heç bir tədbir görülməyib. H.Hacıyev Azərbaycanın Fransadakı səfirliyi tərəfindən Parisə nota təqdim ediləcəyini söyləyib. Məlumdur ki, Fransanın separatçı erməniləri qəbul etməsi ilk deyil. Bu kimi səfərlərin sistematik hal alması və Fransa ərazisinin qondarma rejimin təbliğat məntəqəsinə çevrilməsi rəsmi Parisin qərəzsizliyi barədə ciddi suallar doğurur. Fransanın ermənipərəst addımları Azərbaycan ictimaiyyətində əsaslı şübhə yaradır.

Ağ Partiya başqanı, politoloq Tural Abbaslının sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri dəyişdirilməlidir. Onun sözlərinə görə, bu missiya fəaliyyətə başlayandan bu yana bitərəf mövqe tutmayıb və gələcəkdə də tutması ehtimalı azdır: "Ağ Partiya olaraq təklif etmişdik ki, Türkiyə həmsədrlər siyahısına əlavə edilsin. Minsk Qrupu çərçivəsində Azərbaycanın maraqları yalnız Türkiyənin iştirakı ilə təmin oluna bilər. Bu gün nə Amerika, nə Rusiya, nə də Fransa Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Tam əksinə, hər məqamda işğalçı Ermənistanın maraqlarına xidmət edirlər. Azərbaycan hökuməti ya ATƏT-in vasitəçiliyindən birdəfəlik imtina etməli, ya da Türkiyənin bu qrup daxilindəki rolunun artırılmasına nail olmalıdır. Onsuz da, Minsk Qrupu uzun illərdir münaqişənin həlli istiqamətində heç bir irəliləyiş əldə edə bilməyib. Həmsədrlər Bakı və İrəvana turist səfərləri etməkdən o tərəfə keçməyiblər”.

İsmayıl