Atılmış sağlam uşaqlar körpələr evinə yerləşdirilir

"Çünki övladlığa uşaq götürmək üçün növbədə gözləyən nə qədər ailə var"




"Son üç ay ərzində mərkəzin doğum şöbəsində 522 hamilə qeydə alınıb. Onlardan 472 nəfəri təbii doğuş, 145 nəfəri isə qeysəriyyə üsulu ilə cərrahi doğuş keçirib". Bu barədə Şəki Regional Perinatal Mərkəzin direktoru Ruziyyə Hüseynova məlumat verib.

Direktorun sözlərinə görə, Şəki Regional Perinatal Mərkəzində qəbul şöbəsi az xəstəxanalarda rast gəlinən filtr şəkilli sistemlə qurulub: "Regionlardan həkim göndərişi ilə mərkəzə müraciət edən hamilələr qəbul şöbəsinə daxil olduqdan sonra ana bətnində dölün ürəyinin kardioqraması çıxarılır, xarici və daxili müayinələr aparıldıqdan sonra isə doğum şöbəsinə yola salınır.
Mərkəzin yenidoğulmuşlar şöbəsinə son üç ay ərzində cəmi 488 körpə daxil olub, onlardan doqquzu əkiz doğulub. 55 yenidoğulmuş isə reanimasiya şöbəsində müalicə alır. Başqa rayonlardan isə mərkəzə 37 anasız yenidoğulmuş gətirilib.

Mərkəzin intensiv terapiya şöbəsində hazırda yeddi yenidoğulmuş körpə müalicə alır. Aralarında əkiz körpələrin də olduğu şöbədə ən az çəkili uşaq 1,4 kq-dır. Əkizlərdən birinin çəkisi az olduğundan onu həyatda saxlamaq mümkün olmayıb”.

Mərkəzə gətirilən körpələrin sonrakı həyatının necə olacağı ilə bağlı fikirlərini "Şərq”lə bölüşən Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadənin sözlərinə görə, hər il ölkəmizdə 70-100 uşağın atılması faktı olur:

 "İlk olaraq xəstəxanaya yerləşdirilən uşaqların səhhəti yoxlanılır və problemlər aradan qaldırılır. Uşaqlarda patalogiya və qüsurlar varsa, uzunmüddətli müalicələr aparılır. Bundan sonra körpələr müvafiq qurumlara istiqamətləndirilir. Sağlam uşaqlar olduqda körpələr evinə yerləşdirilir. Çünki övladlığa uşaq götürmək üçün növbədə gözləyən nə qədər ailə var. Beləliklə, uşaqlar müəyyən qaydalara əsasən ailələrə övladlığa verilirlər”.

Yeganə Bayramova