“Atılmış uşaq” Ukraynada özünü doğrultmalıdır”
“Saakaşvilinin bacarıqsızlığı bütövlükdə Ukrayna və Poroşenkonun uğursuzluğu olacaq”
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bir müddətdir ki, Ukrayna dövlət başçısı Petro Poroşenkonun əmri ilə bu ölkənin Odessa vilayətinin qubernatoru təyin olunub. Gürcü siyasətçi sözügedən posta gətirilən andan həmin vilayətdə korrupsiya və rüşətxorluğa qarşı mübarizəyə başlayıb. Son 6 gün ərzində artıq bir neçə qurum sədri qanunsuzluq və rüşvətxorluqda ittiham olunaraq həbsə alınıb. Buna misal olaraq Odessada rüşvətə görə saxlanılan komissar və başqalarını göstərə bilərik.
Şübhəsiz ki, gürcü əsilli bir diplomatın Ukraynadakı proseslərə əl qatmasını əksər Ukrayna vətəndaşı təqdir edir. Buna rəğmən oradakı bəzi dairə və qüvvələr keçmiş prezidentin fəaliyyətini ciddiyə almayıb, onu "atılmış uşaq” adlandırırlar. Qubernator isə bu cür mühakimələrə məhəl qoymadan qeyd edib ki, hökumət korrupsiya ilə mübarizədə təşəbbüsü öz əlinə alsa, xalq hökumətin tərəfində olacaq. Və sosial bazaya qarşı getmək müşkülə çevriləcək: "Əlbəttə, müəyyən cəhdlər olacaq. Lakin biz bunun necə işlədiyini bilirik. İnsanlar düzgün
istiqamətdə hərəkət etdiyimizi hiss etsələr, bizi dəstəkləyəcəklər”. Məlumat üçün bildirək ki, Mixail Saakaşvili 2003-cü ilin oktyabrında Gürcüstanda baş vermiş "qızılgül inqilabı”nın əsas ideya müəllifi olub. 15 yanvar 2004-cü il tarixində prezident seçkilərinin nəticələrinə əsasən Gürcüstan Respublikasının Prezidenti seçilib. 5 yanvar 2008-ci ildə növbədənkənar seçkilərdə yenidən qələbə qazanaraq, növbəti dəfə dövlət başçısı seçilib. O, 2013-cü ildə prezidentlik vəzifəsini başa çatdırıb. Ardınca bir müddət Avropa və ABŞ-da hüquq sahəsində çalışdıqdan sonra Ukraynaya yollanıb. 2014-2015 Ukrayna siyasi mühitində mühüm rollardan birini oynayan M.Saakaşvili Petro Poroşenko tərəfindən Odessa vilayətinin qubernatoru təyin edilib.
Saakaşvilinin bundan sonrakı fəaliyyətini dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu "Şərq”ə açıqlamasında qeyd edib ki, onun qubernator təyin olunması çox vacib məsələ idi. Ekspertin sözlərinə görə, sabiq prezident P.Poroşenkonun müşaviri kimi real nəticələr əldə etmədi: "Həmin müddət ona müəyyən vəzifələr təklif edilirdi. Amma razılaşmırdı. Niyə? Çünki gərək onda Ukrayna vətəndaşlığını qəbul edəydi. O da bu vətəndaşlığı qəbul etmək istəmirdi. Gürcüstana qayıtmaq iddiaları vardı. Amma son günlər Gürcüstanda çox maraqlı hadisələr yaşandı. Saakaşvilinin partiyası da parçalandı. Yəqin o anladı ki, indiki məqamda Gürcüstan qayıdıb, aktiv siyasətlə məşğul ola bilməyəcək. Bu səbəbdən Poroşenkonun təklifi ilə razılaşdı. Həm Ukrayna vətəndaşlığını qəbul etdi, həm də Odessaya qubernator təyin olundu. Odessa sıradan bir vilayət deyil. Çox önəmli strateji əhəmiyyətə malikdir. Liman şəhəridir. Qara dənizə çıxışı var”.
Bununla yanaşı, politoloq söyləyib ki, Saakaşvilinin qubernatorluğu onun üçün çox çətin bir sınaq olacaq: "Burada geosiyasi amillər də var. Saakaşvili bu vəzifədə uğur qazansa, Odessada islahatlar aparsa, insanların sosial rifahını yaxşıladırsa, bu, Moskvaya zərbə olacaq. Çünki Moskva separatizmi Ukraynanın mərkəzinə doğru irəlilətmək istəyir. Odessada isə Rusiyameyilli separatçılar mövcuddur. İnsanların rifah halı yüksəlsə, korrupsiyanın kökü kəsilsə, Odessada separatizm azalacaq. Bu da Rusiyanın maraqlarına uyğun deyil. Saakaşvili mütərəqqi islahatları Kremlin Ukraynanın mərkəzinə doğru ekspansiyasının qarşısını ala bilər. Saakaşvili uğursuzluğa düçar olsa, bu, Poroşenkonun məğlubiyyəti olacaq. Onda da Poroşenkodan soruşacaqlar ki, sən onu niyə qurbernator təyin etdin. Bu baxımdan düşünürəm ki, Saakaşvilinin üzərinə çox böyük məsuliyyət düşür”.
E.Şahinoğlunun qənaətincə, Saakaşvili korrupsiyaya qarşı mübarizəyə dair Gürcüstanda qazandığı uğurları Odessada təkrarlaya bilər: "Amma bir daha təkrar edirəm. Saakaşvilinin müvəffəqiyyət qazanmaqdan başqa yolu yoxdur. Saakaşvilinin bacarıqsızlığı bütövlükdə Ukrayna və Poroşenkonun uğursuzluğu olacaq”.
Eks-prezidentin Gürcüstana yenidən qayıtmasına gəlincə, ekspert bildirib ki, o, öz ölkəsinə qayıdarsa, onu həbs təhlükəsi gözləyir: "Amma hadisələrin gedişatını bilmək olmaz. Gürcüstanda elə bir proseslər başlaya bilər ki, vətəndaşlar Saakaşvilinin qayıtması tələbi ilə mitinqlərə başlaya bilərlər. Onda Saakaşvili yenidən qayıda bilər. Hətta onu bir müddətdən sonra Gürcüstan prezidenti kimi də görə bilərik. Hər halda islahatları ölkəsinə uğur gətirmişdi. Belə bir variant var ki, yaxın perspektivdə Gürcüstandakı proseslərin gedişatından asılı olaraq Saakaşvili yenidən öz ölkəsinə qayıdıb, aktiv siyasətə başlaya bilər”.
Saakaşvilinin "atılmış uşaq” adlandırılmasına diqqət çəkən E.Şahinoğlu vurğulayıb ki, onun prezidentlikdən getməsi hamımızın gözü önündə baş verdi: "Ölkə parlament seçkilərinə gedirdi. Həmin vaxt çoxları belə ehtimal irəli sürürdü ki, onun partiyası qələbə çalacaq. Saakaşvili isə Konstitusiyaya görə, namizədliyini 3-cü dəfə irəli sürə bilməzdi. Öz namizədi vardı. Amma seçkilərə bir neçə gün qalmış videokasetlər yayıldı ki, türmələrdə insanlara işgəncə verirlər. Həmin kadrlar öz təsirini göstərdi. Bu da Saakaşviliyə qarşı hazırlanmış anti-təbliğat idi. Qeyd etdiyim hadisəyə qədər onun ölkə daxilindəki nüfuzu güclü idi. Amma həmin görüntülər yayıldıqdan sonra insanlarda Saakaşviliyə qarşı qəzəb və nifrət oyandı. Seçkilərdə Saakaşviliyə deyil, ona müxalif olanlara səs verdilər. Sabiq lider isə başa düşdü ki, hakimiyyətə gələn qüvvələr ondan intiqam almaq istəyir. Bu səbəbdən ölkəsini tərk etməyə vadar oldu”.
Ayyət Əhməd