“Auditor təşkilatlara ciddi nəzarət olmalıdır”

“Yeni mexanizmlər tətbiq edilməlidir ki, auditor işinin keyfiyyəti artsın”




Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib ki, bəzi sərbəst auditorlar ciddi nöqsanlara yol verirlər. Sədrin sözlərinə görə, qlobal səviyyədə yaranmış yeni şəraitdə bank dələduzluğunu, müxtəlif maliyyə fırıldaqlarını həyata keçirmək və onu gizlətmək daha asandır: "Hazırda cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi ilə məşğul olmaq çox asanlaşıb.

Problemə qarşı mübarizənin gücləndirilməsi zərurəti maliyyə bazarları subyektlərində, o cümlədən banklarda, sığorta şirkətlərində aktuallığını qoruyur”. V.Novruzovun sözlərinə görə, əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi hər bir ölkənin milli və iqtisadi təhlükəsinə ciddi zərbə vurur: "Təəssüf hissi ilə qeyd edirəm ki, bəzi sərbəst auditor təşkilatları və auditorlar bu sahədə ciddi nöqsanlara yol verməkdədirlər. Bu isə nəticədə auditə ictimai etimadın azalmasına səbəb olur”. 

İradlarla bağlı "Şərq”ə açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, auditor təşkilatlara ciddi nəzarət olmalıdır: 

"Auditor fəaliyyəti və audit qiymətləndirmə çox vacib məqamdır. Bəzi hallarda audit qiymətləndirməsi şirkətlərdə yayınmaların və korrupsiya hallarının ört-basdır edilməsinə gətirib çıxara bilir. Buna görə də audit fəaliyyətin gücləndirilməsi və bu fəaliyyətə nəzarətin həyata keçirilməsi olduqca zəruridir. Xüsusən, sərbəst auditor təşkilatların işi nəzarət altında olmalıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda audit fəaliyyət nisbətən yeni hesab olunur. Ona görə də zamanla bu tipli problemlər ortaya çıxır. Razıyam ki, bəzi hallarda auditorlar çirkli pulların yuyulmasını ört-basdır edirlər. O baxımdan yeni mexanizmlər tətbiq edilməlidir ki, auditor işinin keyfiyyəti artsın. Eyni zamanda çirkli pulların yuyulmasının və korrupsiya hallarının ört-basdır edilməsində auditorların rolu minimuma endirilsin”.

İsmayıl