"Avropa İttifaqı ilə inteqrasiya prosesi sürətlənir"



Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında bağlanacaq yeni saziş əlaqələrin genişlənməsinə şərait yaradacaq.

Bunu Sherg.az-a Avropa İttifaqı Şurasının Azərbaycana mandat verməsinin üstünlüklərindən danışarkən politoloq Elşad Mirbəşir vurğulayıb. 

Ekspert bildirib ki, danışıqların yekununda Azərbaycan və Aİ arasında yeni razılaşmanın baş tutacağı güman edilir: 

"Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropa strukturlarına inteqrasiya məsələsini öz xarici siyasətinin prioriteti kimi müəyyən edib. Burada Avropa strukturları ilə siyasi və iqtisadi inteqrasiyadan söhbət gedir. Hər şeydən öncə nəzərə almaq lazımdır ki, postsovet ölkələrinin iqtisadiyyatının dirçəlməsi üçün Avropa ilə əməkdaşlıq olduqca vacib əhəmiyyət kəsb edirdi. Ümumiyyətlə, postsovet ölkələri ilə inteqrasiya məsələsinə ciddi diqqət edilirdi. Həmin dövrdən başlayaraq Aİ ilə Azərbaycan arasında inteqrasiya prosesi sürətləndi. Hazırkı mandat 1996-cı ilin 22 aprelində imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq (TƏS) sazişinin növbəti mərhələsidir".

Aİ-nin müəyyənləşdirdiyi mandatın mahiyyətindən danışan E.Mirbəşir əlavə edib ki, Azərbaycan və Aİ arasında maraqların uzlaşdırılması, inteqrasiya prosesində səmərəliliyin artırılması istiqamətində həmin sazişin önəmi böyük olacaq: 

"Bununla həmin strukturlar və Avropa dövlətləri adından Avropa komissarının Azərbaycanla danışıqlar aparmaq imkanı daha asanlaşır. Burada ayrı-ayrı ölkələr Azərbaycanla razılaşdırılacaq məsələlər haqqında müzakirələr aparmayacaq.Artıq həmin subyekt bu ümumiləşməni təmin edəcək. Məqsəd ondan ibarətdir ki, Azərbaycanla Aİ arasında yeni razılaşma layihəsinin hazırlanması sürətlənsin. Bir sıra postsovet ölkələri və Aİ arasında assosiativ müqavilələr imzalanıb. İttifaq Azərbaycanla da belə müqavilələr imzalamaqda maraqlıdır. Prosesin daha asan şəkildə aparılması üçün mandat verilməsi ön plana çəkilib”.

Qeyd edək ki, ötən ilin mayında Riqada keçirilən Şərq Tərəfdaşlığı sammitində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Aİ ilə yeni əməkdaşlıq üçün layihə təqdim edib. Bu istiqamətdə danışıqlara başlamaq üçün ötən gün Avropa İttifaqı Şurası Avropa Komissiyasına və Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsinə mandat verib.

Aysel Aslan